Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:56

Kəndlilər Tolstoya həyatı başa salıb


L.Tolstoy
L.Tolstoy

The Daily Telegraph

Lev Tolstoyun məşhur «Hərb və sülh» romanı həm də ordu hissələrinin küçədə addımlamasının uzun təsvirləri ilə yadda qalır. Çoxlarınız bəlkə də romanın ilk cümləsinin «məşhur romanlar arasında ən pis açılış cümləsi» sayıldığını bilmirsiniz.

Yazıçının digər tanınmış romanı - «Anna Karenina»da olduğu kimi, «Hərb və sülh»ün də həcmi və uzunluğu onun ədəbi şedevr olmasını əngəlləməyib.

«Hərb və sülh» 1805-ci ilin yayından 1812-ci ildə Fransa ordusunun Rusiyaya dağıdıcı hücumuna qədərki dövrün xronologiyasını əks etdirir. Romanda bundan başqa, çar Rusiyasının yavaş-yavaş çökməsi də yer alıb. 1200-səhifəlik romanın tam oxunması üçün azı 60 saat vaxt tələb olunduğu deyilir.

864-səhifəlik «Anna Karenina» daha yüngül oxunan kitabdır. Onun ilk cümləsi ədəbiyyat dünyasında ən cəlbedici açılış cümlələrindən biri sayılır: «Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir».

Kitabın ideyasını sevmək

Lev Tolstoy düz 190 il öncə Moskvadan cənubda yerləşən Tulada zəngin zadəgan ailəsində doğulub. O, 1877-ci il martın 2-də həyat yoldaşı Sonyaya bu sözləri yazıb: «Kitabın yaxşı olması üçün siz onun əsas, fundamental ideyasını sevməlisiniz. «Anna Karenina»da mən ailə ideyasını sevdim».

Tolstoy təkcə ədəbi şedevrlər yaratmayıb. O, həm də geniş ictimaiyyətə az bəlli olan maraqlı işlər görüb. Məsələn, millətçi qarşıdurmaların qeyri-zorakı yolla həllini ilk dəstəkləyənlərdən biri olub. Onun bu baxışlarına öz ölkəsində əhəmiyyət verilməsə də, Hindistanın müstəqillik uğrunda mübarizəsinin lideri Mahatma Qandiyə təsir edib.

L.Tolstoy xanımı Sofiya ilə məzuniyyətdə
L.Tolstoy xanımı Sofiya ilə məzuniyyətdə

Tolstoy Həzrət İsanın sözlərinə fikir bildirərkən müasir kilsənin inanca zidd olmasından gileylənib: «Biz kilsənin öz iddialarından başqa heç yerdə və heç nədə Allah və ya Məsihin… kilsə qurduğunu görə bilmərik».

1828-ci ildə rus pravoslav ailəsində doğulan yazıçı 1863-1869-cu illər arasında «Hərb və sülh» romanını yazandan sonra mövcudiyyət böhranı yaşayıb. Həyatın fənalığı, ölümün qaçılmazlığı haqda fikirlər ona hakim kəsilib. Ölümdən qorxmasa da, həyatın mənasızlığından qorxmağa başlayıb.

1873-1877-ci illər arasında «Anna Karenina»nı yazandan sonra Tolstoy həyatın mənasını böyük alim və mütəfəkkirlərdə, elm, din və fəlsəfədə axtarıb. Bu da nəticəsiz qalanda o, intihar haqda düşünməyə başlayıb. Onu kəndlilərin həyatını izləmək həyata qaytarıb. Tolstoy kəndlilərin ölümə tamamilə sakit yanaşdıqlarını görüb. O belə nəticəyə gəlib ki, bu barışma onların inancından qaynaqlanır. Bu səbəbdən yazıçı həyatın mənasını tapacağına ümid edərək yeni bir həvəslə İncili öyrənməyə başlayıb.

Məsihə inanan, kilsə doktrinasını qəbul etməyən yazıçı

1884-cü ildə o, «Mən nəyə inanıram» adlı kitab yazıb. «Burada inancım haqda səmimi açıqlama vermişəm. Məsihə inamımı təsdiqləyən zaman xristianlıq adlı kilsə doktrinasına inanmamağımın və onu yanlış saymağımın səbəblərini də izah etmişəm», – yazıçı öz qeydlərində göstərir.

Bu qeydlər Tolstoyun «Tanrının varlığı içimizdədir» adlı kitabında yer alıb. Bu kitab 1894-cü ildə Almaniyada nəşr olunduqdan sonra Rusiyada yasaqlanıb. Burada Tolstoy hökumətlərə təzyiq və yanlış inancların vurduğu ziyandan bəhs edir.

Tolstoyun ilk çap olunmuş əsəri «Uşaqlıq» adlı avtobioqrafik kitabıdır. Yazıçı onu 1852-ci ildə yazıb. Bundan sonra o, 1854-55-ci illərdə əsgər qismində Krım müharibəsinə qatılıb və burada amansız qırğınların şahidi olub. Bu dövrdə o, «Yeniyetməlik» romanını yazıb.

1856-cı ildə qardaşı Dmitri vərəm xəstəliyindən dünyasını dəyişir. 1857-ci ildə isə yazıçı Parisdə bir nəfərin gilyotinlə edamının şahidi olur. Bundan sonra o, ölüm hökmünə qarşı çıxır. Daha sonra, 13 övladından 5-i 10 yaşına çatmamış tələf olur. Tolstoy 1886-cı ildə yazdığı «İvan İliçin olümü» adlı novellasında ölümə «baş çəkir». Bu novellada ölümcül xəstəliyə düçar olmuş, müəyyən var-dövləti olan, uğurlu həyat sürən rus hakimin ömrünün son aylarından söz açılır.

Tolstoy 1910-cu il noyabrın 7-də 82 yaşında pnevmoniyadan vəfat edib. Yazıçı Yasnaya Polyanadakı ailə mülkünü 48 illik həyat yoldaşı Sonyanın ümidinə qoyaraq dünyadan köçüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG