Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:28

Qoşqar Təhməzli: ‘Kənd məhsulları zərərvericilərə görə qaytarılıb’


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyaya göndərilən kənd təsərrüfatı məhsullarının “zərərvericilərə yoluxması ilə əlaqədar” geri qaytarıldığını etiraf edir.

Həmin məhsulların “zərərvericilərə qarşı müvafiq fitosanitar tədbirlərdən” sonra ixrac olunduğu bildirilir. Bu haqda AQTA rəhbəri Qoşqar Təhməzlinin adından mediaya təqdim olunan açıqlamada belə deyilir.

Son günlər bəzi Rusiya KİV-ləri, rəsmilərə istinadla, Azərbaycanın kənd təsərrüfatı məhsullarının sərhəddən geri qaytarılması haqqında məlumat yayıb. Rusiya tərəf həmin məhsulların zərərvericilərə yoluxduğunu, ziyanlı olduğunu iddia edir.

AzadlıqRadiosu bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinə üz tutub. Agentlik qurumun sədri Qoşqar Təhməzlinin adından KİV-ə verilən açıqlamanı təqdim edib.

“Bu, ixrac olunan məhsulların cəmi 0,03 faizidir”

Həmin açıqlamada yayılan məlumatların həqiqəti əks etdirmədiyi, bu il yanvarın 1-dən indiyədək təxminən 319 min 764 ton kənd təsərrüfatı məhsulunun ixrac olunduğu və onlardan cəmi 5 nəqliyyat vasitəsində daşınanların geri qaytarıldığı deyilir:

“Geri qaytarılanlar pomidor, gilas və tütün məhsullarıdır. Bu, ixrac olunan məhsulların cəmi 0,03 faizini təşkil edir”.

Nəqliyyat vasitələrindən ikisinin sənədləşmədə olan problemlər, üçününsə kənd təsərrüfatı məhsullarının zərərvericilərlə yoluxması ilə əlaqədar geri qaytarıldığı bildirilir.

“Həmin məhsulların heç birinin toksikoloji göstəricilərində nöqsanlar aşkar edilməyib və bu, bitkiçilik təsərrüfatlarında aqrokimyəvi vasitələrin, pestisid və bitki zərərvericilərinə qarşı tətbiq edilən vasitələrin düzgün həyata keçirildiyini göstərir”, - Qoşqar Təhməzlinin adından təqdim olunan açıqlamada belə deyilir.

Geri qaytarılan 2 nəqliyyat vasitəsinin sənədlərində olan problemlərin aradan qaldırıldığı, nəqliyyat vasitəsindəki kənd təsərrüfatı məhsullarının zərərvericilərə qarşı müvafiq fitosanitar tədbirlərdən sonra ixrac olunduğu bildirilir.

“Azərbaycan tərəf, sadəcə, sonuncu faktla bağlı açıqlama verir”

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli fitosanitar tədbirlər zamanı maşınların dezinfeksiya edildiyini, zərərvericilər aşkar olunan qabların götürüldüyünü deyir. Zərərsizləşdirmə aparılarkən həmin məhsulların ixracını mümkün sayan ekspert bir başqa məqama diqqət çəkir:

“İş burasındadır ki, Rusiya Azərbaycana son aylarda 1300 tondan çox meyvə-tərəvəz qaytarıb. Bu, böyük rəqəmdir. İndiyədək belə hal baş verməyib".

AQTA yarandığı halda məhsullar daha ciddi yoxlanmalı və zərərvericilər, xəstəlik törədiciləri olmamalı idi. Rusiya isə iddia edir ki, 66 belə fakt aşkarlayıb. Onda belə çıxır ki, orta hesabla son yarım ildə hər ayda 11 belə fakt aşkarlanıb. Azərbaycan tərəfsə, sadəcə, sonuncu faktla bağlı açıqlama verir”.

Vahid Məhərrəmlinin söylədiyinə görə, ölkədə ziyanvericilərə qarşı mübarizə tədbirləri aparılmır, bu da xəstəliklərin yayılmasına yol açır. O, daxili bazarda nəzarətin olmadığını, “qurdlu meyvələrin” satıldığını bildirir.

“Xaricə göndərilən məhsula nəzarət yoxdursa, daxildə nəzarətdən danışmaq mümkün deyil”, - ekspert fikrini belə yükunlaşdırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG