Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Kürdəmirdə bağça ətrafında antisanitariya


6 saylı körpələr evi-uşaq bağçası
6 saylı körpələr evi-uşaq bağçası

«Rayonun mərkəzindəki bu bağçadan kimsənin xəbəri yoxdur. Sovet dövründən qalma tikililər bir ucdan dağılıb gedir. Təmir üçün ayrılan vəsait hara gedir, nəyə sərf olunur- bunu bilən yoxdur. Müəssisənin həyəti isə zibilxanadır. Zibil və üfunətə görə uşaqlar həyətdə oynaya bilmir. İnanın, hər gün uşağı aparıb-gətirəndə qoxudan ürəyim ağzıma gəlir».

Bunu övladı Kürdəmir şəhərindəki M.Ə.Sabir adına 6 saylı körpələr evi-uşaq bağçasında tərbiyə alan, adının açıqlanmasını istəməyən valideyn deyir. Onun sözlərinə görə, bağça binasının dam örtüyünün zədələnmiş hissəsi valideynlərin köməyi ilə təmir edilib. Həmsöhbətimiz uşağını bu bağçaya çarəsizlikdən qoyduğunu bildirir: «Bura uşaq qoyan valideynlərin əksəriyyəti işləyənlərdir. Uşağı nə evdə tək qoymaq olur, nə də iş yerinə aparmaq. Rayonda bağça azdır, hamısında da sıxlıqdır. Gözləyirik ki, düzələr, amma bunun əksi olur: bağça dağılıb gedir».

«Bağçanın hər yanı açıqdır deyə...»

M.Ə.Sabir adına 6 saylı uşaq bağçası-körpələr evinin müdiri Günay Qarayeva zibil yığınının bağçanın həyətində yox, ona yaxın yerdə olduğunu deyir:

Zibil yığını
Zibil yığını

«Zibil yaxınlıqda yaşayan sakinlər tərəfindən atılır. Ora böyük qutu qoyulub. Amma adamlar zibili yaxınlaşıb qutuya atmır, uzaqdan hara gəldi tullayırlar. Ətrafda yaşayış evləri, kommersiya obyektləri və dəmiryolu müəssisəsi yerləşir. Lap əvvəldən bağça üçün ayrılmış ərazi daş barı və ya dəmir torla əhatələnməyib. Buna görə onun həyətindən əhali gediş-gəliş yolu kimi istifadə edir...».

Bağça müdiri bağçadakı şəraitsizliklə bağlı deyilənlərlə bir elə razılaşmır.

Digər bağçaya da sığınacaq verilib

Bununla belə, o deyir ki, binanın əsaslı təmiri, yaxud onun sökülərək yerində yeni bina tikilməyi ilə bağlı onlar da aidiyyəti dövlət orqanlarına müraciət ediblər: «Bu müddətdə dəmir yolu idarəsinin balansında olan 9 saylı bağça binası qəzalı vəziyyətə düşdü. Bizim binadan onlara müvəqqəti sığınacaq verilib. O bağçada da 40 uşaq var. Əvvəldən nə qalıbsa, biz onları güclə qoruyub saxlayırıq...».

İcra nümayəndəsi: «Zibil adı ilə nə axtarırsınız?»

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Kürdəmir şəhəri üzrə nümayəndəsi İlqar Salmanov isə bağça ətrafında antisanitariya vəziyyətinin yaranması ilə bağlı deyilənlərlə razılaşmır: «Şəhər ərazisində əhalinin məişət tullantılarını atmağına ehtiyac olan bütün yerlərə zibil qutuları qoyulub. Həmin qutulara toplanan zibil də kənara daşınır. Mən bilmirəm, siz zibil adı ilə nə axtarırsınız? Niyə işimizə kölgə salmaq istəyirsiniz...».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG