Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:06

'Kölgələr günorta sürünür'. Ekspertlərdən prezidentə cavab


Prezident İ.Əliyev konfransda çıxış edir. 3 fevral 2020
Prezident İ.Əliyev konfransda çıxış edir. 3 fevral 2020

Bu il fevralın 3-də «Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı İlham Əliyev kölgə iqtisadiyyatı ilə mübarizədən də bəhs edib.

Prezident deyib ki, kölgə iqtisadiyyatına son qoyulmalıdır: «Dövlət, mərkəzi icra orqanlarımız xüsusi anlayış göstərərək bu prosesi tədricən edirlər. Çünki bu işi görənlər onilliklər ərzində, sovet dövründə də, müstəqillik dövründə də belə işləyiblər, öyrəşiblər. Ona görə buna son qoyulmalıdır. Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam, çox sadə».

«Bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır»

Dövlət başçısı bu məsələdən danışarkən «dözülməz» ifadəsini işlədib: «...Ona görə bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir... Heç kimə güzəşt yoxdur... Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur».

İqtisadçı Azər Mehtiyev AzadlıqRadiosuna deyib ki, Azərbaycanda kölgə iqtisadiyyatının real həcmi barədə konkret söz demək çətindir. Onun fikrincə, bu istiqamətdə Azərbaycanda son illər araşdırmalar aparılmayıb. İqtisadçı vurğulayıb ki, sadəcə, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının bir neçə il əvvəl açıqladığı rəqəmlər var: «Həmin açıqlamalara əsasən, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi qeyri-neft sektorunun yaratdığı məhsulun 60 faizi həcmindədir. Amma bu, çox köhnə rəqəmlərdir. Bu həcmin böyük olması adi müşahidələrdə də görünür».

A.Mehtiyev
A.Mehtiyev

«Məmur sahibkarlığı»

Kölgə iqtisadiyyatının səbəblərinə gəlincə, A.Mehtiyev deyib ki, bunun kökündə məmur sahibkarlığı dayanır: «Kölgə iqtisadiyyatının bu qədər dərinləşməsi məhz böyük neft pulları gələndən sonra başlayıb və bunun kökündə də məmur sahibkarlığı dayanır. Hazırda ölkə iqtisadiyyatının bütün eybəcərliklərinin, problemlərinin kökündə məmur sahibkarlığı durur».

«Nə qədər ki...»

A.Mehtiyevin fikrincə, nə qədər ki, ölkədə iqtisadi fəaliyyət məmurların nəzarəti altındadır və dövlət satınalmaları həyata keçirənlər bunu özlərinin, övladlarının yaxın şirkətlərinə həvalə edirlər, Azərbaycanda kölgə iqtisadiyyatının qarşısını almaq mümkün olmayacaq:


«Qanunvericiliklə Azərbaycanda məmurların sahibkarlıqla məşğul olmaları qadağan edilib. Amma real olaraq bu faktların aşkara çıxarılması, bu insanların məmurluqdan uzaqlaşıdırılması, belə fəaliyyətə görə cəzalandırılmaları lazımdır».

İqtisadçı hesab edir ki, şəffaflığı artırmaq üçün məmurların gəlir bəyannaməsini hər il açıqlamaları vacib şərtdir: «Bunlarsız məmur sahibkarlığını aradan qaldırmaq mümkün olmayacaq. Məmur sahibkarlığını aradan qaldırmadan ölkədə gizli iqtisadiyyatın miqyasını azaltmaq mümkün deyil».

A.Mehtiyev deyib ki, siyasi iradə olduğu halda kölgə iqtisadiyyatına ciddi zərbələr vurula bilər.

Ə.Həsənov
Ə.Həsənov

«Ən azı 50 faiz həcmindədir»

Hüquqşünas Əkrəm Həsənov da hesab edir ki, indiki halda Azərbaycanda kölgə iqtisadiyyatının həqiqi həcmi məlum deyil. Amma onun fikrincə, bu, ən azı iqtisadiyyatın 50 faizi həcmindədir.

Ə.Həsənov da vurğulayıb ki, kölgə iqtisadiyyatı ilə mübarizə ilk növbədə məmurlardan başlanmalıdır: «Çünki iqtisadiyyatın əksər hissəsi elə məmurların, onların qohumlarının, tanışlarının, ya da faktiki adamlarının əlindədir».

«Azərbaycanda maliyyə amnistiyası verilməlidir»

Hüquqşünas habelə hesab edir ki, Azərbaycanda maliyyə amnistiyası verilməlidir:


«Bəyan edilməlidir ki, kimin nə əmlakı, biznesi varsa, üzə çıxarılsın, rəsmiləşdirilsin. Bunun mənbəyi barədə sorğu-sual olmayacaq. Bu olmasa, kölgə iqtisadiyyatı yenə də aradan qaldırılmayacaq. Üçüncü, elektron hökumət büdcəsinə keçmək lazımdır, çünki Azərbaycan iqtisadiyyatında özəl sektor azdır, dövlət sektoru çoxdur...».

Ə.Həsənov deyib ki, dövlət satınalmaları ilə bağlı qanuna da yenidən baxılmalıdır: «Bu qanun çox bərbad gündədir, 20 ildir ki, dəyişməyib. Qanun elə yazılıb ki, hətta düzgün işləmək istəyən şəxs də o qanunla işləyə bilməz».

Hüquqşünas sonda da deyib: «...Bunları bir il ərzində də etmək olar, sadəcə, iradə lazımıdır».

AzadlıqRadiosuna danışan başqa ekspertlər də deyiblər ki, bu məsələdə başlıca şərt şəffaflığın bərqərar edilməsidir. Onlar obrazlı ifadəylə vurğulayıblar ki, «kölgələr günorta sürünür».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG