Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:14

Jurnalistlər haqda çəkilmiş filmlər


“Diqqət mərkəzində” filminin Oscar laureatları
“Diqqət mərkəzində” filminin Oscar laureatları

2016-cı ildə ən yaxşı film və ən yaxşı ssenari nominasiyalarında “Oscar” mükafatına layiq görülmüş “Diqqət mərkəzində” (Spotlight) filmi kinoda jurnalistlərin zəfər anlarından biridir.

Tom McCarthy-nin çəkdiyi bu filmdə “Boston Globe” qəzetinin əməkdaşları katolik kilsəsində uşaqların təcavüzə məruz qalması iddialarını araşdırırlar. Bir dəstə pis geyinmiş jurnalist kino qəhrəmanına çevrilir.

Ancaq jurnalistlərin kinoda mənfi obrazda göstərildiyi məqamlar da az deyil.

Xəbər hər şeydən vacibdir

Terry Gilliam-ın 1998-ci ildə çəkdiyi “Las Veqasda qorxu və nifrət” (Fear and Loathing in Las Vegas), George Clooney-nin 2005-ci ildə çəkdiyi “Gecəniz xeyrə qalsın və uğurlar” (Good Night, and Good Luck), “Aparıcı: Ron Burqundi əfsanəsi” (Anchorman: The Legend of Ron Burgundy) (2004) yaddaqalan jurnalist obrazlarının olduğu fimlərdəndir.

Billy Wilder-in “Böyük karnaval” (Ace in the Hole) filmində (1951) Kirk Douglas böyük şəhərdə işləyən reportyor Chuck Tatum-u oynayır. Hadisələr Nyu Meksikonun Albukerke şəhərində cərəyan edir. Tatum çökmüş mağarada ilişib qalmış yerli sakinin timsalında səs-küy yarada biləcək hadisəni işıqlandırır. O, qurbanın həyat yoldaşını, əxlaqi baxımdan zəif meri və bir fotoqrafdan istifadə edərək öz hədəfinə çatmağa çalışır. Onun üçün xəbər hər şeydən vacibdir.

Billy Wilder-in bu gözəl və sinik filmi iki real hadisə əsasında çəkilib. Bu hekayələrin birində hadisəni işıqlandıran jurnalist Pulitzer mükafatına layiq görülüb. Ancaq Tatum üçün hər şey fərqli bitir.

Əfsanəvi Federico Fellininin “Şirin həyat” (La dolce vita) filmi (1960) dünya kinosunun klassikası sayılır. Hamıya tanış olan “paparatsi” (paparazzi) sözü Marcello Mastroianni-nin kameralı həmkarı Paparazzo-nun adından götürülüb.

Qəhrəmanlar real mətbuat konfransında oturur

Dino Risi-nin məşhur “Çətin həyat” (Una vita difficile) filmində Alberto Sordinin oynadığı baş qəhrəman, jurnalist Silvio Magnozzi kapitalı xaricə axıdan sənayeçi və kapitalistlərin adlarını dərc etməyə hazırlaşır.

Onlardan biri son dərəcə çətin, yoxsul həyat yaşayan Silvioya adının siyahıdan çıxarılması əvəzində çoxlu pul təklif edir. Ancaq o bu təklifdən imtina edir. Məqalə çıxandan sonra isə onu böhtanda və küçə iğtişaşlarında iştirakda günahlandırırlar.

“Prezidentin adamları” filmindən kadr
“Prezidentin adamları” filmindən kadr

“Prezidentin adamları” (All the President’s Men) filmi (1976) Alan J. Pakula-nın “paranoya trilogiyasına” daxil olan filmlərin üçüncüsü və sonuncusudur. Film Carl Bernstein və Bob Woodward-ın publisistik kitabı əsasında çəkilib. Woodward-ın rolunu Robert Redford, Bernstein-ı isə Dustin Hoffman canlandırır.

Filmdə Bernstein və Woodward-ın iradəli və işgüzar jurnalist fəaliyyətinin Uotergate qalmaqalının prezident Richard Nixon-un istefası ilə nəticələnməsindəki rolundan söz açılır. Hər iki baş qəhrəman “Washington Post”un real mətbuat konfranslarında oturur. Reallığa maksimum yaxın nyusrumların yaradılması, hər detala diqqət yetirilməsi filmin jurnalistlər tərəfindən sevilməsinin səbəblərindən biridir.

Xəbər aparıcılarının sevgi üçbucağı

Sidney Lumet-in çəkdiyi “Şəbəkə” (Network) (1976) filmi ən yaxşı ssenari nominasiyası da daxil olmaqla dörd nominasiyada “Oscar” mükafatına layiq görülüb. Film ABŞ-da bir TV şəbəkəsinin işi haqdadır.

James L. Brooks-un “Televiziya xəbərləri” (Broadcast News) filmi (1987) televiziya xəbər aparıcılarının sevgi üçbucağı haqdadır. Komediya janrında çəkilmiş bu film yaddaqalan dialoqlar və ifadələrlə zəngindir.

James L. Brooks “Simpsonlar”ın (“The Simpsons”) yaradılmasında mühüm rol oynayıb. Ancaq bu filmin də onun yaradıcılığında mühüm yeri var.

Ssenarist, rejissor və prodüser Justin Simien-in debütü olan “Hörmətli ağ adamlar” (Dear White People) filmi (2014) tələbə jurnalistikasını məsxərəyə qoyan amansız komediyadır. Ancaq bu film hər şeydən öncə müasir Amerikadakı irq siyasəti haqda çoxlu mesajlar verir.

Bir nüfuzlu universitetdə irqi münasibətlərin gərginləşməsi Afrikan amerikalı tələbələrin dili ilə nəql edilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG