Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:26

Jurnalist prezident seçkisi videosuna görə cərimələndi


Jurnalist Sevinc Vaqifqızı

Jurnalist Sevinc Abbasova 1000 manat cərimələnib. Cərimə 2018-ci il aprelin 11-də prezident seçkisi keçirilən gün 25 saylı Nizami İkinci Seçki Dairəsinin 14, 15 və 16 saylı məntəqələrindəki səsvermə prosesindən hazırladığı reportaja görə kəsilib. Noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində Etibar Nəbiyevin sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

Qərar 251 saylı məktəbin direktor müavini Elmira Alandarovanın şikayəti əsasında çıxarılıb. Sözügedən seçki məntəqələrinin üçü də həmin məktəbdə yerləşir.

Alandarova öncə Binəqədi Rayon Məhkəməsinə üz tutmuşdu. Bu məhkəmənin hakimi Emin Əliyev belə nəticəyə gəlmişdi ki, jurnalist hazırladığı materialı yayımlayarkən video-reportajın başlığını (“Direktor müavini seçkidə «karusel»ə nəzarət edir”) düzgün seçməyib. Amma hakim şərəf və ləyaqətin aşağılanması iddiasını əsaslı saymamışdı. Ona görə də direktor müavininin jurnalistin cəzalandırılması ilə bağlı tələbini rədd etmişdi.

Jurnalistdən və materialı yayımlayan media orqanlarından (Meydan TV, "Azadlıq" qəzeti) üzr, təkzib və 2500 manat tələb edən E.Alandarovanı bu qərar qane etməmişdi. O, apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsi isə belə nəticəyə gəlib ki, reportajda E.Alandarovanın şərəf və ləyaqəti aşağılanıb, nüfuzuna zərbə vurulub.

"Məktəbdə nə gəzirdi?"

Sevinc Vaqifqızı reportajında direktor müavinini müxtəlif seçki məntəqələrində görüntüləyib. Alandarovanın həmin gün səs verib, çıxıb bir qədər həyətdə gözləyən, çəkildiklərini biləndə məktəbi tərk edib az sonra yenidən qayıdan müəllimləri aparıb bir otağa salması da videoda öz əksini tapıb.

Alandarova iddia edir ki, jurnalist videonu «Azadlıq» qəzetinin saytında, Meydan TV-də «Direktor müavini «karusel»ə nəzarət edir» başlığıyla yayımlamaqla ona böhtan atıb, işgüzar nüfuzuna zərbə vurub.

Sevinc Vaqifqızı AzadlıqRadiosuna bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcək: "İstər videomaterialın özündə Elmira Alandarovanın davranışı, istərsə də məhkəmədə üzə çıxanlar da mənim haqlı olduğumu sübut edir. Səsvermə günü onun iş günü olmayıb, məktəbdə nə gəzirdi?"

Xatırlatma

2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki dövlət başçısının istəyinə uyğun 6 ay önə çəkilib.

Bir çox müxalif siyasi qüvvələrin boykot etdiyi seçkidə hakim partiyanın namizədi İlham Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.

Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun «mənfi hal» olduğunu bildirib. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə yekun hesabatında seçki qanunvericiliyinə və seçki komissiyalarının tərkibinə yenidən baxılması, seçki müddətində baş vermiş qanun pozuntularının araşdırılması, büdcə təşkilatlarında işləyənlərə dövlət qurumları və ya siyasi partiyalar tərəfindən təzyiq göstərilməməsi ilə bağlı bir sıra tövsiyələr verib.

Hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etməyib.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG