Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 13:02

Jurnalisti dövlətə xəyanətdə ittiham edirlər


Ivan Safronov

Moskvada Roskosmos korporasiyası rəhbərinin müşaviri, Kommersant və Vedomosti qəzetlərinin keçmiş müxbiri Ivan Safronov dövlətə xəyanətdə şübhəli qismində saxlanıb.

Ona qarşı səsləndirilən ittiham maddəsi 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) iddia edir ki, Safronov “Rusiyanın hərbi-texniki əməkdaşlığı, müdafiəsi və təhlükəsizliyi ilə bağlı məlumatları NATO ölkələrindən birinin xüsusi xidmətlərinə ötürüb”.

Safronovun saxlanmasından bir neçə saat sonra onun tanışları və həmkarları FTX-nin yerləşdiyi Lubyanka meydanında təkadamlıq etiraz piketlərinə başlayıblar.

Bu aksiya zamanı azı 10 nəfərin saxlandığı xəbər verilir.

Onların arasında Kommersant qəzetinin vəzifəli jurnalisti Yelena Chernenko, həmin qəzetin müxbirləri Aleksandr Chernykh, Kira Dyuryugina, Marianna Belenkaya, Reuters agentliyinin əməkdaşı Polina Nikolskaya, Proyekt layihəsindən Anna ZibrovaOlga Churakova da var.

Piketə çıxan jurnalistlər Safronovun işinə dair təhqiqatın ədalətli aparılmasını tələb edirlər. Onlar habelə Safronovun həbsi səbəbinin detallarının açıqlanmasını istəyirlər.

Rusiya prezidentinin sözüçü Dmitry Peskov deyib ki, Safronovun saxlanması onun “jurnalist fəaliyyəti ilə bağlı deyil”.

"O dövlətə xəyanət maddəsi üzrə məxfi məlumatları xarici kəşfiyyatçılara ötürməkdə ittiham olunur. Bizdə olan məlumata görə bu saxlanma Safronovun əvvəllər məşğul olduğu jurnalist fıəaliyyəti ilə bağlı deyil”.

İyulun 7-də Polis Safronovun yaxın tanışı, Xolod nəşrinin redaktoru Taisia Bekbulatovanın evində axtarış aparıb.

Rogozinin şərhi

CurrentTime yazır ki, Safronov son iki ay ərzində Roskosmos korporasiyasının başçısı Dmitry Rogozinin müşavir kimi fəaliyyət göstərib, habelə bir sıra mühüm layihələri kurasiya edib.

O dövlət korporasiyasının daxilində “informasiya siyasəti” ilə məşğul idi.

Roskosmosun baş direktoru Dmitry Rogozin deyib ki, Safronovun məxfi məlumatlara çıxşı olmayıb:

"O ayyarım bundan əvvəl Roskosmosun işini işıqlandırmaq üçün dəvət edilib. Onun qapalı informasiyaya çıxışı olmayıb”.

Rogozinin sözlərinə görə o Safronovu bir neçə ildir ki, tanıyır və onun peşakarlığından və şəxsi ləyaqətindən heç vaxt şübhəli olmayıb.

Rogozin ümid etdiyini bildirib ki, hüquq-mühafizə orqanları məsələyə aydınlıq gətirəcəklər.

Vəkil: İndi jurnalist həmrəyliyindən çox şey asılı olacaq

Bu da məlıumdur ki, Safronov jurnalist kimi daha çox hərbi sənaye kompleksinin, kosmos sənayesinin fəaliyyətindən və Rusiyanın hərbi və hərbi-texniki əməkdaşlığından yazırdı.

Tanınmış vəkil Ivan Pavlov Facebook-da yazır ki, Safronov son 20 ildə dövlət xəyanətində ittiham olunan ilk jurnalistdir:

“Hörmətli jurnalistlər, beləliklə, şpionomaniya dalğası sizin korporasiyaya da gəlib çatdı. Sizin bu hadisəyə verdiyiniz reaksiyadan indi çox şey, ilk növbədə jurnalistlərin dövlətə xəyanətdə ittiham olunmasının müasir Rusiyada meylə çevrilib-çevrilməyəcəyi asılı olacaq. İndi sizin reaksiyanızdan, Ivan Golunov işində olduğu kimi təkcə həmkarınızın yox, bütövlükdə Rusiyada jurnalist peşəsinin taleyi asılı olacaq. Vəkillərə gəldikdə isə, ümid edirəm ki, onlar öz işlərini yaxşı bilirlər”.

Məsələnin məğzi

Rusiyanın The Bell təhqiqat qrupunun saytı xatırladır ki, Kommersant nəşriyyatının özünü də dövlət və ya hər hansı başqa sirləri yaydığına görə inzibati məsuliyyətə cəlb edə bilərlər.

Bu cinayət işinin qaldırılması səbəbləri açıqlanmır, amma bəziləri hadisəni ötən may ayında Kommersant qəzetində dərc edilmiş məqalə ilə əlaqələndirirlər.

Həmin məqalədə Rusiyanın Misirə Su-35 qırıcıları satmaq planlarından bəhs olunurdu.

Bu məqalədən sonra ABŞ dövlət katibi Mike Pompeo Misiri Rusiyadan təyyarələr alacağı təqdirdə sanksiyalarla hədələmişdi.

Sonradan saytdan silinmiş həmin məqalənin müəlliflərindən biri də Ivan Safronov idi.

Onu may ayında Federasiya Şurasının sədri Valentina Matvienkonun mümkün istefasından yazdığına görə Kommersant qəzetindəki vəzifəsindən çıxarmışdılar.

O vaxt məqalənin həmmüəllifi Aleksandr Dzhordzevich və siyasət şöbəsinin başqa müxbirləri etiraz əlaməti olaraq qəzetdən istefa vermişdilər.

Kommersant nəşriyyatının baş direktoru Vladimir Zhelonkin Açıq media saytına deyib ki, son vaxtlarda qəzetə Rusiya qırıcılarının satışı barədə məqaləyə görə irad tutulmayıb.

O əlavə edib ki, həmin məqalənin mətnində dövlət sirləri olmayıb.

XS
SM
MD
LG