ABŞ-ın milli təhlükəsizlik müşaviri John Bolton deyib ki, prezident Donald Trump-ın İran prezidenti Hassan Rohani ilə danışmaq istəməsi, ABŞ liderinin Tehrana sərt münasibətinin dəyişməsi kimi başa düşülməməlidir.
Avqustun 27-də Kiyevdə AzadlıqRadiosuna geniş müsahibə verən Bolton deyib:
“Prezident deyib ki, o danışıqlar üçün istənilən şəxslə görüşməyə hazırdır. O danışqıçıdır. O saziş əldə etməyi bacarandır. Lakin onlarla danışmaq prezident Trump-ın mövqeyinin dəyişməsi demək deyildir. Siz prezident Trump-ın İran nüvə sazişi barədə dediklərinə baxmalısınız. O bu sazişi “ABŞ diplomatik tarixinin ən pis razılaşması” adlandırmışdı. Onun bu baxışı faktlara əsaslanır. O keçmiş prezident Obamanın etdiyi səhvləri təkrarlamayacaq”.
Bolton əlavə edib ki, İranın sadəcə olaraq etməli olmadığı işlərdən çəkinməsinə görə iqtisadi faydalar görəcəyinə dair fikir yanlışdır.
Ağ Evin milli təhlükəsizlik müşaviri deyib ki, “əgər hərtərəfli saziş əldə olunsa, o məqamda sanksiyaların məsələsi də müzakirə olunacaq”.
Bolton deyib:
“İran rejimi bu barədə danışmağa hazır olanda, görüş də olacaq”.
John Bolton prezident Trump-ın Rusiyanı yenidən G8-də görmək istəməsi və Putini qurumun sammitinə dəvət etmək istəməsi barədə suala da cavab verib. Müşavir deyib ki, məsələ G7-nin Fransa sammitində sadəcə müzakirə olunub:
“Prezident Trump-ın dünən mətbuat konfransında dediyi kimi bu məsələni liderlər bazar günü şam yeməyi zamanı müzakirə ediblər. Müxtəlif rəylər bildirlib, amma heç bir qərar qəbul olunmayıb. Məsələ səsə qoyulmayıb. Düşünürəm ki, “yeddilik” bu məsələnin müzakirəsini davam etdirəcək. Gələn il “yeddilərin” sammiti ABŞ-da olacaq. ABŞ yanvarın 1-dən ev sahibliyini qəbul edəcək. Rusiya barədə hələki heç bir qərar qəbul olunmayıb. Onda baxarıq müzakirə necə gedəcək”.
Bundan sonra Bolton “Trump Rusiyanın G7-yə qayıtması üçün nə kimi şərtlər qoyub” sualına cavab verib:
“Şərtlərdən biri Rusiyanın belə bir görüşdə iştirak etmək istəməsidir. Hələlik heç nə bundan xəbər vermir. Onlar bunu bizdən xahiş etməyiblər. Ola bilsin ki, onlara rədd cavabı veriləcəyindən qorxurlar və buna görə də müraciət etmirlər. Burda çox faktorlar var. Mən əminəm bu müzakirələr davam etdiriləcək”.
John Boltona verilən sualların əksəriyyəti Ukrayna böhranı, prezident Zelenskiy-nin Donald Trump-la gözlənilən görüşü və Ukrayna münaqişəsinə dair danışıqlarla bağlı idi.
Bu barədə danışan milli təhlükəsizlik müşaviri deyib ki, Rusiyaya münasibətdə Ukraynanın yeni rəhbərliyi xüsusi strategiya işləyib hazırlamalıdır, lakin bunun üçün müəyyən vaxt lazım gələcək.
O habelə bildirib ki, Ukrayna münaqişəsi problemi bütövlükdə qlobal bir bir məsələdir və buna görə də ABŞ-ın maraqlarından kənarda qala bilməz:
“Bunlar təkcə Avropa deyil, dünya miqyaslı məsələlərdir. ABŞ Avropadakı hər iki dünya müharibəsində iştirak edib. Biz 1945-ci ildən sonra NATO-nu ona görə yaratmışıq ki, Avropada üçüncü dünya müharibəsinə yol verilməsin. Buna görə də Rusiya ilə Ukrayna arasındakı münasibətlərin Birləşmiş Ştatlara dəxli var. Əgər prezident Zelenskiy bizim bu danışıqlarda iştirakımızı istəsə, biz belə bir imkanı nəzərdən keçirərik”.