Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:01

Kennedy-nin qətliylə bağlı sənədlərin sonuncu hissəsi açıqlanıb


Dallas, Texas. Prezident korteji qətldən bir neçə dəqiqə öncə.
Dallas, Texas. Prezident korteji qətldən bir neçə dəqiqə öncə.

1963-cü il noyabrın 22-də ABŞ prezidenti John Kennedy-nin qətlə yetirilməsinə dair sənədlərin ictimaiyyətə açıqlanmamış sonuncu hissəsi dünən – oktyabrın 26-da ABŞ Milli Arxivlərinin saytında dərc edilib.

Bu addım ABŞ Konqresinin hələ 1992-ci ildə çıxardığı qərarın icrası ilə bağlıdır. O zaman Konqres rejissor Oliver Stone-un «John F.Kennedy. Bitməyən hekayə» filmindən qaynaqlanan növbəti konspirasiya nəzəriyyələri dalğasına cavab olaraq, prezidentin ölümüylə bağlı bütün sənədlərin 2017-ci il oktyabrın 26-dan gec olmayaraq ictimaiyyətə açıqlanacağı haqda qərar qəbul etmişdi.

Ölkənin milli təhlükəsizliyini təhdid edə, yaxud da xüsusi xidmətlərin fəaliyyətinə mane olarsa, sənədlərin dərcini əngəlləyə biləcək yeganə adam Amerika Birləşmiş Ştatlarının prezidentidir. Ötən şənbə günü prezident Donald Trump sənədlərin dərcinə mane olmayacağını Twitter-də təsdiqləyib.

SENSASİYA OLMAYACAQ

Açıqlanmış sənədlər toplusuna 3 min 100-dən artıq sənəd daxildir. Bu, yüz minlərlə səhifə deməkdir. İstintaqla bağlı 30 minə yaxın sənəd artıq dərc edilib.

Tarixçilər bu sənədlərin dərcindən sonra hər hansı bir xüsusi sensasiya gözləmirlər. Ancaq yeni sənədlər o dövrdə FTB (Federal Təhqiqatlar Bürosu) və MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) necə işlədiyini daha yaxşı anlamağa imkan verə bilər. İstənilən halda, sənədlər toplusunun içərisində maraqlı bir şey aşkarlamağa aylar tələb olunacaq.

Lee Harvey Oswald
Lee Harvey Oswald

«The Associated Press» agentliyi qeyd edir ki, sənədlərin bəziləri John F.Kennedy-nin qatili Lee Harvey Oswald-ın bilavasitə qətldən öncə Meksikaya etdiyi müəmmalı altıgünlük səfəri ilə bağlıdır. Oswald-ın özü Meksikaya SSRİ və Kuba səfirliklərindən viza almağa getdiyini demişdi. Həmin səfər haqda bundan artıq heç nə bəlli deyil. Buna görə də ən uzunömürlü konspirologiya nəzəriyyələrindən biri ondan ibarətdir ki, Lee Harvey Oswald bu addımı SSRİ, yaxud da Kuba xüsusi xidmətlərinin tapşırığıyla atıb.

Sənədlərin arasında ABŞ-la Meksika arasında bağlanmış müqavilələrin detalları var. Bu müqavilələrə görə, Meksika hökuməti ABŞ-ın Mexikodakı SSRİ və Kuba diplomatik missiyaları üzərində müşahidə aparmasına icazə verib.

QƏTLLƏR VƏ MÜƏMMALAR

46 yaşlı prezident John Kennedy 1963-cü ildə öldürülüb. Onun qətli ABŞ-da səs-küylü siyasi qətllər silsiləsinin başlanğıcı olub. 1968-ci ilin aprelində ABŞ-da vətəndaş hüquqları uğrunda hərəkatın lideri Martin Luther King Jr., King-in öldürülməsindən iki ay sonra isə John Kennedy-nin kiçik qardaşı Robert F.Kennedy qətlə yetirilib. Həmin vaxt Robert Kennedy Demokratlar Partiyasından ilkin seçkilərdə (praymeriz) iştirak edirdi.

Qeyd edək ki, John F.Kennedy-nin qətli ətrafında bəzi müəmmalı hadisələr baş verib. John Kennedy-yə atəş açmış Lee Harvey Oswald hadisədən iki gün sonra, 1963-cü il noyabrın 24-də Dallas polisinin baş qərargahının zirzəmisindən zirehli maşına gətirilən zaman güllə ilə vurulub. Onun həyatını iki gün öncə Kennedy-nin vəfat etdiyi xəstəxanada xilas etməyə çalışsalar da, o, elə həmin gün ölüb.

Oswald-a atəş açan Jack Ruby adlı şəxs (o, Dallasda bir gecə klubunun sahibi idi) isə həbs olunduqdan, bir neçə ay sonra, 1964-cü ilin martında ölüm cəzasına məhkum edilib. Sonradan onun apellyasiya müraciətinə uyğun olaraq, 1967-ci ilin fevralında ikinci dəfə məhkəmə qarşısına çıxarılması qərara alınsa da, Ruby həmin ilin yanvarında Oswald və Kennedy-nin öldüyü xəstəxanada vəfat edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG