ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton Venesuela silahlı qüvvələrinin komandanlığını “xalqın tərəfinə” keçməyə çağırıb.
O bunu “Tvitter”də yazıb.
Qeyd edək ki, Venesuela hərbi-hava qüvvələri baş komandanlığının yüksək rütbəli generalı Francisko Yanes bundan əvvəl müxalifət lideri Juan Guaido-nun tərəfinə keçdiyini bəyan etmişdi.
John Bolton həmçinin bildirib ki, ABŞ yaxın vaxtlarda Guaido-nun sorğusu ilə, Kolumbiya və Braziliya vasitəsilə Venesuelaya hümanitar yardım göndərməyə başlayacaq.
Müxalifət lideri Guaido, fevralın 2-də paytaxt Karakasda keçirilən mitinqdə ölkənin silahlı qüvvələrini bu yardımın çatdırılmasını təmin etməyə çağırıb.
Prezidentliyini qorumağa çalışan Nicolas Maduro hökuməti isə ABŞ-dan yardım istəmədiyini və onu ölkəyə buraxmayacağını bəyan edib.
Qeyd edək ki, Venesuela artıq xeyli vaxtdır ki, siyasi və iqtisadi böhran yaşayır.
Ölkə sakinləri ərzaq və digər ilkin təlabat mallarının qıtlığından əziyyət çəkirlər.
Müxalifət tərəftarları şənbə günü Karakas və ölkənin digər şəhərlərində kütləvi nümayişlər keçiriblər.
Həmçinin Maduronun tərəfdarları ayrıca mitinqə çıxıblar.
Maduro ölkədə vaxtındanəvvəl parlament seçkisi keçirməyə hazır olduğunu bəyan edib, amma parlamentə nəzarət edən müxalifət bu ideyanı artıq rədd edib.
Qeyd edək ki, Venesuela müxalifətinin lideri, Maduronun rəqibi və parlamentin sədri Juan Guaido yanvarın 23-də özünü müvəqqəti prezident elan edib.
ABŞ, Kanada,Braziliya və bir şox Latın Amerikası ölkələri artıq onu müvəqqəti prezident kimi tanıyıblar.
Avropa ölkələri də Maduroya xəbərdarlıq ediblər ki, əgər fevralın 3-dək yeni seçki çağırmasa, Guaido-nun müvəqqəti prezident kimi tanınmasında Birləşmiş Ştatlara qoşulacaqlar.
Hakimiyyətini qoruyub saxlamağa çalışan Maduro ötən mayda keçirilən qeyri-demokratik seçkidə qalib gələrək ikinci müddətə prezidentliyini elan edib.
Son illərdə milyonlarla venesuelalı hiperinflyasiya, ərzaq və dava-dərman çatışmazlığı ucbatından ölkəni tərk edib.