Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 19:26

Hahn-a çağırış: 'İnsan haqları məsələsini qaldırın'


Johannes Hahn

İyunun 16-da Avropa Birliyinin rəsmisi Bakıya səfəri zamanı prezident İlham Əliyevi haqsız yerə tutulan falları, jurnalistləri, hökumət tənqidçilərini azadlığa buraxmağa çağırmalıdır. Belə bir müraciətlə iyunun 16-da «Human Rights Watch» və «İnsan Haqları uğrunda Beynəlxalq Tərəfdaşlıq» hüquq-müdafiə təşkilatları çıxış ediblər.

Bəyanatda deyilir ki, Bakıya səfəri zamanı AB-nin qonşuluq və genişlənmə üzrə komissarı Johannes Hahn Əliyevi həbsdən buraxılmış fəalların üzərindən məhdudiyyətləri götürməyə və fundamental azadlıqları ciddi əngəlləyən qanunlara islahatlar etməyə çağırmalıdır.

«ƏSL TƏRƏFDAŞLIQDAN SÖHBƏT GEDƏ BİLMƏZ»

Komissar Hahn Bakıya noyabra planlaşdırılan «Şərq Tərəfdaşlığı» sammitinə hazırlıq çərçivəsində gəlir. O, prezident Əliyev, digər rəsmilər, eləcə də qeyri-hökumət təşkilatlarıyla görüşəcək. AB bu ilin fevralında Azərbaycanla yeni tərəfdaşlıq razılaşması üzrə danışıqlar başladıb.

«Komissar Hahn prezident Əliyevlə görüşündə insan haqları məsələsini önə çəkməlidir. O, prezident Əliyevə aydın şəkildə deməlidir ki, narazılara təzyiqlər dayanmadan onun ölkəsiylə Avropa Birliyi arasında əsl tərəfdaşlıqdan söhbət gedə bilməz», – bunu «Human Rights Watch»un Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia deyib.

Bəyanatda bu səfərdən bir gün öncə Avropa Parlamentində qəbul olunmuş qətnamə də yada salınır. Qətnamədə azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstanda oğurlanması və qanunsuz olaraq Azərbaycana aparılması pislənilir, eləcə də siyasi motivlərlə saxlanmış digər fəalların azadlığa buraxılmasına çağrılır.

İ.Əliyev və Avropa Komissiyasının vitse-prezidenti Federica Mogherini
İ.Əliyev və Avropa Komissiyasının vitse-prezidenti Federica Mogherini

«TƏZYİQLƏR İNTENSİVLƏŞİB»

Bəyanatda Azərbaycan hökumətinin son illər tənqidi jurnalistikanı, müstəqil ictimai fəaliyyəti ciddi məhdudlaşdırmasına diqqət çəkilir. 2015-ci ilin noyabrından hakimiyyət siyasi motivlərlə saxlanmış 21 insan haqları fəalı, jurnalist və siyasi fəalı buraxıb.

«Ancaq hakimiyyət onlarla digər fəalı şübhəli ittihamlarla saxlayıb ki, bu da onların qanuni işlərini görmələrini əngəlləyib. Bu təzyiqlər son aylar yenidən intensivləşib», – «Human Rights Watch» deyib.

Bəyanatda son bir ayda Ə.Muxtarlıdan başqa, jurnalistlər Əziz Orucov və Nicat Əmiraslanov, eləcə də AXCP sədrinin müavini Gözəl Bayramlının saxlandığı vurğulanır. Öncə bloqqer Mehman Hüseynovun 2 illiyə məhkum olunduğu, REAL lideri İlqar Məmmədovunsa beynəlxalq çağırışlara baxmayaraq, həbsdə saxlandığı qeyd olunur.

Ötən il məhbəsdən buraxılmış jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçisi İntiqam Əliyevə ittihamlar qüvvədə qalmaqdadır. Bəziləri siyasi təqiblərdən çəkinərək ölkədən qaçıb. Bəyanatda qeyri-hökumət təşkilatlarına xeyli bürokratik əngəllərin qaldığı da vurğulanır.

«AB-NİN ÇAĞIRIŞLARINDAN BAŞLAYIN»

«Komissar Hahn prezident Əliyevi inandırmalıdır ki, AB ilə yeni razılaşma üzrə danışıqların tempi, eləcə də AB-Azərbaycan münasibətlərinin keyfiyyəti Bakının beynəlxalq insan haqları öhdəliklərini necə yerinə yetirməsindən asılıdır», – «İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq»ın direktoru Brigitte Dufour deyib.

«Avropa Parlamentinin çağırışlarının yerinə yetirilməsi – haqsız tutulmuş fəalların azadlığa buraxılması və repressiv qanunların dəyişdirilməsi bu yolda ilk addımlar olmalıdır», – o, sözlərinə əlavə edib.

Hakimiyyət təmsilçiləri bu bəyanata, hələlik, reaksiya verməyiblər. Ancaq ənənəvi olaraq, ölkədə əsas hüquq və azadlıqların tam təmin olunduğu bildirir. Hakimiyyət siyasi motivlərlə saxlandığı deyilən şəxslərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG