Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:43

'Böyümək vaxtıdır, Trump. Bir az böyüyün...'


Joe Biden

ABŞ-ın vitse-prezidenti Joe Biden yeni seçilmiş prezident Donald Trump-ın kəşfiyyat agentliklərinə hücumlarını tənqid edib və onun böyüməli olduğunu deyib.

«YETKİN ADAM OLMAĞIN VAXTI ÇATIB»

«PBSnews»a müsahibəsində J.Biden D.Trump-ın kəşfiyyat barədə Twitter-də yazdıqlarını şərh edərkən belə deyib: «Böyümək vaxtıdır, Donald, bir az böyüyün. Yetkin adam olmağın vaxtı çatıb. Siz artıq prezidentsiniz. Hərəkət etmək vaxtıdır. Nəyə qadir olduğunuzu göstərin».

D.Trump kəşfiyyat agentliklərinin Rusiyanın ABŞ-da seçkiyə müdaxiləsi barədə ittihamlarına şübhə ilə yanaşır.

Rəsmilər rus hakerlərinin demokratların elektron poçtlarına hücum etdiyini, bilgiləri «WikiLeaks»ə sızdırdığını deyir, hətta bu məlumatları ötürənlərin kimliyini müəyyən etdiklərini bildirirlər.

«WikiLeaks»in təsisçisi Julian Assange məktubları Rusiyadan almadığını bəyan edib. Amma «Reuters» agentliyinin yazdığına görə, ruslar oğurlanmış məktubları «WikiLeaks»ə birbaşa deyil, dolayı yolla çatdırıblar. Rəsmilər casusların həmişə bu üsula əl atdığını, bununla informasiyanın mənbəyini gizlətməyə çalışdıqlarını deyirlər.

«KİTAB OXUMAMIŞAM, AMMA ÇOX BİLİRƏM»

ABŞ mətbuatı yazır ki, kəşfiyyat agentlikləri «WikiLeaks»lə bağlı şəxslər haqda bilgiləri yanvarın 5-də prezident Barack Obama-ya ötürüblər. Yanvarın 6-da isə yeni seçilmiş prezidentin—D.Trump-ın məlumatlandırılması planlanır.

Donald Trump
Donald Trump

D.Trump-ın agentliklərin bəyanatlarına şübhə ilə yanaşması, etimadsızlığı J.Biden-in fikrincə, məsuliyyətsizlikdir. «PBSnews»a müsahibəsində J.Biden deyib ki, «Prezident seçilmiş adamın kəşfiyyat agentliklərinə, əks-kəşfiyyatdan tutmuş, CIA-yə (Mərkəzi Kəşfiyyat İdarəsi) qədər kimsəyə etimad göstərməməsi, onları dinləməyə hazır olmaması düşüncəsizlikdir».

Bu günlərdə jurnalistlərlə söhbətində D.Trump hamının bilmədiyi, ancaq ona bəlli bəzi məqamları açıqlayacağına söz vermişdi.

«Kəşfiyyat rəsmilərindən çox bildiyini demək fizika haqda professordan çox bildiyini söyləməyə bənzəyir. Mən kitab oxumamışam, amma sizdən çox bilirəm…». J.Biden D.Trump-ın sözlərini şərh edərkən belə deyib.

HÜCUMLARIN MİQYASI DAHA GENİŞ İMİŞ

Vitse-prezident ABŞ kəşfiyyat agentliklərinin Rusiyanın ölkədə seçkiyə müdaxiləsiylə bağlı hesabatıyla tanış olduğunu söyləyib. Onun sözlərinə görə, hesabatda rusların seçkiyə təsir etməkdən ötrü hansı addımları atdıqları, hansı siyasəti yeritdikləri detallı təsvir olunur. Sənəddə haker hücumlarının miqyasının gözlənildiyindən geniş olduğu görünür. Aydın olur ki, hücumlar bu sistemli kampaniyanın – D.Trump-ın seçkidəki rəqibi Hillary Clinton-un gözdən salınması kampaniyasının bir hissəsini təşkil edib.

Rusiya ittihamları rədd edir.

İttihamlara ciddi yanaşmadığını dəfələrlə bəyan etmiş D.Trump isə Twitter yazılarında haker hücumlarının arxasında 14 yaşlı gəncin də dayana biləcəyini söyləyib.

Bu həftə D.Trump haker hücumları haqda bildiklərini açıqlayacağına söz vermişdi, amma hələ ki, səs yoxdur.

D.Trump-ın mətbuatla formal görüşü yanvarın 11-ə təyin olunub.

İnauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG