Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 04:08

Qazaxıstanda neftçilərin etirazı genişlənə bilərmi


Astanada etirazlar, 11 aprel, 2023-cü il
Astanada etirazlar, 11 aprel, 2023-cü il

Qazaxıstan potensial böhranla üzləşə bilər. Belə ki, polis etirazların əskik olmadığı Janaozen şəhərindən paytaxta gedərək narazılığını bildirən onlarla neftçini saxlayıb. Parlamentin – Məclisin yeniləndiyi deyilsə də, qanunverici qurum həmişəki kimi, bu məsələdə də gücsüz görünüb.

Ölkənin qərbində əmək şəraiti və sosial məsələlərlə bağlı itaətsizlik təhlükəsizliyə daim hədə sayılıb. Bu dəfə isə işsiz neftçilər 2 min 500 km məsafə qət edərək paytaxta gedib, bir gecəni Enerji Nazirliyinin qarşısında keçirib. Onların bəziləri elə iş kombinezonunda olub. Qazaxıstanın yeni parlamentinin üç üzvü neftçilərlə görüşüb.

Deputatlar “etirazçıları sona qədər dinləyə bilərdilər”, amma “kömək edə bilməyəcəklərini deyiblər”, – AzadlıqRadiosunun qazax xidmətinin müxbiri hadisə yerindən xəbər verir.

Etirazlar və hökumətin onları sərt şəkildə yatırması ilə ad çıxarmış Janaozen şəhərindən gələnləri deputatlar ayaqüstü dinləyib gediblər. Təxminən bir saat sonra qara geyimli, xüsusi maskalı polis onların başının üstünü alaraq saxlayıb. Bu isə neftçilərin doğma şəhərində və qonşuluqdakı Aktauda həmrəylik etirazlarına səbəb olub. Etirazçılar bir gecə polisdə saxlanandan sonra, aprelin 12-də səhər qatarla, polis nəzarəti altında evlərinə yola salınıblar.

Prezident Qasım Jomart Tokayev yeni, çevik idarəçilik, “nüfuzlu” parlament vədi versə də, hakimiyyətin baxışlarının dəyişmədiyi görünür. Daha öncə də ölkədə etirazlar amansızlıqla yatırdılıb.

Fəhlələrə alternativ təklif olunduğu deyilir

Paytaxta getməzdən öncə neftçilər aprelin 4-də Janaozendə meriya qarşısında etiraz edib. Onlar daha öncə işlədiklərin şirkətin təmin etdiyi şərtlərlə, yeni, uzunmüddətli iş yerləri tələb ediblər. Şirkət tenderi uduzandan sonra onları ixtisara salıb.

Enerji naziri Almasadam Satkaliyev aprelin 11-də deyib ki, fəhlələrə yaxşı alternativlər təklif olunub, ancaq keçmiş işəgötürənləri onları manipulyasiya edir. Neftçilər hökumətlə, Astanadakı bəzi həmkarların danışıqları təsdiqləyiblər, amma onlara təklif olunan işlərin azmaaşlı, müvəqqəti olduğunu deyiblər.

2011-ci ildə Janaozendə neftçilərin etirazını polis amansızlıqla yatırtmış, azı 16 nəfər öldürülmüşdü. Bu, ozamankı prezident Nursultan Nazarbayevin imicinə ciddi zərbə sayılırdı.

Deputat mövqeyi

Neftçilərə görüşən deputatlardan biri veteran müxalifət jurnalisti və siyasətçi Yermurat Bapi olub ki, bəzi müxalifətçilər onu hökumətlə əməkdaşlıqda ittiham edirlər. “Janaozen, Qazaxıstan qərbi və neftçilərlə oynaya bilməzsən. Məncə, hökumət bunu anlamalı və bilməlidir”, – Bapi AzadlıqRadiosuna telefonla deyib. Saxlamalara qədər yeni parlament qərbi yenidən çulğalayan əmək və sosial iğtişaşları müzakirə etməyib.

Etirazçılar Astanada saxlanandan sonra insan haqları fəalı Bakıtjan Toreqojina Facebook-da Bapiyə müraciətlə deyib ki, polis məntəqəsinə getsin, parlament statusundan istifadə etməklə həmin adamların buraxılmasına çalışsın. Bapi bunu edib-etmədiyi haqda AzadlıqRadiosunun qazax xidmətinin sualını cavablandırmayıb. Ancaq o, polisin etirazçıları saxlamasını tənqid etmişdi.

2022-ci ilin yanvarında Janaozendə bir gecənin içində yanacağın ikiqat bahalanmasına dinc etirazçılar sonradan ölkəyə yayıldı, hakimiyyət bunun qarşısını ala bilmədi. Həmin “Qanlı Yanvar” hadisələrində azı 238 nəfər öldürülüb.

2019-cu ildə Tokayevi sələfi seçərək prezidentlikdən getmiş Nazarbayev yanvar hadisələrinə qədər ölkədə dominant mövqeyini saxlayırdı.

Yeni, köhnə parlament

Bu il martın 29-da yeni parlamentin ilk iclasında çıxış edən Tokayev 10 gün öncə keçirilən növbədənkənar seçkiləri böyük uğur adlandırıb. O, ikipalatalı qanunverici orqana Ümummilli Sosial Demokratik Partiyanın düşməsini qeyd edib. Ancaq bu partiya özünü rejimin opponenti adlandırsa da, siyasi müşahidəçilər buna çoxdan şübhəylə yanaşırlar.

2022-ci ilin noyabrında prezident seçkisində simvolik namizədləri məğlub edən Tokayev mart parlament seçkiləri üçün daha rəqabətli siyasi sistem vəd edirdi. Amma sonucda parlamentdə, öncəki kimi, hakim Amanat partiyası üstünlük qazanıb. Beynəlxalq müşahidəçilər seçkidə pozuntuları, uduzan namizədlər daha az tənqidçi rəqiblərinin xeyrinə saxtalaşdırma olduğunu bildiriblər.

Ölkənin qərbində neftçilərin problemlərini yoluna qoymaq əvəzinə, deputatlar bir sıra başqa məsələlər qaldırıblar. Məsələn, biri deyib ki, xariciyə ərə gedən qazaxıstanlı qadınlara vergi tətbiq olunsun. Digəri heyvanların qorunması haqda qanunu tənqid edib, heyvanları “insanlardan daha yaxşı” qoruduğunu deyib.

Həmkarlar ittifaqlarına qadağalar

Bu arada Qazaxıstanın qərbində etirazların böyümə ehtimalı var. Nümayişçilər evlərinə yola salınsalar da, bəzi təmsilçilər danışıqlar üçün paytaxtda qalıb.
Astanada saxlanmış fəhlələrlə həmrəylik olaraq Janaozen meydanında etiraz edən sakinlər də buraxılıb. Ancaq bir sıra şirkətlərin işçilərinin də hökumətə qarşı tələblər irəli sürərək tətil etdiyi bildirilir.

Martda isə bu şəhərin yerləşdiyi Manqıstau vilayətində bir kəndin işsiz sakinləri yerli neft mədənlərində iş tələbiylə altı gün etiraz ediblər. Onlardan bəziləri aclıq aksiyası keçirib. Nümayişçilər sonradan dağılıb, yerli hakim orqanlarla danışıqların nəticə verdiyini deyiblər.

Tənqidçilərin fikrincə, Qazaxıstanın neft sənayesində iş yerləri ilə bağlı yaranan bu vəziyyət həm də hökumətin həmkarlar ittifaqlarına məhdudiyyətlərinin nəticəsidir. Onsuz da boğucu olan qadağalar 2011-ci il Janaozen hadisələrindən sonra daha da sərtləşdirilib və fəhlələr “öz problemləri ilə baş-başa qalıb”.

XS
SM
MD
LG