Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Dünyanın ən qüdrətli bankirindən Amerikaya ‘sosializm xəbərdarlığı’


JPMorgan Chase & Co. şirkətinin rəhbəri Jamie Dimon
JPMorgan Chase & Co. şirkətinin rəhbəri Jamie Dimon

Dünyanın ən nüfuzlu bankiri bildirib ki, sosializm yalnız “durğunluq, korrupsiya və çox vaxt bunlardan da pisini” doğurur.

Guardian qəzetinin məqaləsində deyilir ki, JP Morgan şirkətinin başçısı Jamie Dimon sosializmi özünün səhmdarlara illik məktubunda tənqid atəşinə tutur və onun ABŞ üçün “fəlakət ola biləcəyini” bildirir.

Birləşmiş Ştatların ən böyük bankının direktoru kimi Dimon-un ötənilki gəliri 31 milyon dollar olub. Forbes jurnalının reytinqinə görə onun sərvəti 1. 3 milyard dollar civarındadır.

Guardian yazır ki, onun sosializmi tənqid etməsi ABŞ-da solçu siyasətin yeni dalğasının yüksəldiyi dövrə təsadüf edir.

Məqalədə deyilir ki, Nyu York konqresmeni Alexandria Ocasio-Cortez də daxil siyasətçilərin yeni nəsli və prezidentliyə namizədliyini ikinci dəfə verməyə hazırlaşan veteran sosialist Bernie Sanders-in tərəfdarları demokratik sosializm cərəyanının davamçılarına çevriliblər.

Dimon-un tənqidi, Sanders və senator Elizabeth Warren də daxil bir çox sol təmayüllü demokratların böyük bizneslərin dağıdılmasına və bankçılıq üzərinə daha sərt nəzarətin qoyulmasına çağırışları ilə eyni vaxta düşür.

Başqa yerlərdə sınaqdan çıxan fəlakət

Dimon məktubunda yazır ki, hökumətlər şirkətlərə, iqtisadiyyata və banklara nəzarət edəndə bir müddətdən sonra öz siyasi maraqlarını üstün tuturlar və bu isə şirkət və bazarların səmərəsizliyi, son nəticədə himayəçilik və korrupsiyaya gətirib çıxarır.

“Sosializm qaçılmaz şəkildə durğunluq, korrupsiya və hətta bunlardan daha pisini – avtopritar hökumət rəsmilərini doğurur və onlar çox vaxt da öz hakimiyyətlərini saxlamaq üçün həm iqtisadiyyata, həm də insanlarına həyatlarına müdaxilə edə bilirlər. Bu artıq sınaqdan keçirildiyi başqa yerlərdə fəlakətə səbəb olduği kimi bizim ölkəmizə də fəlakət gətirə bilər”.

Sosializmin 2020-ci il prezident seçkisinin başlıca məsələlərindən biri olacağı gğzlənilir. Donald Trump artıq indidən sosializmə qarşı kampaniyaya başlayıb və özünün “Ölkənin vəziyyəti” nitqində “Amerika heç vaxt sosialist ölkəsi olmayacaq” deyib.

Kapitalizmin qüsurları olsa da

Dimon bundan əvvəlki xəbərdarlıqlarında deyirdi ki, gəlir bərabərsizliyi Amerikanı parçalayır. O ötən ay demişdi:

“Bu bir mütləq həqiqətdir ki, insanların böyük bir dəstəsi firavanlıqdan kənarda qalır. Amerikalıların 40 faizi bir saatda 15 dollardan az qazanır. Amerikalıların 40 faizi istər tibbi xidmətlər, istərsə də avtomobilin təmiri üçün 400 dolları ödəyə bilmir. Amerikalıların 15 faizi minimum əməkhaqqı alır. Opioid maddələrdən istifadə hər il 70 min insanın ölümünə səbəb olur”.

Dimon öz məktubunda kapitalizmin də qüsursuz olmadığını etiraf edir, lakin bildlirir ki, bu, dünyada ən uğurlu iqtisadiyyat sistemidir:

“Bu o demək deyildir ki, kapitalizmin qüsurları yoxdur və yaxud o insanları məyus etmir və ya onu yaxşılaşdırmaq olmaz. Güclü sosial təminat şəbəkəsinə nail olunmalıdır və bütün ölkələr davamlı olaraq qaydaların və eyni zamanda sosial və rifah şəraitinin yaxşılaşdırılmasına can atmalıdırlar”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG