Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 19:14

Comey 'Rusiya təhqiqatı'nı genişləndirmək istəyirmiş


J.Comey

Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru James Comey işdən çıxarılan ərəfədə «Rusiya təhqiqatı»nı genişləndirmək istəyirmiş. Bu haqda ABŞ mediası mayın 10-da yazıb. Prezident Donald Trump-ın işdən çıxardığı Comey Rusiyanın Trump-ın seçki kampaniyasına mümkün müdaxiləsini araşdırırdı.

Ağ ev qərarı Comey-nin yol verdiyi «yanlış hərəkətlər və səhvlər»lə izah edir, Rusiya təhqiqatıyla bağlı olmadığını israr edir. Trump daha öncə həmin mümkün müdaxiləni «uydurma» adlandırmışdı.

Amma Konqresin Demokratlar Partiyasından olan üzvləri mayın 10-da bir daha bildiriblər ki, Comey-nin uzaqlaşdırılmasının məqsədi təhqiqata zərbə vurmaqdır. Onlar Konqresi Ağ evin təsirindən kənar, müstəqil araşdırma aparılmasına məcbur etməyə çalışırlar.

Bu arada nümayişçilər Vaşinqton, Çikaqo və digər şəhərlərdə küçələrə çıxaraq, Rusiya təhqiqatının müstəqil müstəntiqlərə verilməsini tələb ediblər.

ƏLAVƏ PUL İSTƏYİB

ABŞ mediasının yazdığına görə, Comey Ədliyyə Departamentindən pul istəyib, təhqiqata əlavə işçilər cəlb etmək planı varmış. Amma bir neçə gün sonra işdən çıxarılıb. Comey daha sonra konqresmenləri də əlavə maliyyə istəyi haqda bilgiləndirib.

Senatın Demokratlar Partiyasından üzvü Whip Dick Durbin deyib ki, Comey-nin işdən kənarlaşmasına onun pul istəməsinin səbəb olmasından əmin deyil. Amma bir şey adındır ki, «FBI Trump-ın kampaniyasının və əməkdaşlarının peysərinə çökmüşdü və onu işdən çıxarmaqla təhqiqatı yavaşıtmaq istəyirlər».

D.Trump
D.Trump

Amma Ədliyyə Departamenti və Ağ ev mayın 10-da Comey-in pul istəmədiyini, eləcə də maliyyə məsələsinin onun işdən çıxarılmasına dəxli olmadığını deyiblər.

«Reuters»in yazdığına görə, Comey Ağ evi həm də ötən həftə qəzəbləndiribmiş, Senat komitəsində planlaşdırılan ifadəsi, orda nə danışacağı haqda Trump-ın köməkçilərinə öncədən bilgi verməkdən imtina edib. Trump və köməkçiləri isə bunu subordinasiyaya tabe olmamaq kimi dəyərləndiriblər. Ağ ev bu məlumatları da təkzib edib.

COMEY DƏ REAKSİYA VERİB

Prezident öz qərarını Comey-nin ötən il demokratların namizədi Hillary Clinton-un e-mailləri ilə bağlı təhqiqatı düzgün aparmamasıyla izah edib və bildirib ki, Comey işdən baş prokuror Jeff Sessions və onun müavini Rod Rosenstein-nin tövsiyəsi ilə azad olunub.

Comey işdən kənarlaşdırılmasına mayın 10-da axşam reaksiya verib, FBI əməkdaşlarına vida məktubunda yazıb ki, «prezidentin FBI rəhbərini istənilən səbəblə, yaxud heç bir səbəb olmadan işdən çıxara biləcəyinə həmişə inanıb», Trump-ın qərarı üzərində çox baş sındırmayacaq.

Comey mayın 16-da Senatın Kəşfiyyat Komitəsində qapalı dinləmədə ifadə verəcək.

«The New York Times» qəzetinin yazdığına görə, D.Trump cümə günü FBI-nin Vaşinqtondakı qərargahına getmək, idarənin işinə dəstəyini göstərmək istəyir. Bir rəsminin sözlərinə görə, prezidentin Rusiya təhqiqatından danışacağı gözlənilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG