Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:08

Məşhur “agent 007” 89 yaşında vəfat edib


Roger Moore və aktrisalar Traci Bingham (solda) və Eva Halina Kann festivalında, 1999-cu il.
Roger Moore və aktrisalar Traci Bingham (solda) və Eva Halina Kann festivalında, 1999-cu il.

Əslində agentlərdən biri vəfat edib. James Bond əbədidir...

“James Bond” filmlərinin baş qəhrəmanının “üçüncü inkarnasiyasını”oynamış Roger Moore 8 onillik boyunca səhnə həyatından sonra dünyasını dəyişib.

Roger Moore-un övladları xəbər veriblər ki, aktyor “xərçəng xəstəliyinə qısa müddətdə, amma mərdanə sinə gərib”.

Moore James Bond filmlərindən başqa, həm də “Müqəddəs” (The Saint) və “Təhrikçilər” (The Persuaders) televiziya seriallarında çəkilib.

Roger Moore 12 ildə 6 James Bond filminə çəkilib
Roger Moore 12 ildə 6 James Bond filminə çəkilib

Aktyor həyatının böyük bir hissəsini humanitar fəaliyyətə verib. O 1991-ci ildə UNİCEF-in xoş məramlı səfiri olub.

1927-ci ildə Londonda doğulan Roger Moore əmək fəaliyyətinə model kimi başlayıb.

Bundan sonra MGM şirkəti ilə 7 illik kontrakt imzalayıb.

Moore 1950-ci illərdə “Yarımçıq qalmış melodiya” (Interrupted Melody) və “Kralın oğrusu” (The King’s Thief) filmlərində oynayıb.

“The Guardian” qəzetinə 2014-cü ildə verdiyi müsahibədə Moore demişdi: “Aktyorluğumun ilk illərində mənə deyirdilər ki, uğur qazanmaq üçün artistin eyni dərəcədə şəxsiyyəti, istedadı və bəxti olmalıdır. Amma mən indi bununla razı deyiləm. Mənimki 99 faiz bəxt olub. İstedadlı olub zamanında və məkanında olmamağın nə mənası var ki?..”

Ona məşhur James Bondu oynamaq ilk dəfə təklif ediləndə, buna televiziya seriallarındakı rolları mane olmuşdu.

Moore bu rolu, nəhayət 1973-cü ildə, Connery James Bondluqdan istefa verdikdən sonra qəbul etmişdi.

Aktyor beləliklə, Britaniyanın 007 nömrəli agentini sərasər 6 il 12 filmdə oynamışdı. Moore Bond rolundan istefa edəndə, yəni 1985-ci ildə 58 yaşı vardı.

Amma daha iş-işdən keçmişdi.

Son dəfə' Bond kimi - "Öldürməyə baxış" filmi (1984)
Son dəfə' Bond kimi - "Öldürməyə baxış" filmi (1984)

“Adamlar indi də hərdən mənə cənab Bond deyə müraciət edirlər. Xətrimə dəymir. Niyə də dəysin axı?” – deyirdi Moore.

Lakin buna baxmayaraq James Bonddan sonra o artıq ara-sıra çəkilirdi. Xeyriyyə ilə məşğul olurdu. Kraliça 2003-cü ildə cəngavər titulunu da ona xeyriyyəçilyinə görə vermişdi.

Ondan kimin ən yaxşı James Bond olduğunu soruşanda həmişə Sean Connery-nin adını çəkirdi, lakin 2012-ci ildə fikrini dəyişərək “Daniel Craig” demişdi.

Özünə gəldikdə isə deyərdi: “Adam ya ləyaqətlə, ya da can çəkə-çəkə qocalar. Mən hər ikisini etmişəm”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG