Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:06

Təkbaşına Vatikanda Azərbaycan izi axtardı


Fərid Ələkbərli
Fərid Ələkbərli

Vatikanda türkdilli əlyazmaların tam kataloqu olacaq.

“Mən Azərbaycandan Vatikana gedən ilk tədqiqatçı oldum və orda Azərbaycana aid əlyazmaları yavaş-yavaş, fasilələrlə, bir neçə il ərzində, bir neçə ezamiyyət dövründə tapıb araşdırdım”.

Bu sözləri AzadlıqRadiosunun “İz” proqramına tarixçi alim, AMEA Əlyazmalar İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərid Ələkbərli söylədi.

BİRİNCİ “KİTABİ-DƏDƏ QORQUD” GƏLMİŞDİ...
Onun sözlərinə görə, Vatikanda Azərbaycana aid əlyazmaların olduğu güman edilsə də, indiyədək bu işlə heç kəs məşğul olmamışdı:

“Vatikanda da Azərbaycan əlyazmaları haqqında heç bir məlumat yox idi. Onlar müsəlman dünyasının əlyazmalarını 3 hissəyə bölürdülər: türk, fars və ərəb. Amma mən əmin idim ki, onların arasında Azərbaycan əlyazmaları var. Biz bilirdik ki, “Dədə Qorqud” eposunun iki qədim əlyazmasından biri Vatikanda saxlanır.

Bundan xeyli əvvəl həmin nüsxənin surəti Azərbaycana gətirilib Əlyazmalar İnstitutuna verilmişdi. Təqdimat mərasiminə Heydər Əliyev də qatılmışdı. Ancaq bu yeganə hadisə idi. Məndən əvvəl orda Ermənistanın, Gürcüstanın, hətta Orta Asiya respublikalarının araşdırıcıları olmuşduılar. Mən Azərbaycandan ilk araşdırıcıydım və orda Azərbaycana aid əlyazmaları yavaş-yavaş, fasilələrlə, bir neçə il ərzində, bir neçə ezamiyyət dövründə tapıb araşdırdım”.

...ortaçağ Azərbaycan dövlətlərinin, mərkəzi Azərbaycanda -Təbrizdə, Şamaxıda, Gəncədə, Naxçıvanda və başqa şəhərlərdə yerləşən qədim türk imperiyalarının - Atabəylərin, Səfəvilərin, Ağqoyunluların və İlhanilərin rəhbərlərinin Roma papaları ilə yazışmaları tapıldı və surətləri Azərbaycana gətirildi.

“VATİKANDA AZƏRBAYCANA AİD SƏNƏDLƏR BAKIYA GƏTİRİLMƏLİDİR!”
Fərid Ələkbərli Vatikanla hökumətlərarası münasibətlərin uzunmüddətli tarixi olduğunu vurğuladı:

“Təxminən 2009-2010-cu ildən bu münasibətlər intensivləşib. Həm Prezident , həm Mədəniyyət Nazirliyi, həm də Heydər Əliyev Fondu səviyyəsində ora gedib-gəliblər. Vatikan kitabxanasının müdirləri ilə, siyasi rəhbərliklə görüşüblər. Vatikanla mədəni əməkdaşlıq barədə razılığa gəliblər. Qərarlaşdırıblar ki, Vatikanda olan Azərbaycana aid sənədlər ölkəyə gətirilməlidir.

Amma ilk öncə o sənədlər tapılmalı və araşdırılmalıdır. Mənə təklif olundu ki, Vatikandakı Apostol kitabxanasında və Məxfi Arxivlərdə araşdırma aparım, Azərbaycana aid sənədləri aşkar edim və onların surətlərini Bakıya gətirim”.

Buna da bax: Azərbaycanda nazirlər nə yaşdadırlar

FƏRİD ƏLƏKBƏRLİ VATİKANDA NƏ TAPDI?
Araşdırıcı aparıcının sualını belə cavabladı:

“Bunlar həm kitablardır - orta əsr kitabları, həm də sənədlər.

Sənədlərdən danışanda, biz daha çox məktubları, yazışmaları, rəsmi fərmanları, Vatikan rəhbərliyinin - Papa, kardinal və missionerlərin Azərbaycanla bağlı məktublarını, hesabatlarını qeyd etməliyik.

Bir də ortaçağ Azərbaycan dövlətlərinin, mərkəzi Azərbaycanda -Təbrizdə, Şamaxıda,Gəncədə, Naxçıvanda və başqa şəhərlərdə yerləşən qədim türk imperiyalarının - Atabəylərin, Səfəvilərin, Ağqoyunluların və İlhanilərin rəhbərlərinin Roma papaları ilə yazışmaları - bax, bunlar tapıldı və surətləri Azərbaycana gətirildi.

Ondan başqa, Azərbaycan müəlliflərinin - orta əsrlərdə bu məkanda yaşamış müəlliflərin müxtəlif dillərdə - ərəb, fars və türk dillərində yartdığı kitablar, eləcə də, tibb, riyaziyyat, ilahiyyat və b. sahələr üzrə əsərlər, Azərbaycan klassiklərinin - Nizaminin, Füzulinin, Nəsiminin, Şəbüstərinin, Sührəverdinin, eyni zamanda indiyədək adı bizə məlum olmayan orta əsr müəlliflərinin (Şirvan və Cənubi Azərbaycandan olan müəlliflərin) əsərləri tapıldı, elektron surətləri yazılıb Azərbaycana gətirildi”.

“AZƏRBAYCAN ƏLYAZMALARI HƏR YERDƏ VAR”
Fərid bəy Azərbaycan əlyazmalarının təkcə Vatikanda olmadığını bildirdi:

“Avropanın elə bir iri əlyazma xəzinəsi yoxdur ki, orda Azərbaycana aid sənədlər olmasın. Bir sıra şərq əlyazma toplularında da onlar var. Lakin Vatikan bu xəzinələrin arasında özünəməxsus yer tutur. Çünki Vatikan Apostol Kitabxanası dünyanın ən iri kitabxanalarındandır. Burda milyonlarca kitab və əlyazma əsəri saxlanır. Bu əlyazma toplusunun əsası hələ Roma imperiyası zamanında katolik kilsəsi yaradılanda qoyulmuşdu. Lakin zamanla pərakəndə düşmüş və XV əsrdə yenidən bərpa olunmuşdu. Sonda iki hissəyə bölünmüşdü - Məxfi Arxivlər və Apostol kitabxanasına”.

TƏKBAŞINA...
Fərid Ələkbərli aparıcının: “Belə nəhəng xəzinədə təkbaşına Azərbaycan izi axtarmaq sizə çətin olmadı ki” sualına belə cavabladı:

“Əlbəttə, çətindir... Amma işin metodologiyası böyük rol oynayır.

Əvvəlcədən işi necə qurmalı olduğunu bilməlisən və axtarışı hansı ölçülər üzrə aparmalı olduğunu dəqiqləşdirməlisən. Onu biləndən sonra məsələ bir az yüngülləşir.

Əsas çətinlik onda idi ki, Vatikan əlyazmalarının tam kataloqu və kartotekası yox idi. Əlyazmaların təxminən 20 faizinin kataloqu vardı. 80 faizi isə heç yerdə qeyd olunmamışdı...

Onlar deyirlər ki, bizim əlyazma fondumuz çox, ştatımıız kiçikdir. Bütün iş sənin üstünə düşür - əlyazmaları ordan götürüb, vərəqləyib, onların Azərbaycana aid olub-olmamasını müəyyənləşdirməlisən. Bu da asan iş deyil.

Orta əsr əlyazmaları çox mürəkkəb xətt növləri ilə müxtəlif dillərdə yazılıb. Bir də onların bəziləri naqisdir - zədələnib, mətnin əvvəli oxunmur. Çünki orta əsr əlyazmalarının üz qabığında müəllifin adı göstərilmirdi, içində göstərilirdi. Bəzən elə olur ki, həmin hissə cırılıb-yoxdur...

Bir məsələ də var. Orta əsr kitablarında katibin adı əlyazmanın axırında yazılır. Bir də yazılır ki, bu kitab hansı şəhərdə, nə vaxt köçürülüb. Və bəzən elə olur ki, bu səhifə yoxdur... Onda gərək sən kitabı oxuyasan, başqa kitablarla tutuşdurub bir nəticəyə gələsən...”.

Buna da bax: Parlament seçkiləri ilə bağlı virtual səsvermə

Artıq Azərbaycanın vəsaiti hesabına əlyazmaların 80 faizi bərpa edilib, qalan 20 faizin üstündə də iş gedir. Bərpanı Vatikan özü edir, maliyyə Azərbaycandan gəlir. Bir də əlyazmaların rəqəmsal surətləri hazırlanır. Həm də bu rəqəmsal surətlər orijinalın çox dəqiq əksidir. Əgər orijinal itsə, bu surətin əsasında, nə isə, təsəvvür yaratmaq olar.

“TOZ BASMIŞ ƏLYAZMALAR” İFADƏSİ ÖZÜNÜ NECƏ DOĞRULDUR?”
Fərid Ələkbərli bu sualı belə cavabladı:

“Əslində əlyazmalar hər yerdə toz içindədir. Amma bununla belə Vatikanda xidmət də göstərilir. Xüsusi laboratoriyalar var ki, onlar tozdan təmizlənir. Dərman vurulur ki, onları böcəklər, qurdlar yeməsin. Xüsusi temperatur və rütubət rejimi var ki, əlyazmalar xarab olmasın, kif atıb çürüməsin. Amma bir çox əlyazmanın durumu heç də yaxşı deyil.

Azərbaycana aid əlyazmaların təxminən 50-60 faizi çox pis gündəydi... Əlyazmanı götürürsən, görürsən cildi cırılb, səhifələri qarışıb. Bəzən də görürsən, səhifələri nə vaxtsa tikiblər, amma düz səhifələməyiblər...

Bəzilərini qurd yeyib, kif atıb... heç vaxt bərpa üzü görməyib. Soruşanda da deyirlər ki, fondumuz zəngindir, imkanımız çatmır ki, hamısını bərpa edək. Amma bir hissəni bərpa etmişdilər. Özü də daha çox öz əlyazmalarından - latın, yunan dillərindən başlamışdılar. Müsəlman əlyazmalarının cüzi bir hissəsini bərpa etmişdilər. 90 faizin bərpaya ehtiyacı vardı...”.

“ƏLYAZMALARIN 80 FAİZİ BƏRPA EDİLİB”
Fərid Ələkbərli vəziyyəti Azərbaycanda rəsmi qurumlara çatdırdığını söylədi:

"Heydər Əliyev Fondunun rəhbərliyi qərara aldı ki, bu əlyazmaların bərpasını maliyyələşdirsin. Artıq Azərbaycanın vəsaiti hesabına əlyazmaların 80 faizi bərpa edilib, qalan 20 faizin üstündə də iş gedir. Bərpanı Vatikan özü edir, maliyyə Azərbaycandan gəlir.

Bir də əlyazmaların rəqəmsal surətləri hazırlanır. Həm də bu rəqəmsal surətlər orijinalın çox dəqiq əksidir. Əgər orijinal itsə, bu surətin əsasında, nə isə, təsəvvür yaratmaq olar”.

“TÜRKDİLLİ ƏLYAZMALARIN KATALOQUNU HAZIRLADIM”
Araşdırıcı bu yaxınlarda Vatikandan növbəti səfərdən qayıtdığını bildirdi:

“Vatikan rəhbərliyilə görüşdüm. Mən Azərbaycana aid əlyazmaları araşdırmaqdan əlavə, orda saxlanan türkdilli əlyazmaların kataloqunu da hazırlamışam. Orda bütün türk dünyasının - həm Azərbaycan müəlliflərinin, həm də daha çox Osmanlı və Orta Asiya müəlliflərinin (cığatay diilində - qədim özbəkcədəki əlyazamalar), bir də uyğur müəlliflərinin əsərləri var. Vatikanda onların tam kataloqu yox idi. Cəmi 30 faizi kataloqlaşdırlmışdı. Mən onları öyrəndim və ilkin təsvirini verdim. İndi o kataloq hazırdır və yəqin ki, nəşr olunacaq. Demək, inşallah, bundan sonra Vatikanda türkdilli əlyazmaların tam kataloqu mövcud olacaq”.

Buna da bax: Ramin Hacılı Azərbaycanı tərk edib

FƏRİD ƏLƏKBƏRLİNİ ARXİVLƏRDƏ ƏN ÇOX TƏƏCCÜBLƏNDİRƏN...
Aparıcının bu sualı belə cavablandı:

“Məni təəccübləndirən o oldu ki, Azərbaycan əlyazması anlayışı orda yox idi... Dediyim kimi, əlyazmalar ərəb, türk və farsa bölünür. Amma maraqlıdır ki, “Kitabi Dədə Qorqud” orda Azərbaycan eposu kimi göstərilib. Bu epos türkdilli xalqların, daha çox oğuzların - Azərbaycan, Türkiyə və Türkmənistanın ortaq irsidir. Amma biz bilirik ki, dastandakı hadisələrin böyük bir qismi Qafqazda və Azərbaycan ərazisində cərəyan edib. Bunu biz bilirik. Amma Vatikanın bunu etiraf etməsi maraqlı idi. Bir də Şah İsmayıl Xətainin və bir sıra orta əsr müəlliflərinin də əsərləri orda “azəricə” qeyd olunub”.

Şamaxıda bir türbəni təsvir edəndə, orda neçə pilləkənin olduğu, pilləkənin hündürlüyü və eninin nə qədər olduğu, üstünə hansı rəngin çəkildiyi, abidənin çaydan hansı məsafədə yerləşdiyi, o çayın dərinliyinin sahildə nə qədər, ortasında nə qədər olduğu birər-birər təsvir olunub. Və yaxud, bazarlarda ərzaqlar neçəyə satılır, yumurta neçəyədir... Şamaxı bazarında neçəyədir, Şabranda neçəyədir... Xalça harda neçəyə satılır? Bunların hamısı tam dəqiqliklə yazılıb.

“ŞAMAXI BAZARINDA YUMURTA NEÇƏYƏDİR? BƏS ŞABRANDA?”
Fərid Ələkbərli onu təəccübləndirən daha bir məqamdan danışdı:

"Azərbaycanda olan orta əsr missionerlərinin diqqətcilliyi, bu ərazidə gedən hadisələri təsvir etməkləri. Onların təsvirləri o dərəcədə dəqiqdir ki, o təsvirlər əsasında biz Azərbaycanda iqtisadi durumu, siyasi vəziyyəti canlandıra, hətta tarixi abidələrin formasını bərpa edə bilərik.

Məsələn, Şamaxıda bir türbəni təsvir edəndə, orda neçə pilləkənin olduğu, pilləkənin hündürlüyü və eninin nə qədər olduğu, üstünə hansı rəngin çəkildiyi, abidənin çaydan hansı məsafədə yerləşdiyi, o çayın dərinliyinin sahildə nə qədər, ortasında nə qədər olduğu birər-birər təsvir olunub. Və yaxud, bazarlarda ərzaqlar neçəyə satılır, yumurta neçəyədir... Şamaxı bazarında neçəyədir, Şabranda neçəyədir... Xalça harda neçəyə satılır? Bunların hamısı tam dəqiqliklə yazılıb”.

“MƏLUMATLAR VATİKANA ONA GÖRƏ LAZIM İDİ Kİ...”
Fərid bəy bunun səbəbini belə izah etdi:

“Bu adamları ona görə göndərirdilər ki, məlumat yığsınlar. Məlumatlar Vatikana ona görə lazım idi ki, Azərbaycanda olan siyasi-iqtisadi vəziyyəti düzgün qiymətləndirsinlər və burada xristian dininin yayılması üçün missionerlik fəaliyyətinin strategiyasını düşünsünlər. Bir də bu əraziləri Vatikanın maraqları üçün necə istifadə etmək olar - bunu öyrənsinlər. Hökmdarların bir-birinə münasibəti necədir, kim-kimi sevir, kim-kimlə ədavətdədir... Bunlar ona görə öyənilirdi ki, lazım olanda həmin ölkələri, hökmdarları bir-birinə qarşı qoysunlar və öz təhlükəsizliklərini təmin etsinlər ”.

“ORDA TARİXƏ BİGANƏ MÜNASİBƏT GÖRMƏDİM”
Fərid Ələkbərli Vatikan arxivlərində tarixə biganə münasibət görmədiyini də sözlərinə əlavə etdi:

“Avropalılara xas olan dəqiqlik, səliqəni görəndə anladım ki, müasir Avropanın tərəqqisi onların sistemli düşünmək, xırdalıqlara böyük əhəmiyyət vermək xüsusiyyətindən irəli gəlir. Orda heç yerdə tarixə laqeyd və başdansovdu münasibət görmədim. O missionerlərin çoxu ərəb, fars, türk dillərinin, heç olmasa, birini gözəl bilirdi. Yerli əhaliylə təmas qurur, danışırdılar”.

  • Roma Papası Şah Abbasa məktubunda nə yazırdı? Ondan nəyə görə üzr istəyirdi?
  • Vatikan missionerlərinin XX əsrdə - I Dünya Müharibəsi ərəfəsində sovet Azərbaycanına gəlib çıxmasından xəbəriniz var?
  • Türk dövlətləri nədən bir-biriylə savaşırdı?
  • Fərid Ələkbərli aparıcının: ”Tamammı-davammı” sualını necə cavablandılrdı?

“İz” proqramını burdan dinlə:

İz
Gözlə
Embed

No media source currently available

0:00 0:30:00 0:00

XS
SM
MD
LG