Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:26

15 iyunda Azərbaycan nədən qurtulub?


Bakıda yürüşə cəhd - məhbus ailələri nə istəyir?
Gözlə

No media source currently available

0:00 0:14:45 0:00

Bakıda yürüşə cəhd - məhbus ailələri nə istəyir?

Bu gün 15 iyunda keçmiş prezident Heydər Əliyevin parlament sədri kimi hakimiyyətə gəlməsindən 25 il keçir. Azərbaycanda 15 iyun "Qurtuluş Günü" kimi qeyd olunur. Hər dəfə olduğu kimi bu dəfə də bir çoxlarının yadına köhnə suallar düşür: Azərbaycan nədən və kimlərdən qurtuldu bu gün? Üstündən 25 il keçəndən sonra o dövrün hadisələri necə görünür?

Hakim Yeni Azərbaycan Partiyasının siyasi Şurasının üzvü Ağabəy Əsgərov həmin dövrü belə xatırlayır:

"Düz 25 il öncə bu gün mən YAP-ın üzvləri ilə birlikdə Milli Məclisin qarşısında idik. Cəbhəçilər ali sovetin üzvlərinə təzyiqlər göstərməyə çalışırdılar və biz də bu cəhdlərin qarşısını alırdıq. Ötən 25 ildə Azərbaycan dövləti yarandı, silahlı qüvvələri formalaşdı. Ümumiyyətlə, Azərbaycan cəmiyyəti formalışdı. Biz bu gün vətəndaş müharibəsindən, dağılmaqdan, məhv olmaqdan qurtulduq. Qurtuluş Azərbaycanın dövlətinin məhvindən qurtuluşdur".

Heydər Əliyevin Bakıda hakimiyyət başına gəlməsindən öncə, prezident Əbülfəz Elçibəyin komandasında dövlət katibi olmuş, AXCP sədri Əli Kərimli isə düşünür ki, 15 iyunda Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan qazandığı uğurlarını da itirdi. O hesab edir ki, Heydər Əliyevin Naxçıvandan Bakıya çağırılması, onun parlamentin sədri seçilməsi 4 iyun Gəncə hadisələrinin davamı idi. Məqsəd də hakimiyyət dəyişikliyinə nail olmaq idi:

"Əbülfəz Elçibəy 24 iyun qərarı ilə prezident vəzifəsindən uzaqlaşdırıldı. Amma məhz 15 iyunda bunun təməli qoyuldu. Ona görə də bu bayramı qeyd edənlər hakimiyyət dəyişikliyinin təntənəsini yaşayır. Onlar öz hakimiyyətlərinin qurulmasını bu şəkildə bayram edirlər. Olduqca ucuz bir haldır. Dünyanın heç bir yerində bir siyasi qüvvənin hakimiyyətə gəlişini xalqa bütövlükdə bayram kimi sırımaq təcrübəsi yoxdur ki, onu təqvimə salsın, qeyri-iş günü elan eləsin. Əslində isə demokratiyadan, qanunun alilyindən, müstəqil məhkəmələrdən qurtuluş olub".

Əli Kərimli deyir ki, hələ dövlət katibi olduğu vaxt 4 iyunla başlayan bu prosesləri dövlət çevrilişi, qiyam adalandırıb. Ona görə də o düşünür ki, bu gün yalnız bir qrup insan üçün bayram sayıla bilər.

Hazırda İsveçrədə mühacirət həyatı yaşayan siyasi şərhçi Rauf Mirqədirov söhbətə ondan başlayır ki, istənilən şəxslərə bağlı bayramlar müvəqqətidir və belə bayramlar heç də hər kəs tərəfindən qəbul olunmur. Şərhçi 15 iyun hadisələrinə 25 ildən sonra nəzər salanda isə əsas diqqəti cəmiyyətdəki proseslərə çəkir:

"Hadisələrin gedişi Heydər Əliyevi hakimiyyətə gətirirdi. Bizdə təəssüflər olsun ki, siyasi prosesləri dəyərləndirərkən, şəxsiyyətlərin rolunu çox şişirdirlər ki, filankəs Heydər Əliyevi hakimiyyətə gətirdi və sair. Həmin hadisələrə qiymət vermək üçün cəmiyyətimizdə baş verən prosesləri dəyərləndirməliyik. Məğlubiyyət, məğlubiyyət dalınca gəlməyə başlamışdı, cəmiyyətdə ruh düşgünlüyü yaranırdı. Cəmiyyət sanki problemi həll edə biləcək güclü bir diktator, avtoritar lider axtarırdı. Azərbaycanda da bunun timsalı 70-ci illərdə hakimiyyədə olmuş Heydər Əliyev idi".

Beləliklə, parlamentin sədri kimi hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddət sonra Azərbaycanın prezidenti seçildi.

AzadlıqRadiosu Bakı sakinləri arasında 15 iyun – Qurtuluş gününə dair sorğu aparıb:

Qurtuluş günü bayramına münasibətiniz necədir?
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Heydər Əliyev 2003-cü ilə qədər, 10 il Azərbaycanda hakimiyyət başında qaldı. 2003-cü ildən sonra hakimiyyət oğlu İlham Əliyevə keçib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG