Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Baş Prokurorluqdan narazı ailəyə cavab


İllüstrativ foto
İllüstrativ foto

Bu gün, yanvarın 14-də Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti Abşeron rayonunda qətlə yetirildiyi iddia edilən yeniyetmə ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən il iyunun 19-da Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayev Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq eyvanından yerə düşməsi nəticəsində aldığı xəsarətlərlə əlaqədar həmin gün saat 22:30 radələrində xəstəxanada vəfat edib. Fakta görə, Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə (Ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanıb.

Məlumatda yazılıb ki, Abşeron rayon prokurorluğunda ilkin yoxlamanın və ibtidai istintaqın gedişindən narazı qalan mərhumun atası Elşən Musayevi iyulun 26-da Azərbaycan Baş prokuroru qəbul edib:

“Müraciətləri əsasında cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmışdır”.

Bildirilir ki, cinayət işi üzrə yaradılan istintaq-əməliyyat qrupu zəruri prosessual istintaq-əməliyyat tədbirləri aparıb, hadisə yerinə mərhumun ailə üzvlərinin, müvafiq ekspertlərin və mütəxəssislərin iştirakı ilə müfəssəl baxış keçirilib.

Açıqlamaya görə, müəyyən edilib ki, Kənan Musayev öldüyü gün yaşadıqları mənzildə qardaşı Sərvan Musayevlə birlikdə olub, saat 20:25 radələrində Sərvan Musayev evdən çıxıb bacısının əri ilə Nərimanov rayonu ərazisinə gedib:

“Saat 20:58-də Kənan Musayev bacısı Nailə Quluzadə ilə 36 saniyə telefon danışığı aparıb, saat 21:04-də mənzilin açıq eyvanından düşüb, dərhal ətrafına toplaşan insanlar onun üzərində kiçik ölçülü yaş mələfə müşahidə ediblər. Kənan Musayev həmin şəxslərin, o cümlədən hadisədən əvvəl binanın qarşısında qadınlarla söhbət edən atasının xalası Məlahət Xudiyevanın köməyi və müşaiyəti ilə saat 21:14-də qonşuluqda yaşayan Famil Ələsgərovun idarə etdiyi avtomobilə qoyularaq xəstəxanaya yola salınıb…”

Mətbuat xidməti bildirir ki, Kənan Musayevin ölümünün səbəblərinin və digər əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilərək mərhumun meyitinin dəfn olunduğu yerdən çıxarılıb ekspertizadan keçirilməsi təmin edilib. Eyni zamanda, qeyd edildiyinə görə, məhkəmə-tibb eksperti mənzilə əlavə baxış da keçirib:

“Cinayət işi üzrə Kənan Musayevin qəsdən öldürülməsi barədə atası Elşən Musayevin irəli sürdüyü şübhə və mülahizələri onun iştirakı təmin olunmaqla keçirilmiş istintaq hərəkətlərinin hazırkı vaxta olan nəticələrinə əsasən hələlik təsdiqini tapmamışdır”.

Açıqlamaya görə, üstəlik, mərhumun validyinləri sentyabrın 21-də qəbul edilib.

Mətbut xidməti vurğulayır ki, mərhumun yaxınları bu işdə təqsirkar saydıqları bir sıra şəxslərin də adlarını çəkiblər, lakin həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə həmin xüsusatlar təsdiqini tapmayıb:

“Yasəmən Musayeva (mərhumun anası) və qohumları 2020-ci il yanvarın 14-də saat 11 radələrində Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin qarşısına gələrək cinayət işi üzrə aparılan araşdırmalara etirazlarını bildirmişlər. İdarənin rəhbərliyi tərəfindən həmin şəxslərin bir qismi qəbul edilərək onlara istintaqın hazırkı vəziyyəti barədə ətraflı izah verilməsinə baxmayaraq, Kənan Musayevin ölümündə şübhələndikləri şəxslərin qısa zamanda həbs edilməsini tələb etmişlər. Azərbaycan Respublikasının Baş Prokurorluğu qeyd edilən şəxslərin hərəkətlərini cinayət işinin istintaqına təzyiq kimi qiymətləndirir”.

Hələlik, bu açıqlamaya mərhumun yaxınlarından münasibət almaq mümkün olmayıb.

İstintaqdan narazılıq nəyə görə idi?

7 ay bundan öncə müəmmalı şəkildə vəfat edən Abşeron rayon sakini 15 yaşlı Kənan Musayevin yaxınları yanvarın 13-də aksiya keçiriblər.

Onlar əllərində mərhumun şəklini tutaraq, “uşaq qətllərinə son” şüarı ilə Prezident Administrasiyasının önünə yürüş etmək istəyiblər. Amma polis buna imkan verməyib.

Mərhumun yaxınlarının bildirməsinə görə, Kənan Musayev qətlə yetirilib, amma günahkarlar cəzalandırılmırlar:

“Ailə üzvləri hesab edirlər ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İslər üzrə İstinaq İdarəsi istintaqın gedişində ləngimələrə yol verir. Ailənin şübhələndikləri şəxslər var, onlar həbsə alınmırlar”.

Ailə yaxınlarının verdiyi məlumata görə, Kənan Musayevin anası Prezident Administrasyasında qəbul edilib, onun şikayəti dinlənilib. Kənan Musayevin atasının isə aksiya zamanı saxlandığı bildirilir.

Ailədən AzadlıqRadiosuna bildirildiyinə görə, o sonradan sərbəst buraxılıb.

Ancaq etiraz aksiyasında səslənən fikirlərə, hələlik, Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Ailənin yaxınlarının sözlərinə görə, ölüm hadisəsindən bir müddət sonra Baş Prokuror Zakir Qaralov Kənan Musayevin valideynlərini qəbul edib. Onlara işin obyektiv araşdırılacağına dair söz verildiyi deyilir.

Amma bu gün, yanvarın 13-də aksiyada vurğulanıb ki, verilən vəd yerinə yetirilməyib.

XS
SM
MD
LG