Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:24

‘İstək’ liseyinin şagirdləri başqa məktəblərə yerləşdirilir


Bakıdakı İstek liseyinin qarşısında
Bakıdakı İstek liseyinin qarşısında

“İstək” liseylər şəbəkəsi şagirdlərinin ölkənin başqa ümumi təhsil müəssisələrində yerləşdirildiyi deyilir.

Təhsil Nazirliyindən “Qafqazinfo”ya bildiriblər ki, iyulun 9-dan etibarən şagirdlərin yerləşdirilməsinə başlanıb.

Verilən məlumata görə, Bakıda şagirdlər əsasən Akademik Zərifə Əliyeva adına liseyə yerləşdirilir. Bölgələrdə isə şagirdlər yerli təhsil şöbələrindən sənədlərini təhvil almalı, seçimə əsasən digər məktəblərdə yerləşməlidirlər. Nazirlikdən onlara bütün lazımi şəraitin yaradıldığı bildirilir.

“Artıq çox sayda şagirdin valideynləri dövlət və özəl ümumi təhsil müəssisilərinə müraciət edib, müvafiq məktəblərdə yerləşdirilmə həyata keçirilib. Sözügedən şagirdlərin dövlət məktəblərində yerləşdirilməsi üçün kifayət qədər yer mövcuddur” xəbərə görə, nazirlikdən bildiriblər.

“İstək” liseyləri Azərbaycanda 2014-cü ildən fəaliyyət göstərir. 12 liseyin 4-ü Bakıda, 8-i Sumqayıt, Quba, Lənkəran, Ağdaş, Mingəçevir Gəncə və Şəkidə olmaqla bölgələrdə yerləşirdi.

Təsisçinin 2018-ci il iyulun 7-də qəbul etdiyi qərarla Azərbaycanda fəaliyyət göstərən bu şəbəkəyə daxil 12 liseyin fəaliyyətinin dayandırıldığı deyilir. Ancaq təsisçinin adı açıqlanmır.

Xatırlatma

Azərbaycanda fəaliyyət göstərən bəzi türk liseylərinin qapadılmasına 2016-cı ildən başlanıb. Həmin ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsi baş vermişdi. Bu hadisəsinin Azərbaycana da müəyyən təsirlər göstərdiyi bildirilir.

Türkiyə hökuməti hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Güleni dövlət çevrilişinə cəhdi himayə etməkdi günahlandırır.

Həmin hadisələrdən sonra Azərbaycanda “Zaman” qəzetinin, “Qafqaz” Universitetinin və bəzi liseylərin fəaliyyəti dayandırılıb.

Yerli mətbuat baş verənləri sözü gedən qurumların təmsilçilərinin Gülenə yaxınlığı ilə izah edirdilər. Mediada yer alan fikirlərə görə, bu addımlar məhz Türkiyə hökumətinin istəyi ilə atılmışdı.

İndi də “İstək” liseylər şəbəkəsi ətrafında baş verən proseslərə də 2016-cı ildə qeyd edilən hadisələrin davamı kimi baxanlar var.

Ancaq istər lisey rəhbərliyindən, istərsə də Təhsil Nazirliyindən bu deyilənlər hər hansı formada təsdiq edilməyib.

İyulun 24-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşdə demişdi ki, “FETÖ-nün məktəblərinə qarşı mübarizəni davam etdirəcəyik. Uşaq və ailələrin mənfi təsir altında qalmasını istəmirik».

Türkiyə rəsmiləri FETÖ məktəbləri deyəndə, Fethullah Gülen şəbəkəsini nəzərdə tuturlar. Hərçənd, Gülenin özü dövlət çevrilişi cəhdini dəstəkləmək və terror şəbəkəsi yaratmaqla bağlı ittihamları rədd edir.

XS
SM
MD
LG