Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:07

“Xəzərin sahili beş ailənin ixtiyarına verilməli deyil”- deputat (media icmalı)


Mərdəkan çimərliyi
Mərdəkan çimərliyi

Xəzər sahillərinin hasarlanması, minimum istehlak səbəti, Azərbaycan elminin vəziyyəti və başqa məsələlər median aparıcı mövzularındandır...

XƏZƏRİN SAHİLİ

"Moderator.az” saytında “Xəzər dənizinin sahili bir, iki, beş ailənin ixtiyarına verilməli deyil..." sərlövhəli yazı oxumaq olar.

Sayt deputat Fəzail Ağamalının Xəzər dənizinin Azərbaycana aid sahillərinin hasarlanmasına dair düşüncələrinə yer verib.

​Yazıda qeyd edildiyinə görə, deputat həmin məsələyə bu günlər parlamentin növbədənkənar sessiyasındakı çıxışında toxunub.

Deputat Xəzər sahillərinin çirkləndirilməsini Allahın verdiyi neməti qiymətəndirə bilməmək kimi dəyərləndirib:

“Xəzər dənizinin Azərbaycan hissəsinə diqqət yetirsək, çox təəssüfedici mənzərə ilə üz-üzə qalırıq. Elə etmək lazımdır ki, dənizin sahilində ərazilər tam təmiz olsun və ətraf mühitə zərər yetirilməsin. Dəniz Nabrandan başlayaraq Abşeron ərazisinə qədər çirklidir. Bu natəmizlik aradan qaldırılmalıdır”.

Deputat sahillərin hasarlanmalarına tənqidi münasibət ifadə edərək deyib ki, Xəzər dənizinin sahilini hasarlayıb, qamışdan, taxtadan gecəqondularla oranı çimərliyə çeviriblər, hərə bir qiymət qoyub.

Fəzail Ağamalı
Fəzail Ağamalı

Fəzail Ağamalı hesab edir ki, bununla bağlı qanunvericilikdə ciddi dəyişiklik edilməlidir:

“Yaxşı olardı ki, bunun üçün hərrac keçirilsin. Hasarlayanın imkan varsa, özü orada yaxşı hotellər tiksin, həm yeni iş yerləri açılsın, həm də Xəzər dənizinin sahili insanların ixtiyarına verilsin. Xəzərin sahili bir ailənin, beş ailənin ixtiyarına verilməli deyil. Biz Milli Məclis olaraq bu məsələyə sərt reaksiyamızı ortaya qoymalıyıq. Bu hasarlanmalar aradan qaldırılmalıdır”.

Yazıda bildirildiyinə görə, parlamentin vitse-spikeri Valeh Ələsgərov isə bu deyilənlərə cavab olaraq qeyd edib ki, bu məsələlər qanunvericilikdə əksini tapıb, icrasını isə dövlət qurumları həyata keçirməlidir.

Q.İBADOĞLU: "REALLIQ BUDUR Kİ..."

“Yeni Müsavat” qəzetində "Minimum istehlak səbətində nələr dəyişməlidir?" sualı gündəmə daşınır.

Müəllif minimum istehlak səbətinin tərkibinə yenidən baxılması məsələsini iqtisadçı Qubad İbadoğlu ilə müzakirə edib.

Yazıda bildirilir ki, Azərbaycanda minimum istehlak səbətinin tərkibinə yenidən baxılması məsələsi gündəmə gəlib. Müəllifin yazmasına görə, bir çox ekspertlər dünya təcrübəsinə əsaslanmaqla səbətin tərkibinə daxil edilən məhsul və xidmətlərin həm çeşidinə, həm də adambaşına düşən normalarına yenidən baxılmasını zəruri hesab edirlər.

Q.İbadoğlu isə deyib ki, minimum istehlak səbətinin tərkibini təsdiqləmək hüquqi Nazirlər Kabinetinin səlahiyyətindədir. Onun qeyd etməsinə görə, sonuncu dəfə buna 2014-cü ildə baxılıb.

İqtisadçının sözlərinə görə, 3 qrup əhali üçün minimum istehlak səbəti müəyyən edilir:

“Bunlar işləyənlər, pensiyaçı və 0-15 yaşlı uşaqlardır. Hesab edirəm ki, səbətin tərkibinə hər il baxılmalıdır, çünki hər il istehlak menyusunda, xidmətlərdə, ərzaq və qeyri-ərzaq məhsullarının tərkibində müxtəlif qruplar üzrə dəyişikliklər baş verir”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Q.İbadoğlunun sözlərinə görə, səbətin tərkibində internet xidmətləri bir ailə üçün gündə 1 saat hesablanıb:

“Amma reallıq budur ki, bir ailə gündə bir saatdan dəfələrlə çox müddətdə internetdən istifadə edir. Yaxud rabitə xərci kimi aylıq rabitə abunə haqqını ailə üzvlərinin sayına bölərək bir məbləğ müəyyənləşdiriblər. Lakin reallıqda bir ailənin rabitə xərcləri bu məbləğdən yüksəkdir. Bundan başqa, enerji, qaz, su təchizatı üzrə normativlər də çox aşağıdır. Onların artırılması zəruridir. Ərzaq məhsulları kimi bizdə yalnız əsas məhsullar olan çörək, kartof, tərəvəz, meyvə, ət, süd, balıq, yumurta, şəkər və yağlar daxil edilib səbətə”.

İqtisadçı hesab edir ki, indi istehlak menyusundakı ərzaq çeşidlərinin sayı dəfələrlə çoxdur.

Q.İbadoğlu deyib ki, minimum istehlak səbətinin dəyəri yalnız ümumi Azərbaycan üzrə deyil, həm də regionlar üzrə hesablanaraq açıqlanmalıdır:

“Bu gün regionlarda ailələrin rabitə, internet xərcləri Bakıya nisbətən az, ərzaq xərcləri isə çoxdur. Hər region üzrə istehlak səbətinin dəyəri hesablanmalıdır”.

"BİZ... UZAQ GƏLƏCƏYƏ BAXMALIYIQ"

“Azərbaycan” qəzetində isə “Prezidentin islahat paketində elmimizə xüsusi diqqət yetirilib” sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, qloballaşan dünyada elmi intellektual potensial davamlı və sabit inkişafın əsas meyarına çevrilərək hər bir dövlətə qarşıya qoyduğu strateji məqsədləri inamla həyata keçirmək, dünya arenasında layiqli yer tutmaq imkanı yaradır. Yazıda vurğulandığına görə, iqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində quran, dövlət quruculuğu prosesində innovativ yeniliklərə istinad edən ölkələr milli tərəqqiyə nail olur, iqtisadi, sosial inkişaf müstəvisində rəqabətə davam gətirirlər:

“Reallıq göstərir ki, iqtisadi modernləşmə və demokratikləşməni təmin edən mühüm faktorlardan biri də məhz elmin səviyyəsinin durmadan yüksəldilməsi yolu ilə insan kapitalının formalaşdırılmasıdır”.

Yazıda mövzu ilə bağlı prezident İlham Əliyevdən belə bir sitat da gətirilir:

"Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir. Biz... uzaq gələcəyə baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli, uğurlu və dayanıqlı olsun”.

Yazıda qeyd edildiyinə görə, indi Azərbaycanda aparıcı alimlər nəslinin çoxalması və gənc nəslin elmə axınının gücləndirilməsindən ötrü kadr potensialının artırılmasına xüsusi diqqət yetirilir.Müəllifin fikrincə, bütün bunlar Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi daşıyır.

Yazıda daha sonra Ali Attestasiya Komissiyasından bəhs edilir.

Müəllif sonda da yazıb:

“Elm xadimləri inanır ki, Ali Attestasiya Komissiyası ölkə Prezidenti tərəfindən təsdiq olunmuş yeni əsasnamələrin hər bir maddəsinin həyata keçirilməsinə ciddi nəzarət edəcək”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG