Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:13

'Azərbaycanda işsizliklə bağlı yeni qeydiyyata ehtiyac var'


Bu il iyulun 1-də ölkədə rəsmi işsiz sayı 350.8 min nəfər idi
Bu il iyulun 1-də ölkədə rəsmi işsiz sayı 350.8 min nəfər idi

Rəsmi açıqlamalara görə, son aylar Azərbaycanda işsizlik azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il iyulun 1-də ölkədə işsiz sayı 350.8 min nəfər təşkil edib. Ondan bir ay öncə işsizlərin sayı 360.6 min nəfər idi. Bu rəqəm bu ilin birinci rübündə isə 376 min nəfərə çatmışdı. Halbuki, 2020-ci ildə ölkədə rəsmi işsiz 251 min nəfər olmuşdu.

2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar ölkədə sərtləşdirilmiş karantin zamanı isə işsiz və ya işini itirən 600 min nəfərə birdəfəlik müavinət verilmişdi. Bəzi ekspertlər onda hətta iddia etmişdi ki, bu rəqəm də ölkədəki işsizləri tam əhatə etmir. Onların fikrincə, müxtəlif səbəblər göstərilərək (şəxsin adına VÖEN və ya torpağın, avtomobilin olması) on minlərcə işsiz bu yardımdan kənarda saxlanıb.

Bəs bir neçə ay ərzində işsizliyin sayı belə azala bilərmi? Ölkədə real işsizlik nə qədər ola bilər?

Rəsmi rəqəmlərə görə, bu ilin ortalarında Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5.2 milyondan çox olub. Onlardan 5 milyona yaxınını məşğul əhali təşkil edib. Muzdla çalışan işçilərin sayı isə cəmi 1 milyon 677.6 min nəfərə bərabər olub. Dövlət Statistika Komitəsi bildirir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda ümumilikdə 30 min 939 yeni iş yeri açılıb…

Astara sakini: "Qoy gülsünlər mənə, bu ləyəndə çimirəm"
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

"35 min aktiv məşğulluq tədbiri ilə əhatə edilib"

Dövlət Məşğulluq Agentliyindən isə "Turan"a bildirilib ki, 2021-ci ilin birinci rübündə 35 minədək işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbiri ilə əhatə edilib: "Onlardan 31.3 mini münasib işlərlə təmin olunub, 3 min 500-dək şəxs isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub".

Qurumdan əlavə olunub ki, yaxın vaxtlarda ölkənin məşğulluq xəritəsi artıq təqdim olunacaq: "Məşğul şəxslərin ölkə üzrə reyestri də yaxın vaxtlarda hazır olacaq. Ümumiyyətlə, bu ilin sonuna qədər rəqəmsal müstəviyə keçidlə bağlı işlərin yekunlaşdırılması nəzərdə tutulub".

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, rəsmi rəqəmlərlə reallıq arasında həmişə fərq olub: "Rəsmi statistikanın çox ciddi problemləri var, çünki Azərbaycanda alternativ hesabatlılıq yoxdur".

N.Cəfərli
N.Cəfərli

200 min sonra 600 min oldu

O xatırladır ki, ötən il pandemiya elan olunmazdan öncə Dövlət Statistika Komitəsi cəmi rəsmən 90 min 700 işsiz elan etmişdi: "Sonradan pandemiya ilə əlaqəli işsizliklə bağlı məlumat verilərkən əvvəl 200 min nəfərə müavinət veriləcəyi açıqlandı, amma sonradan bu rəqəm 600 minə qaldırıldı. Amma bu da səhv yanaşma idi. Öncədən hansısa say məhdudiyyətinin qoyulması bir çox haqqı olan insanların hüquqların pozulması ilə nəticələndi".

Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin son rəqəmlərini incələyərkən yəqin rəsmi izah ondan ibarət olacaq ki, sərtləşdirilmiş karantin dövründə qapadılmış bir çox sahələri açılıb: "O cümlədən şadlıq sarayları, ticarət mərkəzləri, restoranlar və s. Orada iş yerləri geri qayıdıb. Onları yeni iş yerləri deyil, əvvəlki iş yerlərinin bərpa olunması kimi dəyərləndirmək lazımdır".

Əri işsiz qalan hamilə qadın: Bəzən günlərini quru çörək və südlə yola verirlər
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00

"… İşsizliklə bağlı rəqəmlər hər həftə avtomatik yenilənir"

N.Cəfərli hesab edir ki, Azərbaycanda işsizliklə bağlı yeni bir qeydiyyat formasının həyata keçirilməsinə ehtiyac var: "Azərbaycanda işsiz kimi qeydiyyata düşməyin özü belə ciddi problemdir. Müraciət çətindir, müxtəlif sənədlər tələb olunur. Dünyanın inkişaf etmiş ölkələrində işsizliklə bağlı rəqəmlər hər həftə avtomatik yenilənir. Bizdə də bunu həyata keçirmək lazımdır".

İqtisadçı deyir ki, Azərbaycanda bunun da həyata keçirilməsinə əngəllər var: "Ən böyük əngəllərdən biri qeyri-rəsmi iş yerləridir. Azərbaycan hökuməti indiyə kimi bu problemi də həll edə bilməyib. Həddindən artıq yüksək vergi yükü bir çox hallarda vətəndaşla işəgötürəni sövdələşməyə və qeyri-rəsmi çalışmaq üçün yollar axtarmağa məcbur edir".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG