Keçid linkləri

2025, 13 İyun, Cümə, Bakı vaxtı 01:43

Konqres respublikaçıların İsrailə yardım qanununu qəbul edə bilməyib


Respublikaçı spiker Mayk Conson uğursuz səsvermədən sonra
Respublikaçı spiker Mayk Conson uğursuz səsvermədən sonra

ABŞ Konqresinin Nümayəndələr Palatası fevralın 6-da İsrailə 17.6 milyard dollar yardım nəzərdə tutan qanun layihəsini qəbul edə bilməyib.

Bu qanun layihəsini səsverməyə respublikaçılar çıxarmışdılar.

Prezident Co Baydenin administrasiyası bundan əvvəl bu qanun layihəsinə qarşı olduğunu bildirmiş, sənədi “siyasi fənd” adlandırmışdı.

Ağ Ev Senata təqdim edilmiş başqa bir qanun layihəsinin qəbulunu istəyir.

Həmin sənəddə İsraillə yanaşı, Ukrayna üçün də yardımlar nəzərdə tutulub.

Bu layihəyə respublikaçıların tələb etdiyi kimi cənub sərhədlərinin mühafizəsinin gücləndirilməsi və miqrasiya siyasətində islahatlar da daxildir.

Əksəriyyət leyhinə səs versə də qəbul olunmayıb

Bu da xəbər verilir ki, Nümayəndələr Palatası üzvlərinin əksəriyyəti respublikaçıların təklif etdiyi layihəyə səs versə də, sənəd qəbul edilməyib. Çünki onun sürətləndirilmiş prosedurla qəbulu üçün leyhinə səslərin üçdə iki nisbətində olması lazım idi.

Layihənin leyhinə 250, əleyhinə 180 səs verilmişdi. Layihəni respublikaçılardan başqa 46 demokrat da dəstəkləmişdi. Bununla yanaşı 14 respublikaçı və demokratların əksəriyyəti layihənin əleyhinə səs verib.

Xəbər verilir ki, bu qanun layihəsinin qüvvəyə minəcəyi əvvəldən şübhə doğururdu, çünki prezident Bayden sənədə veto qoyacağını demişdi.

Bununla belə sənədin qəbul edilməməsi respublikaçıların, o cümlədən spiker Mayk Consunun uğursuzluğu kimi qiymətləndirilir.

Respublikaçıların daha bir uğursuzluğu

Respublikaçıların daha bir uğursuzluğu Bayden administrasiyasının daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın impiçment səsverməsinin iflası olub.

Bu səsvermədə “heç-heçə” qeydə alınıb. İmpiçmentin leyhinə və əleyhinə 215 konqresmen səs verib.

Səsvermədə həlledici rolu demokrat El Qrin oynayıb. O iclasa cərrahiyyə əməliyyatından dərhal sonra xəstəxana arabasında gətirilmişdi.

Bu məsələni gələcəkdə səsverməyə çıxara bilmək üçün respublikaçılardan biri səsini dəyişərək “əleyhinə” edib. Beləliklə nəticə 214 leyhinə, 216 əleyhinə olub.

Bütün bunlara baxmayaraq prezident Co Baydenin Ukrayna və İsrailə yardıma dair qanun layihələrini birləşdirmək çağırışının perspektivləri nikbin görünmür.

Senatdakı respublikaçı azlığın lideri Mitç Makkonnel deyib ki, bu qanunun qəbulu üçün səslər çatışmayacaq.

Onun fikrincə Ukrayna və İsrailə yardımlar haqqında iki ayrı-ayrı layihələr lazımdır.

Bayden bildirir ki, bu qanun layihəsinin qəbuluna keçmiş prezident Donald Trampın təzyiqləri mane olur.

XS
SM
MD
LG