Oktyabrın 30-na keçən gecə İsrail Qəzzada quru əməliyyatlarını davam etdirib, binalarda və tunellərdə barrikadalar quran onlarla HƏMAS silahlısı öldürülüb. Məlumatı İsrailin Müdafiə Qüvvələri (İMQ) bu gün – oktyabrın 30-da yayıb.
İMQ son bir neçə gündə 600-dən artıq "terror" hədəflərinin vurulduğunu bildirib. Buraya silah depoları, onlarla tank əleyhinə raketburaxma mövqeləri, eləcə də HƏMAS-ın istifadə etdiyi gizli sığınacaqlar və platsdarmlar daxildir.
"İkinci mərhələ"
İsrail ötən həftə HƏMAS-a qarşı müharibənin ikinci mərhələsinin başlandığını bildirib. Bazar günü – oktyabrın 29-da isə Qəzzaya quru əməliyyatının intensivləşdiyi açıqlanıb. Bundan öncə HƏMAS-ın nəzarət etdiyi ərazilər həftələrlə havadan zərbələrə məruz qalıb.
Ölkə "uzun və çətin" müharibəyə hazırdır, İsrailin baş naziri Binyamin Netanyahu deyib. HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu nəticəsində, əsasən, dinc sakinlər olmaqla azı 1400 nəfər öldürülüb.
İsrailin bu hücuma cavab olaraq başlatdığı zərbələrdə ölənlərin sayı isə 8 minə yaxınlaşır. Bu məlumatı oktyabrın 29-da Rəmallahdakı Fələstin Səhiyyə Nazirliyi açıqlayıb. Qurum azı 20 min nəfərin xəsarət aldığını bildirib. Öldürülənlərin 73 faizinin əhalinin həssas qruplarından, o cümlədən uşaqlar, qadınlar və yaşlılar olduğu xəbər verilir.
"Reuters" bu rəqəmləri dəqiqləşdirə bilməyib.
Xəstəxanalarla bağlı iddialar
İsrailin hava zərbələrinin Qəzzadakı Əl-Şifa və Əl-Qüds xəstəxanaları yaxınlığına düşdüyü, fələstinli silahlıların Xan Yunis şəhərinin şərq hissəsində İsrail qüvvələri ilə toqquşduğu bildirilir.
Fələstin Qırmızı Xaç Komitəsi bazar günü bildirib ki, 14 minədək insanın sığındığı Əl-Qüds xəstəxanasının dərhal boşaldılması barədə İsrail hakimiyyətindən xəbərdarlıq alıb.
İsrail HƏMAS-ı Qəzzadakı xəstəxanalarda komandanlıq mərkəzlərini, digər hərbi infrastrukturu yerləşdirməkdə ittiham edir. Radikal qruplaşma isə bunu rədd edir.
Fələstin rəsmiləri Əl-Şifa xəstəxanasına 50 minədək insanın sığındığını, İsrailin bu əraziyə təhdidindən narahat olduqlarını deyiblər.
HƏMAS 7 oktyabr hücumu zamanı azı 239 nəfəri girov götürüb.
İsrail ordusu Qərb sahildə islamçı qruplara qarşı əməliyyatları da intensivləşdirib. Onlarla fələstinli öldürülüb, yüzlərlə həbs olunan var.