Dünya xəbərləri
İsrail Qəzzadakı xəstəxanada HƏMAS komandirini vurduğunu bildirir
Noyabrın 12-nə keçən gecə İsrail hərbçiləri Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) ilə birlikdə Qəzza sektorunun cənubundakı Xan-Yunis şəhərində yerləşən "Nasir" xəstəxanasına zərbə endiriblər. İsrail ordusunun məlumatına görə, hücumun hədəfi ABŞ və Avropa İttifaqının terror təşkilatı kimi tanıdığı HƏMAS qruplaşmasının yüksəkrütbəli komandirləri olub. Daha sonra İsrail Müdafiə Qüvvələri (SAXAL) zərbə nəticəsində HƏMAS-ın Xan-Yunis bölgəsi üzrə briqada komandiri Məhəmməd Əbu İsmayılın öldürüldüyünü təsdiqləyib. Qruplaşmanın digər komandirləri də hücuma məruz qalıblar.
İsmayılın briqadanın fəaliyyətini əlaqələndirdiyi, eləcə də İsrail hərbçilərinə və mülki şəxslərinə qarşı əməliyyatların keçirilməsinə əmr verdiyi iddia olunur. O, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumu zamanı girov götürülmüş çoxsaylı şəxslərin saxlanılmasına görə də məsuliyyət daşıyıb.
İsrail ordusu bildirir ki, HƏMAS nümayəndələri xəstəxana ərazisində komanda məntəqəsi yaradıblar. Zərbədən əvvəl mülki əhalinin xəbərdar edilməsi üçün tədbirlər görüldüyü vurğulanır.
Qəzzanın Mülki Müdafiə Xidmətindən isə bildirilib ki, zərbə xəstəxananın cərrahiyyə şöbəsinə endirilib. Nəticədə azı altı nəfər həlak olub, təxminən 20 nəfər yaralanıb. Ölənlər arasında cərrah həkimin, yaralananlar arasında isə mülki şəxslərin olduğu iddia edilir. Öldürülən HƏMAS döyüşçülərinin sayı barədə məlumat verilmir. Qruplaşma bu hücumu "hərbi cinayət" adlandırıb.
Qəzzanın bir hissəsi hələ də HƏMAS-ın nəzarətindədir və bir ildən çoxdur ki, orada atəşkəs rejimi qüvvədədir. İsrail HƏMAS-la əlaqəli konkret şəxsləri zərərsizləşdirmək məqsədilə vaxtaşırı hədəfli zərbələr endirir.
Ötən ilin oktyabrından bəri Qəzzada 1500-dən çox fələstinlinin həlak olduğu bildirilir. Onlardan neçəsinin HƏMAS-la əlaqəli olduğu açıqlanmır.
Bütün xəbərləri izləyin
Rusiyanın Ukraynaya zərbələrindən 3 nəfər həlak olub
Noyabrın 12-nə keçən gecə Rusiya ordusu Ukraynanın bir sıra bölgələrinə hücum edib.
Ukraynanın qərbində yerləşən Rovno vilayətində Rusiya hərbçiləri enerji obyektlərini və yaşayış məntəqələrini hədəfə alıblar. Bəzi yerlərdə elektrik enerjisinin verilişi kəsilib. Ümumilikdə 160-a yaxın yaşayış məntəqəsinin işıqsız qaldığı bildirilir.
Xarkov vilayətində son sutka ərzində Rusiya ordusunun açdığı atəşlər nəticəsində iki nəfər həlak olub, daha yeddi nəfər, o cümlədən iki uşaq yaralanıb.
Rusiyanın Xerson vilayətinə endirdiyi zərbələr nəticəsində bir nəfər həlak olub.
Zaporojye vilayətində isə 15 nəfər, o cümlədən bir uşaq xəsarət alıb.
Ukrayna tərəfi Rusiya hərbçilərinin gecə ərzində ballistik raketlər və 100-dən çox dron buraxdığını açıqlayıb.
Sankt-Peterburqda polkovnik öldürülüb
Noyabrın 12-də səhər saatlarında Sankt-Peterburqun Puşkin rayonunda avtomobilin partladılması nəticəsində Rusiya ordusunun polkovniki həlak olub. Rusiya mediasının yazdığına görə, partlayış hərbçi yaşadığı evin həyətindən avtomobillə çıxarkən baş verib.
"Fontanka"nın məlumatına görə, partlayıcı qurğu avtomobilin alt hissəsinə bərkidilib və məsafədən işə salınıb.
Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işinin açıldığını bildirib.
Partlayış avqust ayında Rusiya Hava Hücumundan Müdafiə Qoşunlarının polkovnik-leytenantının öldürüldüyü yerdən təxminən 500 metr aralıda qeydə alınıb. Şuşarı qəsəbəsindəki Slavyanka mikrorayonunda törədilmiş həmin hadisədə də partlayıcı qurğu hərbçinin avtomobilinə bərkidilmişdi.
Britaniyada casusluq işi üzrə ABŞ hərbçisi saxlanılıb
London polisinin antiterror bölməsi Böyük Britaniyada ABŞ ordusunun hərbi qulluqçusunun saxlanıldığını bildirib. O, milli təhlükəsizlik qanunvericiliyinin pozulmasında və Rusiya ilə əlaqəli qanunsuz fəaliyyətlərdə şübhəli bilinir.
41 yaşlı yüksəkrütbəli hərbçinin dünən – noyabrın 10-da Qloster şəhəri yaxınlığında saxlanıldığı vurğulanır. BBC-nin məlumatına görə, ona qarşı şübhələr gizli məlumatların əldə edilməsi və ya yayılması, habelə xarici kəşfiyyat xidmətinə işləməklə bağlı maddələrlə əlaqədardır.
İstintaq çərçivəsində Qlosterşir qraflığındakı iki ünvanda axtarış aparılıb.
BBC-nin verdiyi xəbərə görə, həmin hərbçi Qlosterşir qraflığının İnnsvort qəsəbəsində yerləşən "İmcin" hərbi bazasında xidmət edirmiş. Bu bazada NATO-nun Sürətli Reaksiya Korpusunun qərargahı yerləşir.
London polisi istintaq çərçivəsində Britaniya hüquq-mühafizə orqanlarının ABŞ ilə, xüsusilə də Federal Təhqiqat Bürosu (FTB) ilə sıx əməkdaşlıq etdiyini bildirib.
FTB direktoru Keş Patel casusluq ittihamı ilə bağlı bu həbsi "mühüm qərar" adlandırıb.
"İstintaqın davam etdiyi bir vaxtda açıq şəkildə bildirmək istəyirəm: FTB ABŞ-yə verdiyi sədaqət andını pozan, öz əməlləri ilə milli təhlükəsizliyimizə, eləcə də tərəfdaşlarımızın təhlükəsizliyinə təhlükə yaradan heç kimə qarşı güzəştə getməyəcək", –Patel vurğulayıb.
Hərbçinin adı açıqlanmır. Hazırda o, London polis bölmələrindən birində saxlanılır.
Neftin qiyməti 90 dollardan aşağı düşüb
Bu gün – noyabrın 10-da neftin qiymətində ucuzlaşma davam edib. Bir gün əvvəl ABŞ prezidenti Donald Trampın İrana qarşı əlavə hərbi əməliyyatlara ehtiyac olmadığını bildirməsi Yaxın Şərqdən neft tədarükündə uzunmüddətli fasilələrlə bağlı narahatlıqları azaldıb.
"Brent" markalı neftin fyuçersləri 2.39 dollar və ya 2.58 faiz ucuzlaşaraq bir barel üçün 90.18 dollara enib. ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı neftinin fyuçersləri isə 2.11 dollar və ya 2.43 faiz ucuzlaşaraq 84.74 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti avqustun 31-dən bəri ilk dəfə 90 dollardan aşağı düşüb.
Tramp noyabrın 9-da bəyan edib ki, Qətərin baş naziri də daxil olmaqla, region ölkələrinin müraciətlərindən sonra İrana qarşı yeni hərbi zərbələr endirməkdən hələlik çəkinməyi planlaşdırır.
Bəzi təhlilçilərin fikrincə, yüksək qiymətlər tələbatı azaltdığından qlobal neft bazarında yenidən izafi təklif (təklif artıqlığı) yaranıb.
"JPMorgan" bankının ötən həftə açıqladığı hesabata görə, oktyabrda qlobal neft bazarında gündəlik izafi təklif təxminən 1.4 milyon barel olub.
Təklifə gəldikdə isə, oktyabrda OPEC ölkələrində neft hasilatı artıb. Artım əsasən Səudiyyə Ərəbistanı, Küveyt və İraqın hasilatı hesabına baş verib.
"Brent" markalı neftin qiyməti oktyabrın 30-da çatdığı altı aylıq maksimum həddən – 118 dollardan təxminən 23 faiz aşağı düşüb.
Ermənistanda iki rusiyalı hərbçi ukraynalını döyməkdə şübhəli bilinir
Gümrüdəki Rusiya hərbi bazasının iki hərbçisi Ukrayna vətəndaşının döyülməsi işi üzrə saxlanılıb. Bu barədə AzadlıqRadiosunun erməni xidməti ölkənin İstintaq Komitəsinə istinadla məlumat yayıb.
İnsidentin təxminən bir ay əvvəl baş verdiyi bildirilir. Ukrayna vətəndaşı Dimitri Samuyelenko Gümrü şəhərinin Ani rayonunda iki rusiyalı hərbçinin onu döyməsi ilə bağlı şikayət ərizəsi verib.
İstintaq Komitəsi bir qrup şəxs tərəfindən fiziki zorakılıq maddəsi ilə cinayət işi açıb və məhkəmə-tibbi ekspertiza təyin edib. Şübhəlilər sağlamlığa yüngül xəsarət yetirmək ittihamı ilə həbs olunublar.
Ukraynalının hansı səbəbdən döyüldüyü açıqlanmır.
"Azatutyun" yazır ki, bu, son vaxtlar Ermənistanda rusiyalı hərbçilərin iştirakı ilə baş verən ilk insident deyil. Bundan əvvəl hüquq müdafiəçisi Artur Sakunts rusiyalı hərbçilərin bir gənci döyməsi və alçaltması barədə məlumat vermişdi. Ermənistan Baş Prokurorluğu həmin hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
Gümrüdə Rusiyanın 102-ci hərbi bazası yerləşir. Baza 1995-ci ildə Moskva ilə Yerevan arasında imzalanmış dövlətlərarası saziş əsasında rəsmiləşdirilib.
Fransadakı soyuduculara kiberhücumda İran ittiham edilir
Oktyabrın ortalarında Fransanın müxtəlif regionlarındakı supermarketlərdə soyuducuları sıradan çıxarmış haker hücumunun arxasında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dayana bilər. Bunu noyabrın 9-da Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib. O əlavə edib ki, günahkarlar tapılacaq və "Avropa səviyyəsində" məsuliyyətə cəlb olunacaqlar.
Barro Fransa Xarici İşlər Nazirliyinin İranın Parisdəki səfirini çağırdığını da bildirib.
Fransa Baş Prokurorluğu isə həmin gün insidentlə bağlı araşdırma apardığını açıqlayıb. Qurum şübhəlilər arasında SEPAH-la əlaqəli "Şahed Kaveh" haker qruplaşmasının adını çəkib.
Kiberhücum oktyabrın 12-nə keçən gecə baş verib, nəticədə Fransada yüzlərlə supermarketin soyuducusu sıradan çıxıb. Hakerlər soyuducu və dondurucu kameraların temperaturunu uzaqdan dəyişə biliblər və temperatur bir neçə saat ərzində 50 dərəcəyə qalxıb. Mağazalar xarab olmuş ərzaq məhsullarını atmalı olublar. Zərərin məbləği bir neçə milyon avroya çata bilər.
Noyabrın 2-nə keçən gecə Avropanın daha yeddi ölkəsində supermarketlərin soyuducuları oxşar hücuma məruz qalıb.
Hakerlər Fransada donor qan plazmasının saxlanıldığı üç anbarın soyuducu sistemlərinə də müdaxilə ediblər. Onlar soyuducu avadanlıqların temperatur parametrlərini mənfi 30 dərəcədən müsbət 110 dərəcəyə dəyişiblər. Ancaq qan preparatlarının xarab olmasının qarşısını almaq mümkün olub.
Danimarka polisi Kopenhagen aeroportuna bomba təhdidlərini araşdırır
Danimarka polisi noyabrın 6-da Kopenhagen hava limanına qarşı təhdidlərlə bağlı təhqiqat apardığını bildirib. Polis sərnişinlər üçün hər hansı təhlükənin olmadığını əlavə edib.
Ötən gün – noyabrın 5-də Avropada onlarla sərnişin reysi saxta bomba xəbərdarlıqları ucbatından təxirə düşüb və ya ləngiyib. Bəzi təyyarələr məcburi eniş etməli olub, digərlərini isə qırıcılar müşayiət edib.
Kopenhagen polisi təhlükəsizliyi təmin etmək üçün hava limanında əlavə qüvvələrin yerləşdirildiyini və hadisənin araşdırıldığını bildirib. Əlavə təfərrüat açıqlanmayıb.
Cümə axşamı gələn bomba təhdidindən sonra Danimarkanın ən böyük hava limanında iki təyyarədə axtarış aparılsa da, hər hansı partlayıcı qurğu tapılmayıb.
Bomba xəbərdarlıqları bu gün də davam edib. İspaniyanın xarici işlər nazirinin sözlərinə görə, Avropa, görünür, "hibrid təcavüzün və psixoloji müharibənin bir forması" ilə üz-üzə qalıb.
Çexiya polisi də Praqa reyslərinə qarşı bomba təhdidlərinin daxil olduğunu bildirib. Hava limanı sözçüsünün dediyinə görə, təhdidlər gələn dörd və gedən beş uçuşu əhatə edib. Amma heç bir partlayıcı tapılmayıb, heç bir reys ləğv olunmayıb və ya marşrutu dəyişdirilməyib.
Çox keçmədən İtaliyanın hava limanı idarəsindəki mənbə Praqadan Romaya uçan "Wizz Air" təyyarəsinin Venesiyaya yönləndirildiyini və orada təhlükəsiz eniş etdiyini bildirib.
Fransa baş nazirinin ofisi isə ölkə üzərindən uçan təyyarələrə qarşı daha dörd yeni bomba təhdidinin daxil olduğunu açıqlayıb. Həmin təyyarələr də təhlükəsiz şəkildə yerə enib.
"CNN Portugal"ın yaydığı məlumata görə, Romadan Lissabona uçan "Ryanair" təyyarəsinə də bomba xəbərdarlığı edilib. Təyyarə yerə endikdən sonra orada təhlükəsizlik əməliyyatı keçirilib.
Bomba təhdidləri noyabrın 5-i axşamadək ümumilikdə 30-a yaxın reysə mənfi təsir göstərib. Bundan əvvəl isə azı yeddi reysə və bir kruiz gəmisinə qarşı da saxta xəbərdarlıqlar edilmişdi.
Təhdidlərin arxasında kimin dayandığı açıqlanmayıb, həmçinin məsuliyyəti üzərinə götürən hər hansı bəyanatın doğruluğu hələlik rəsmən təsdiqini tapmayıb.
Avropada bir çox rəsmi şəxs Rusiyanı 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan bəri təxribat xarakterli hərəkətlərdə və hibrid hücumlarda günahlandırır.
Uçuşların pozulduğu Danimarka, Polşa və Rumıniya əvvəllər bu cür hibrid hücumların arxasında birbaşa Moskvanın dayandığını iddia ediblər. Almaniya avqustda Rusiyanı Leypsiq hava limanına hücum planlaşdırmaqda günahlandırmışdı.
Böyük Britaniya isə ABŞ-nin hərbi hava bazasına qarşı ehtimal edilən hücum planını İranla əlaqələndirib.
Həm Rusiya, həm də İran bu ittihamları rədd edib.
Baltik dənizində kabel sabotajı: rusiyalı kapitan və azərbaycanlı dənizçiyə hökm çıxarıldı
Noyabrın 5-də Finlandiya məhkəməsi "Fitburq" yük gəmisinin rusiyalı kapitanı və azərbaycanlı heyət üzvü barəsində hökm çıxarıb. Onlar ötən il Finlandiya körfəzində iki sualtı rabitə kabelini zədələməkdə və ağır sabotaj törətməkdə təqsirli biliniblər.
Finlandiya dekabrın 31-də Rusiyadan İsrailə gedən bu gəmini Finlandiya körfəzində saxlamışdı. Gəminin Helsinki ilə Estoniya arasındakı kabelləri zədələdiyindən şübhələnirdilər.
Helsinki rayon Məhkəməsi kapitanı 3 il 6 ay, azərbaycanlı heyət üzvünü isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin qənaətinə görə, hər iki şəxs gəminin lövbər zəncirini və milini dənizin dibi ilə təxminən 130 kilometr məsafədə qəsdən sürükləyiblər.
Vəkillərin dediyinə görə, kapitan bu hökmdən apellyasiya şikayəti verəcək, azərbaycanlı dənizçi isə hələlik bununla bağlı qəti qərara gəlməyib.
Məhkəmə hər iki təqsirləndirilən şəxsin birlikdə 1.9 milyon avro təzminat ödəməsi barədə də qərar çıxarıb. Hökmə əsasən, kapitan fərdi olaraq daha 85 min avro ödəməlidir.
Sent-Vinsent və Qrenadin bayrağı altında üzən gəmi həmin vaxt Rusiyanın Sankt-Peterburq limanından İsrailə gedirmiş. Hadisədən sonra gəminin özü sərbəst buraxılıb.
Hazırda hər iki şəxsin ölkədən çıxışına qadağa qoyulub. Onlar hər hansı qanun pozuntusuna yol vermədiklərini deyir, həmçinin Finlandiya məhkəməsinin bu işə baxmaq yurisdiksiyasına etiraz edirlər.
Ümumilikdə gəminin 14 nəfərlik heyəti Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşlarından ibarət olub.
2022-ci ildən bəri Baltik dənizindəki kabellərə və boru kəmərlərinə zərər vuran oxşar hadisələrdən sonra Finlandiya sualtı infrastrukturunun mühafizəsini daha da gücləndirib.
Türkmənistan 'Şimal-Cənub' nəqliyyat dəhlizini genişləndirir
Türkmənistanda Qaraboğaz qəsəbəsini Qazaxıstan sərhədi ilə birləşdirən 44 kilometrlik avtomobil yolu açılıb. Yeni yol beynəlxalq "Şimal-Cənub" nəqliyyat dəhlizinin tərkib hissəsidir.
Açılış mərasimi noyabrın 4-də keçirilib. Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov mərasimə videobağlantı vasitəsilə start verib.
Yeni yol Türkmənbaşı-Qaraboğaz-Qazaxıstan sərhədi avtomobil magistralının bir hissəsidir. Orient.tm nəşri bu yolun Qazaxıstan sərhədinə birbaşa çıxışı təmin etdiyini yazır.
Ümumi uzunluğu 207 kilometr olan Türkmənbaşı-Qaraboğaz avtomobil magistralının tikintisinə 2025-ci ilin noyabrında başlanılıb. Digər hissələrdə isə tikinti işləri davam edir.
S.Berdiməhəmmədov elə həmin gün Aşqabad-Daşoğuz yolunun təməlqoyma mərasimində də iştirak edib. Uzunluğu 550 kilometr olacaq bu magistral da "Şimal-Cənub" dəhlizinin bir hissəsinə çevrilməlidir.
"Şimal-Cənub" nəqliyyat dəhlizinə dair beynəlxalq sazişi 2000-ci il sentyabrın 12-də Rusiya, Hindistan və İran imzalayıb. Saziş 2002-ci ilin mayında qüvvəyə minib. Layihə Cənubi Asiya, Fars körfəzi ölkələri, Rusiya və Avropa arasında yükdaşımalar üçün alternativ marşrutun yaradılmasını nəzərdə tutur. Məqsəd Süveyş kanalı üzərindən keçən dəniz marşrutu ilə müqayisədə daşınma müddətini və xərclərini azaltmaqdır.
Sonradan bu sazişə Qazaxıstan, Belarus, Azərbaycan, Ermənistan və Türkiyə qoşulub. Türkmənistan isə layihənin iştirakçısına 2023-cü ildə çevrilib.
Bu nəqliyyat şəbəkəsi dəmir yolu, avtomobil və dəniz marşrutlarını birləşdirir və üç əsas istiqaməti əhatə edir: Azərbaycan üzərindən keçən qərb marşrutu, Qazaxıstan və Türkmənistandan keçən şərq marşrutu, həmçinin Rusiya və İranın Xəzər limanlarından istifadə etməklə formalaşan transxəzər marşrutu.
Ərdoğan Zelenski ilə danışıqlardan sonra Putinlə danışmaq istədiyini bildirib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü – noyabrın 7-də Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. Ərdoğan bundan sonra Ukraynadakı müharibəni bitirmək yollarını müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinlə danışmaq niyyətində olduğunu bildirib.
O, jurnalistlərə deyib ki, xarici işlər naziri Rusiya və Ukrayna təmsilçilərinin Türkiyədə mümkün görüşünü təşkil etmək məqsədilə hər iki tərəflə danışıqlar aparır.
ABŞ-nin birinci xanımı Melaniya Trampın isə bu gün – noyabrın 5-də Ağ Evdə Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirəcəyi gözlənilir. "Reuters" agentliyinin məlumatına görə, Rusiyanı bu tədbirdə prezident Vladimir Putinin xüsusi elçisi Kirill Dmitriyev təmsil edəcək və o, ABŞ administrasiyasının rəsmiləri ilə görüşlər keçirəcək.
Ağ Evin yaydığı bəyanata görə, M.Tramp Rusiyanın işğalı altında olan Oleşki qəsəbəsi ətrafında altı günlük lokal atəşkəslə bağlı çıxış edəcək. O, bu atəşkəsin əldə olunmasında şəxsən vasitəçilik edib.
Bu səfərdən öncə – noyabrın 3-də Konqresə keçirilən aralıq seçkilərində demokratlar həm Senata, həm də Nümayəndələr Palatasına nəzarəti ələ keçiriblər.
Kreml bildirib ki, Respublikaçılar Partiyasının məğlubiyyətinə baxmayaraq, Trampın sülhə nail olmaq səylərini davam etdirəcəyinə ümid bəsləyir.
Noyabrın 10-da isə ABŞ, Rusiya və Ukrayna rəsmiləri Əbu-Dabidə üçtərəfli görüş keçirəcəklər.
Oleşkidən 800 nəfər çıxarılıb
Ukraynanın Xerson vilayətində yerləşən Oleşki şəhərində atəşkəs oktyabrın 27-dən noyabrın 1-dək qüvvədə olub və "sükut rejimi" artıq başa çatıb. Bunu Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets bildirib.
Rusiya qoşunlarının işğalı altında olan Oleşkidə yerli əhali ərzaq çatışmazlığı şəraitində, aclıq həddində yaşayırdı. Atəşkəs ABŞ-nin Birinci ledisi Melaniya Trampın vasitəçiliyi ilə əldə olunub. O, X hesabında missiyanın uğurla başa çatdığını və 800-ə yaxın insanın təxliyə edildiyini yazıb. "Ümid edirəm ki, Oleşkidə əldə olunan nəticə iki ölkə arasında sülh üçün əsas olacaq", – M.Tramp əlavə edib.
Oleşkidən çıxarılmış mülki sakinlər şənbə günü – oktyabrın 31-də Ukraynaya qayıdıblar. Əvvəlcə onları Rusiyanın Anapa şəhərinə aparıb, oradan təyyarələrlə Belarusa, daha sonra isə avtobuslarla Ukrayna ərazisinə çatdırıblar. Şəhər sakinlərinin bir qismi isə Rusiyaya getmək istədiyini bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, Rusiya hərbçiləri humanitar fasilədən öz mövqelərini möhkəmləndirmək, bölmələrinin rotasiyasını aparmaq, logistika imkanlarını genişləndirmək, o cümlədən döyüş sursatı daşımaq üçün istifadə ediblər.
Dünyanın ən böyük kripto oğurluğu: 'Binance'dan 6.3 milyard dollar oğurlanıb
Hakerlər dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"dan 6.3 milyard dollar oğurlayıblar. "Reuters" agentliyinin məlumatına görə, analitiklər bu rekord məbləğdə oğurluğun arxasında Şimali Koreyanın dayandığını bildirirlər. Onların fikrincə, bu hadisə rəqəmsal aktivlərə olan etimadı ciddi şəkildə sarsıda bilər.
Bu xəbərin ardınca kriptovalyutaların qiymətində kəskin eniş qeydə alınıb.
"Binance" vəsaitlərin çıxarılmasını müvəqqəti dayandırıb və dəymiş ziyanı qarşılayacağını açıqlayıb. "Tether" və "Circle" kimi steyblkoin emitentləri, eləcə də ABŞ prezidenti Trampın dəstəklədiyi "World Liberty Financial" platforması oğurlanmış aktivlərin təxminən yarısını qısa müddətdə dondura biliblər.
ABŞ və Cənubi Koreya rəsmiləri, eləcə də kibertəhlükəsizlik ekspertləri bildirirlər ki, Şimali Koreya illərdir dövlətə bağlı kiberbölmələrdən casusluq, maliyyə oğurluqları və gəlir əldə olunması məqsədilə geniş yararlanır.
Şimali Koreya bu ittihamları qəti şəkildə rədd edir. Ölkənin Cenevrədəki nümayəndəliyi və Çindəki səfirliyi isə "Reuters"in şərh sorğularını cavabsız qoyub.
"Binance" istifadəçilərin vəsaitlərinin təhlükəsiz olduğunu, oğurlanmış aktivlərin bir hissəsini dondurmaq üçün tərəfdaşları ilə birlikdə işlədiyini bəyan edib. İndiyədək təxminən 3 milyard dollarlıq aktivin yeri müəyyənləşdirilib və birja növbəti 48 saat ərzində vəsaitlərin çıxarılması xidmətini bərpa etməyi planlaşdırır.
Qalan 3.3 milyard dolların taleyi ilə bağlı isə hələlik heç bir məlumat verilməyib.
"Binance"in ilkin araşdırmasına əsasən, haker hücumu şirkət mühəndislərindən birinin noutbukunun sındırılması ilə başlaya bilərdi. Bununla da şirkətin daxili sistemlərindən birinə giriş əldə edilib və icazəsiz vəsait çıxarma əməliyyatları həyata keçirilib.
İspaniyada iki qatar toqquşub, onlarla insan həlak olub
Oktyabrın 28-də İspaniyanın Toledo şəhəri yaxınlığında iki sürət qatarı toqquşub, azı 64 nəfər həlak olub.
Faciə Madrid-Əndəlüs yüksəksürətli dəmir yolu xəttinin Urda şəhərindən keçən hissəsində qeydə alınıb. Bu, son bir ildən də az müddətdə həmin xətdə baş verən ikinci ölümcül qəzadır.
Belə ki, bu il yanvarın 18-də ölkənin cənubunda – Kordova vilayətinin Adamus şəhəri yaxınlığında relsdən çıxan sürət qatarı qarşıdan gələn digər qatarla toqquşmuşdu. Həmin vaxt 46 nəfər həlak olmuş, 120-dən çox insan isə xəsarətlər almışdı. Hazırda hadisə ilə bağlı istintaq aparılır. İlkin hesabatda qəzaya əsas səbəb kimi dəmir yolu xəttindəki və relslərdəki qüsurlar göstərilib.
Ümumiyyətlə, İspaniyada əvvəllər də böyük itkilərlə nəticələnən qatar qəzaları qeydə alınıb. Məsələn, 2013-cü ilin yayında ölkənin şimal-qərbində yerləşən Santyaqo-de-Kompostela şəhəri yaxınlığında səkkiz vaqonlu sürət qatarı kəskin döngədə relsdən çıxaraq beton divara çırpılmış və alışmışdı. O vaxt 80 nəfər həlak olmuş, 145 nəfər yaralanmışdı.
2004-cü il martın 11-də isə Madridin şəhərətrafı "Cercanias" dəmir yolu şəbəkəsinə aid dörd qatarda çantalara yerləşdirilmiş 10 bomba partladılıb. Bu terror aktı nəticəsində 193 nəfər həlak olub, minlərlə insan yaralanıb. Hücumları İspaniyanın İraq müharibəsində iştirakına etiraz edən radikal islamçılar törədiblər.
Ukrayna gömrüyünü Aİ-yə köçürür – FT
Ukrayna gömrük yoxlamalarını sərhəddən Polşa və Slovakiyanın ərazilərinə keçirmək üçün bu ölkələrlə danışıqlar aparır. Məqsəd taxıl ixrac edən yük maşınlarını Rusiyanın dron hücumlarından qorumaqdır. Bu barədə oktyabrın 22-də "The Financial Times" (FT) məsələdən məlumatlı mənbələrə istinadən yazıb.
Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Kiyev artıq Moldova ilə birgə sərhəd nəzarəti məntəqələri yaradıb və bu təşəbbüsü Polşa da daxil olmaqla digər qonşu ölkələrin ərazisində də reallaşdırmaq istəyir.
Nazirliyin sözçüsü Heorhi Tıxı FT-yə bildirib ki, bu addım "Rusiyanın sərhədlərimizə qəsdən zərbələr endirdiyi yeni təhlükəsizlik şəraiti" ilə bağlıdır Onun sözlərinə görə, Kiyev Polşa ilə razılaşmanı "mümkün qədər tez" yekunlaşdırmaq istəyir.
Avropa Komissiyası bildirib ki, Moldovaya bütün sərhəd gömrük yoxlamalarını öz ərazisində keçirməyə kömək edir.
Avqust ayından bəri Ukrayna Rumıniya, Moldova və Polşa ilə sərhəd-keçid məntəqələrinə çoxsaylı hücumlar qeydə alıb. Nəticədə sərhədlər boyunca yük maşınlarının uzun növbələri yaranıb.
Ukrayna Gömrük Xidməti bu həftə bildirib ki, Volın vilayətindəki sərhəd-keçid məntəqələrindən birində 1200-dən çox yük maşını Ukraynaya daxil olmaq üçün növbə gözləyir.
Rusiyada böyük yoxlama: Təkcə Moskvadan 6 min 500 miqrant qovuldu
Oktyabrdan etibarən Sankt-Peterburqda miqrantların patent əsasında işləməsinə qoyulan qadağalar daha da genişləndirilib. Şəhərdə reydlər keçirilir, polis miqrantları kütləvi şəkildə saxlayır və onlara hərbi komissarlıqlara çağırış vərəqələri paylanır.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə idarəsinin rəsmi məlumatına görə, oktyabrın 1-dən 10-dək "Qanunsuz miqrant-2026" (Neleqal-2026) əməliyyatının ikinci mərhələsi keçirilib. Yalnız Moskva vilayətində 6 min 500 əcnəbi ölkədən məcburi qaydada çıxarılıb, 18 min 600 miqrantın isə Rusiyaya girişinə qadağa qoyulub. Ümumilikdə miqrasiya qanunvericiliyinin 16 mindən çox pozulması faktı aşkarlanıb.
Cəza tədbirlərinin təkcə miqrantlara deyil, həm də işəgötürənlərə tətbiq olunduğu bildirilir. Əcnəbilərin əməyindən qanunsuz istifadə edən işəgötürənlər barəsində təxminən 2 min 400 inzibati protokol tərtib edilib.
Pravda.ru yazır ki, ötən həftə Sankt-Peterburqda polis cümə namazı vaxtı məscidlərin ətrafındakı əraziləri mühasirəyə alaraq insanların sənədlərini yoxlayıb. Şahidlərin bildirdiyinə görə, bəzi şəxslərə hərbi komissarlıqlara çağırış vərəqələri də təqdim edilib.