İsrail parlamenti – Knesset ölümlə nəticələnən qəsdən terror aktı törətməkdə təqsirli bilinənlərə ölüm hökmü nəzərdə tutan qanun qəbul edib.
Qanun layihəsi üçüncü və sonuncu oxunuşda qəbul edilib. Baş nazir Binyamin Netanyahu daxil, parlamentin 62 üzvü onun lehinə, 48 nəfər əleyhinə səs verib.
Layihəni milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və onun ifrat sağçı "Otsma Yehudit" partiyası irəli sürüb. Terror hücumu zamanı qəsdən adam öldürməkdə təqsirli bilinənlərə edam cəzası kəsilməsi, onların asılması nəzərdə tutulur.
Ancaq hakim hökm çıxaranda ölüm cəzası ilə ömürlük həbs arasında seçim edə biləcək. İordan çayının qərb sahilində yaşayanlar üçün isə yalnız ölüm cəzası nəzərdə tutulur. Hakimlər bu halda hər hansı digər hökmü əsaslandırmalı olacaqlar. Hökmdən apellyasiya şikayəti vermək hüququ saxlanır.
Müxalifət, bir sıra insan haqları qurumları bu təşəbbüsü tənqid edib, onu qan tökülməsi üzərində piar hərəkəti adlandırıb.
İsrail qanunvericiliyində ölüm cəzası var, amma indiyədək yalnız iki dəfə edam həyata keçirilib. Sonuncu dəfə "Holokostun memarı" kimi tanınan nasist hərbi cinayətkar Adolf Eyxman edam edilib. O, təxminən 60 il öncə, 1962-ci ildə asılıb. Bu gün İsraildə terrorizmdə təqsirli bilinənlərə adətən ömürlük həbs verilir.