Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:01

Rusiya İsraili Suriya ərazisinə 'özbaşına' hava zərbələrini dayandırmağa çağırıb


Suriya dövlət mediasının yanvarın 21-də yaydığı xəbərə görə ölkə raketdənmüdafiə qüvvələri Dəməşqi hədəfləyən İsrail raketlərini qeydə alıb
Suriya dövlət mediasının yanvarın 21-də yaydığı xəbərə görə ölkə raketdənmüdafiə qüvvələri Dəməşqi hədəfləyən İsrail raketlərini qeydə alıb

Rusiya İsraili Suriya ərazisinə “özbaşına” hava zərbələri endirməsini dayandırmağa çağırıb. Bundan bir neçə gün əvvəl İsrail onun öz sözlərinə görə Suriya ərazisindəki İran qüvvələrinə hava zərbələri endirmişdi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova yanvarın 23-də deyib ki, “hər hansı suveren ölkənin ərazisinə, bu halda Suriya ərazisinə, özbaşına hava zərbələri praktikası istisna edilməlidir”.

İsrail bəyan edib ki, İran hərbiyyəsinin Suriya ərazisində möhkəmlənməsinə yol verməyəcək. İsrail Suriyada İran hədəfləri adlandırdığı məntəqələrə, habelə Livanın İranla müttəfiq şiə Hizbullah qruplaşmasına yüzlərlə hava zərbəsi endirib.

Bu hava zərbələri zaman-zaman Rusiya və İsrail arasında qıcıqlanmalara səbəb olub. Rusiya İranla birlikdə 2011-ci ildən davam edən Suriya münaqişəsində prezident Bashar al-Assad-a dəstək verir.

Zakharova deyib ki, belə zərbələr regionda ümumi gərginliyi artırır, bu isə, onun sözlərinə görə, uzun perspektivdə heç kimin marağında deyil:

"Biz heç vəchlə imkan verməməliyik ki, illərdir silahlı münaqişədən iztirab çəkən Suriya geosiya haqq-hesabların çürüdülməsi meydanına çevrilsin”.

Yanvarın 21-də İsrail hərbiyyəsi Suriyadakı İran hərbi obyektlərinə zərbə endirdiyini bəyan etmişdi. Həmin gün İsrail hərbi hava qüvvələri Dəməşq beynəlxalq hava limanının yaxınlığını raketlərlə vurmuşdu.

Britaniyada mənzillənmiş müşahidə qrupu – Suriya İnsan Haqları Observatoriyası bildirib ki, böyük bir ehtimalla raket zərbələrinə İran qüvvələri və Hizbullahın Dəməşq ətrafındakı silah anbarları məruz qalıb.

Bu zərbələrdən əvvəl İsrail Golan yüksəkliyi üzərindən İsrailə doğru atılmış raketi radarla tutmuşdu.

Yanvarın 23-də hərbi bazalardan birinə səfəri zamanı baş nazir Benjamin Netanyahu Suriya üzərinə reyd uçuşlarının siqnalını vermişdi.

O demişdi ki, İsrailin Müdafiə Qüvvəsi “Suriyada İrana qarşı döyüşən yeganə hərbi qüvvədir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG