Dekabrın 15-də İsrail Qəzza zolağında əməliyyatları davam etdirib. Təl-Əviv əsas dəstəkçisi olan Birləşmiş Ştatlara bildirib ki, HƏMAS radikal qruplaşmasını məhv etməyi hədəfləyən müharibə "bir neçə aydan çox" çəkəcək.
ABŞ və Aİ HƏMAS-ı terrorçu sayır.
Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə qəfil hücumu ilə başlayıb, İsrail rəsmiləri, əsasən, dinc sakinlər olmaqla min 200-dək insanın öldürüldüyünü bildirilir. Girov götürülən 240 nəfərin bir qismi isə qısamüddətli humanitar atəşkəs zamanı buraxılıb.
İtkilər
İsrail HƏMAS-ın məhvi, girovları qaytarmaq üçün Qəzza zolağını bombardman etməyə başlayıb.
Qəzzada səhiyyə rəsmiləri azı 18 min 700 nəfərin öldürüldüyünü, onların çoxunun qadınlar və uşaqlar olduğunu deyirlər.
Dekabrın 15-də səhər yayılan xəbərlərə görə, Qəzzanın cənubundakı Xan Yunis şəhərinə İsrailin zərbələrində onlarla adam öldürülüb, yaxud yaralanıb.
Ötən gecə Misirlə sərhəd yaxınlığındakı Rəfah şəhərində fələstinlilər İsrailin zərbəsindən sonra binaların dağıntıları altında qalanları fənərlərlə axtarıblar.
"Yaşayış məhəlləsidir, gördüyünüz kimi, burada uşaqlar və qadınlar yaşayır. Bu məhəllə yerlə-yeksan edilib", - Rəfahda yaşayan Əbu Ömər "France-Presse" agentliyinə deyib.
İsrail ordusunun sözçüsü Daniel Haqarinin sözlərinə görə, hərbçilər dekabrın 14-də gecə Qəzza şəhərinin iki rayonunda radikal silahlılarla döyüşüblər.
"Üzümüzə gələn günlərdə daha ağır döyüşlər olacaq", -- o deyib.
İsrail ordusunun dekabrın 15-də yaydığı məlumatda deyilir ki, quru əməliyyatı başlayanı Qəzzada 117 hərbçisi həlak olub.
ABŞ-ın reaksiyası
Birləşmiş Ştatlar İsrailin HƏMAS-ın hücumuna reaksiyasını qətiyyətlə dəstəkləyir, amma müttəfiqini dinc sakinlər arasında ölümləri azaltmağa çağırıb.
Dekabrın 14-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) Təl-Əvivdə İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant ilə görüşüb. Qallant xəbərdarlıq edib ki, İsrailin HƏMAS-la savaşı "bir müddət - bir neçə aydan çox çəkəcək, amma biz qalib gələcəyik, onları məhv edəcəyik".
ABŞ prezidenti Co Bayden (Joe Biden) Vaşinqtonda çıxışında İsraili Qəzzadakı dinc sakinlərə diqqətlə yanaşmağa çağırıb.
"Onların dinc sakinləri xilas etməyə fokuslanmasını, HƏMAS-la müharibəni dayandırmamasını, amma daha diqqətli olmasını istəyirəm", - Bayden deyib.
Vaşinqton indiyədək İsrailə milyardlarla dollarlıq hərbi yardım ayırıb.