Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

Aİ HƏMAS-ın xəstəxanalardan 'insan qalxanı' kimi istifadəsini pisləyir


Qəzzada HƏMAS və İsrail arasında davam edən qarşıdurma fonunda məcburi köçkün fələstinlilərin Əl-Şifa xəstəxanasına sığınması
Qəzzada HƏMAS və İsrail arasında davam edən qarşıdurma fonunda məcburi köçkün fələstinlilərin Əl-Şifa xəstəxanasına sığınması

Avropa İttifaqı (AB) noyabrın 12-də özünün və ABŞ-ın terrorçu təşkilat saydığı HƏMAS-ın Qəzzadakı xəstəxanalardan və dinc sakinlərdən "insan qalxanı" kimi istifadə etməsini pisləyib. Birlik, eyni zamanda, İsraili dinc sakinlərin qorunması üçün maksimum təmkin göstərməyə çağırıb.

Fələstin anklavı Qəzzanın şimalındakı xəstəxanaları İsrail qüvvələri blokadaya salıb, tibbi heyət səhiyyə ocaqlarında qalanlara xidmətin məhdudlaşdırıldığını deyirlər. Qəzzadakı ən böyük və ikinci böyük xəstəxana olan Əl-Şifa və Əl-Qüds fəaliyyətini dayandırdığını açıqlayıb.

İsrail isə HƏMAS radikal qruplaşmasının xəstəxanaların yaxınlığında və onlarında altında komandanlıq mərkəzləri yerləşdirdiyini deyir, bir ay öncə radikalların İsraildə girov götürdüyü 200-dək şəxsi azad etmək üçün həmin yerlərə yetişməyin vacibliyini vurğulayır.

HƏMAS xəstəxanalardan bu cür istifadə etmədiyini bildirir.

"Dinc sakinlərin döyüş zonasından çıxmasına icazə verilməlidir"

"Aİ HƏMAS-ın xəstəxanalardan və dinc sakinlərdən insan qalxanı kimi istifadə etməsini pisləyir. Dinc sakinlərin döyüş zonasından çıxmasına icazə verilməlidir", – Aİ-nin Xarici siyasət rəhbəri Jozep Borrel (Josep Borrell) 27 üzvü olan blokun adından yayılmış bəyanatda vurğulayır.

O, eyni zamanda, İsraili maksimum təmkin göstərməyə çağırıb, beynəlxalq hüquq çərçivəsində xəstəxanaların, tibbi təchizatın və xəstəxanalar daxilindəki dinc sakinlərin qorunması öhdəliyinin olduğunu vurğulayıb.

"Bu əməliyyatlar xəstəxanalara ağır təsir göstərir, dinc sakinlər və tibbi heyət arasında böyük itkiyə səbəb olur", – Borrel xəbərdarlıq edib.

"Xəstəxanalar dərhal ən vacib tibbi gərəkənlərlə təmin olunmalıdır, təcili tibbi qayğıya ehtiyacı olanlar təhlükəsiz evakuasiya edilməlidir. Bu kontekstdə İsraili dinc sakinlərin qorunmasını təmin etməkdən ötrü maksimum təmkin göstərməyə çağırırıq", – Borrel vurğulayıb.

Əl-Şifa xəstəxanasında qalanlar

HƏMAS oktyabrın 7-də İsrailin cənubuna girərək 240-dək adamı girov götürüb, min 400 nəfəri öldürüb. İsrail buna cavab olaraq Qəzzaya hücuma başlayıb.

"The Associated Press" yazır ki, Qəzzanın əsas xəstəxanası yaxınlığında ağır döyüşlər gedir, içəridə qalan insanlar oradan çıxa bilmədiklərini deyirlər.

Fələstinlilər müharibə başlayandan azı 11 min nəfərin öldürüldüyünü bildirirlər. 11 min 70 fələstinlinin üçdə ikisinin qadınlar və azyaşlılar olduğu xəbər verilir. Bunu HƏMAS-ın idarəçiliyində olan Qəzzanın Səhiyyə Nazirliyi bildirir və bu itkinin neçəsinin dinc sakinlər, neçəsinin radikallar olduğunu açıqlamır.

İsrailin baş naziri Binyamin Netanyahu CNN-ə müsahibəsində deyib ki, Əl-Şifa xəstəxanasından təxminən 100 nəfər çıxarılıb, İsrail onlar üçün təhlükəsiz dəhlizlər yaradıb.

Fələstin rəsmiləri isə Əl-Şifa ətrafına İsrail snayperlərinin yerləşdirildiyini, onların istənilən hərəkəti atəşə tutduğunu bildirib. Əl-Şifada min 500 xəstənin və min 500 tibbi personalın olduğu, eləcə də 15 min – 20 min adamın oraya sığındığı bildirilir.

Beynəlxalq "Sərhədsiz Həkimlər" təşkilatının prezidenti Xristos Xristu CBS televiziyasına deyib ki, pasiyentlərin evakuasiyası həftələrlə çəkə bilər.

XS
SM
MD
LG