İsrail Fələstin anklavı Qəzza zolağının ən böyük şəhərini mühasirəyə saldığını bildirir. Təl-Əviv HƏMAS radikal qruplaşmasını məhv etməkdən ötrü məhz bu şəhərə fokuslanıb. Bu arada Birləşmiş Ştatlar baş nazir Binyamin Netanyahuya Qəzzaya yardımın çatdırılmasına görə döyüşlərdə fasiləyə razılaşması üçün təzyiq göstərə bilər.
Münaqişənin dördüncü həftəsinin bitdiyi dönəmdə ABŞ dövlət katibi Entoni Blinken (Antony Blinken) bir ayda ikinci dəfə İsrailə səfərə gedir.
"Qəzza şəhərinin ətrafını keçmişik"
Vaşinqtondan Yaxın Şərqə yola düşən Blinken deyib ki, Qəzzada dinc sakinlərə zərəri azaltmaq üçün konkret addımları müzakirə edəcək. Ağ ev bildirib ki, döyüşdə istənilən fasilə müvəqqəti və lokal olacaq, onlar İsrailin özünü müdafiə etməsini dayandırmayacaqlar.
"Döyüşün zirvəsinə çatmışıq. Güclü uğurlarımız var, Qəzza şəhərinin ətrafını keçmişik. İrəliləyirik", – ordu Qəzza şəhərini mühasirəyə saldığını elan edəndən sonra Netanyahu bəyanatında deyib.
Fələstində dinc sakinlər arasında itkilərin artması, kəskin ərzaq, su, dərman və yanacaq qıtlığı qlobal liderlərin döyüşdə fasiləyə, yaxud atəşkəs çağırışlarını gücləndirib.
İsrail isə çağırışları rədd edərək bəyan edib ki, əhali arasında, mülki binalarda gizlənməkdə suçladığı HƏMAS döyüşçülərini hədəfə alır. Ağ ev də atəşkəs çağırışlarını rədd edib.
BMT məruzəçilərinin xəbərdarlığı
Qəzzadakı səhiyyə orqanları İsrail HƏMAS-ın hücumuna cavab olaraq zərbələrə başlayandan anklavda azı 9 min nəfərin öldürüldüyünü bildirir. HƏMAS oktyabrın 7-də İsrailin cənubuna girib, azı 240 nəfəri girov götürüb, min 400 nəfər öldürülüb.
BMT-nin müstəqil ekspertlər qrupu isə xəbərdarlıq edib ki, Qəzzadakı fələstinlilər ağır soyqırımı riski ilə üzləşiblər.
"İsraili və müttəfiqlərini dərhal atəşkəsə razılaşmağa çağırırıq. Vaxtımız daralır", – BMT-nin xüsusi məruzəçilərindən ibarət qrup bəyanatında deyib.
İsrailin BMT-dəki missiyası isə məruzəçilərin bəyanatını "acınacaqlı və dərin narahatedici" adlandırıb, dinc sakinlərin ölümünə görə HƏMAS-ı ittiham edib.
BMT-nin baş katibi Antonio Quterreşin sözçüsü Stefan Düjarrik deyib ki, soyqırımı təsnifatını yalnız BMT-nin hüquq orqanı müəyyənləşdirə bilər.