Keçid linkləri

2026, 29 İyun, bazar ertəsi, Bakı vaxtı 21:55

Bakı İsraili 'erməni soyqırımı' qərarına yenidən baxmağa çağırır

İsrail xarici işlər naziri Gideon Saar
İsrail xarici işlər naziri Gideon Saar

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıması qərarını tənqid edib.

Açıqlamada tarixi hadisələrin siyasi məqsədlərlə təhrif edilməsinin qəbuledilməz olduğu bildirilir. Vurğulanır ki, "bu cür addımlar barışıq və qarşılıqlı anlaşmaya xidmət etmir, əksinə, mövcud ziddiyyətləri daha da dərinləşdirərək regionda davamlı sülh səylərinə mane olur".

Nazirlik İsrail hökumətini həmin qərarı yenidən nəzərdən keçirməyə çağırır.

28 iyun

İsrail 'erməni soyqırımı'nı rəsmən tanıyıb

İsrail hökuməti xarici işlər naziri Gideon Saarın 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlə yetirilməsinin "erməni soyqırımı" kimi rəsmi tanınması təklifini qəbul edib.

Nazir Saar bildirib: "Fikrimcə, bu, bir yəhudi olaraq və təbii ki, yəhudi xalqının dövləti kimi bizim mənəvi borcumuzdur. Doğru olanı etmək heç vaxt gec deyil". O, hələ iyunun 25-də bu məsələni Nazirlər Kabinetinin müzakirəsinə çıxaracağını açıqlamışdı. Qərar layihəsində İsrailin bu iddiaları tanıdığı və tarixi həqiqətin inkarı və ya təhrif edilməsi cəhdlərini pislədiyi vurğulanır.

Erməni tarixçilər 1915-ci il aprelin 24-də kütləvi həbslərin başlandığını və sonrakı dövrdə 1.5 milyon erməninin qətlə yetirildiyini və ya sürgün zamanı həlak olduğunu iddia edirlər. Bu hadisələr indiyədək 30-a yaxın ölkənin parlamenti tərəfindən rəsmi tanınıb. Bunların arasında Rusiya, Fransa, Almaniya və ABŞ də var.

Türkiyə tərəfi 1915-ci ildə erməni əhalisi arasında faciəvi hadisələrin yaşandığını inkar etmir, ancaq "soyqırımı" ifadəsini rədd edir və ölənlərin sayının olduğundan çox göstərildiyini bildirir.

Türkiyə XİN: "İsrail öz cinayətlərini gizlətməyə çalışır"

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin bu addımını tamamilə "siyasi xarakterli qərar" adlandırıb və bunu Qəzza zolağındakı hərbi əməliyyatlarla əlaqələndirib. Nazirlik açıqlamasında deyilir: "İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı siyasi qərar qəbul etməklə öz cinayətlərini gizlətməyə çalışır. Bu addım tarixi və hüquqi faktları nəzərə almır".

Qəzzada hərbi əməliyyatlar 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailin cənubuna hücumundan sonra başlayıb. Həmin hücum zamanı mindən çox insan həlak olub, 250-dən çox insan isə HƏMAS tərəfindən girov götürülüb. Fələstinmeyilli mövqe tutan Türkiyə İsrailin bölgədəki hərəkətlərini kəskin şəkildə tənqid edir.

Regiondakı balans

İsrail indiyədək Türkiyə ilə münasibətləri tam qoparmamaq və Azərbaycanla strateji tərəfdaşlığı riskə atmamaq üçün rəsmi tanınmadan çəkinirdi. Bakı rəsmi olaraq XX əsrin əvvəllərindəki hadisələrin "erməni soyqırımı" kimi tanınmasına qarşı çıxır. Qarabağ üzərində suverenliyini bərpa edən Azərbaycan indi Ermənistanla münasibətlərin normallaşdırılması mərhələsindədir.

Bundan əlavə, İsrail siyasi rəhbərliyi uzun illər bu mövzunun Holokostla müqayisə edilməsindən də qaçıb. 2018-ci ildə Knessetdə oxşar qanun layihəsi müzakirə olunsa da, hökumət rəsmi qərar qəbul etməmişdi.

Ermənistan tərəfi İsrailin bu addımını hələlik şərh etməyib. AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, "erməni soyqırımı"nın beynəlxalq tanınması son zamanlar Yerevanın xarici siyasət gündəliyində əvvəlki dövrlərdəki qədər önəmli deyil.

XS
SM
MD
LG