Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Azərbaycan-İsrail hərbi əməkdaşlığı müzakirə olunub


Avigdor Liberman
Avigdor Liberman

“Azərbaycan ilə İsrail arasında tərəfdaşlıq yüksək səviyyədədir. Bu təkcə iki dövlətin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır”

Bu fikirləri sentyabrın 13-də müdafiə naziri Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan İsrail müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ifadə edib.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, Zakir Həsənov görüşdə vurğulayıb ki, Ermənistan regional sabitliyə əsas təhlükəni yaradır, dövlət səviyyəsində daim separatizmi dəstəkləyir. Nazirin həmçinin, Ermənistanın qoşunların təmas xəttində gərginliyin artırılmasında maraqlı olduğunu diqqətə çatdırdığı bildirilir.

A.Libermanın isə iki ölkənin (Azərbaycan və İsrail) xalqları arasında mövcud olan tarixi kökləri, əlaqələri yüksək dəyərləndirdiyi, münasibətlərdən məmnunluğunu bildirdiyi qeyd edilir.

Verilən məlumata görə, görüşdə regional təhlükəsizlik, iki ölkə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Həmçinin, müxtəlif ixtisaslı mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkilinin və qarşılıqlı maraq doğuran digər məsələlərin diqqət mərkəzində olduğu bildirilir.

Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün, sentyabrın 13-də Azərbaycana rəsmi səfərə gəlib.

Azərbaycan prezidenti İlham Əliyev elə sentyabrın 13-ü səhər saatlarında Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Həmin görüşdə Azərbaycanla İsrail arasında iqtisadi, hərbi, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə edildiyi bildirilir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayonu və bəzi əlavə kəndləri işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG