Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 21:28

İsrafil Məmmədovu doğrudanmı Mircəfər Bağırov öldürtdürüb?


İsrafil Məmmədov
İsrafil Məmmədov

►“İki gündür ki, televizora baxıram, ilk Sovet İttifaqı Qəhrəmanı olsa da, heç bir verilişdə dayımı xatırlamadılar. İki gündür ürəyim partlayır..."

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun 27 illik həyat dramı

“Yadımdadır ki, zabit geyimində bizə gəlmişdi, mən də qaçıb onun dizlərinin üstündə oturdum. Anam dedi ki, “düş, dayını incitmə”, o da dedi ki, “dəymə, mən bu uşağın sayəsində qəhrəman olmuşam”.

O qəhrəman olan günü mən 7 günlük imişəm”. Gəncəli Füzuli Məmmədov dayısı, ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovla bağlı xatirələrini AzadlıqRadiosu ilə bölüşür.

Gözlə

No media source currently available

0:00 0:03:12 0:00
Direct-ə keçid

Gəncədə barəsində əfsanələr, əhvalatlar dolaşan İsrafil Məmmədov gənc yaşında həm müharibədə, həm də şəhərdə adına dastan bağlayıb. Cəmi 27 il ömür sürən İsrafil Məmmədov kim idi?

“İsrafil dayım çox mərd oğlan idi, orta məktəbi yaxşı oxumuşdu, texnikum qurtarmışdı”, - bacısı qızı Pakizə Məmmədova dayısını xatırladır:

Gözlə

No media source currently available

0:00 0:01:32 0:00
Direct-ə keçid

“O vaxt uşaqların ən böyüyü mən idim, 12-13 yaşındaydım, çox şey yadımdadır. Dayım bizim evimizdə böyüyüb”.

“Dalaşqan idi”

Füzuli Məmmədov əlavə edir ki, İsrafil Məmmədov atasını itirəndə çox kiçik olub, böyüksüz qalan uşaq bir az sərbəst böyüyüb:

“Qabağından yeməz idi, sözgötürməzdi, dalaşqan idi”.

Gəncədə danışırlar ki, İsrafil Məmmədovun yerli milislərlə arası o qədər də xoş olmayıb. Onun Sovet İttifaqı Qəhrəmanı adı alması da onları çaşdırıb, dünənə qədər təqib etdikləri gəncə indi hörmət-izzət göstərməlidirlər. Füzuli Məmmədov deyir ki, dayısına ad veriləndən sonra evlərinə hərbçilər, milislər gəlib:

“İndi sizə danışacağım əhvalatdakı nənəmin ana nənəm – Gülsüm olduğunu deyirlər, amma elə deyil. Evimizə hərbçilər gəlib, soruşublar ki, “İsrafil Məmmədov burdamı yaşayır?” Dayımın da, dediyim kimi, dalaşqan, vuran-yıxan olmasını ata nənəm Nərgiz də bilirdi. Milislər gələndə nənəm pəncərənin qabağında oturubmuş. Milislər soruşanda ki, “İsrafil Məmmədov burda yaşayır?”, deyib, “yox, yox, ay bala, burda yaşamır”. Nənəm düşünüb ki, görəsən, dayım yenə nə iş qarışdırıb. O vaxt heç kim bilmirdi ki, Sovet İttifaqı Qəhrəmanı nə deməkdir”. (Ardı aşağıda)

İsrafil Məmmədovun qəbirüstü abidəsi
İsrafil Məmmədovun qəbirüstü abidəsi

“Qəhrəmanın qohumlarını vəzifəyə qoydular”

Amma İsrafil Məmmədova verilən adın nüfuzu təkcə ona təsir etmir, qohum-əqrəba da bunun bəhrəsini “dadır”:

“Mircəfər Bağırovun göstərişi ilə bəzi qohumlar işlədikləri yerdə vəzifəyə gətirildilər. Məsələn, qardaşı məktəbdə müəllim idi, direktor qoydular, atam kolxozda işləyirdi, kolxoz sədri qoydular. Yəni qəhrəman qayıdanda görsün ki, onun yaxınlarına hökumət necə münasibət göstərir”, - Füzuli Məmmədov deyir.

İsrafil Məmmədov 1939-cu ildə əsgərliyə gedib, amma “Fin müharibəsi”nin ortasına düşüb (1939-cu ildə Sovet hökuməti hücum etməmək haqqında Sovet-Finlandiya müqaviləsini (1932) ləğv edəndən sonra iki ölkə arasında müharibə başlayıb).

Əsgərliyini bitirməmiş İkinci Dünya Müharibəsi başlayıb və İsrafil Məmmədov baş serjant rütbəsində Novqorodun müdafiəsinə yollanır. Bir neçə ay sonra Pustınka kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə 70-dən artıq alman faşistini öldürür. Füzuli Məmmədov danışır ki, hücum zamanı düşmən çox, Məmmədovun dəstəsində adam az olub, üstəlik, döyüş vaxtı bir neçə yoldaşlarını da itiriblər.

Mircəfər Bağırov
Mircəfər Bağırov

Fin müharibəsində sıravi döyüşçü olan İsrafil Məmmədov hərbi taktika işlədərək ayrı-ayrı istiqamətlərdən atəş aşmaqla səngərdə çoxlu hərbçi olduğunu düşmənə göstərir. Üstəlik, alman faşistlərinin onlara yaxınlaşmasına imkan yaradıb qəfil hücum edir və eyni zamanda onlarla düşmən öldürür. Sonradan köməyə gələn sovet ordu rəhbərliyi bu əhvalatı “yuxarılara” məruzə edir və Ali Sovetin qərarı ilə 1941-ci ilin dekabrında İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilir.

“Bağırov onu cəbhədən gətizdirdi”

Bir azərbaycanlının yeni başlayan dünya müharibəsində göstərdiyi qəhrəmanlıq respublika rəhbərliyinin diqqətini dərhal cəlb edir və Mircəfər Bağırov İsrafil Məmmədovun vətənə məzuniyyətə gəlməsinə nail olur. Pakizə Məmmədova danışır ki, dayısı sevdiyi rus qadınla gəlir:

“Dayım elə Novqorodda tanış olduğu qızla gəlmişdi, evləndi. Bağırovun göstərişi ilə ona şəhərin mərkəzində ikiotaqlı ev verildi, sonra da Bakıya apardı, orda da yenə şəhərin mərkəzində üç otaqlı ev verdi, komsomolda işə götürdülər. Bağırov demişdi ki, gəncləri ruhlandırmaq üçün İsrafil Məmmədov ona lazımdı”.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycanın birinci ailəsinin şəxsi Londondakı mülklərinin siyahısı
Rusiya səfirindən Azərbaycana satılan silahla bağlı açıqlama

____________________________________________________________

Amma İsrafil Məmmədov burda çox tab gətirə bilmir:

“Dayım dinc həyatda narahat idi. Ancaq Bağırov onu buraxmaq istəmirdi. Axırda dayım nənəmdən öyrənir ki, Tbilisi hərbi komissarlığında qohumumuz işləyir. 1943-cü ildə Tbilisiyə gedib cəbhəyə ordan yollanmışdı”.

“Bağırov onun sağalmasına çalışırdı”

Bu dəfəki döyüş yolu İsrafil Məmmədova ağır başa gəlir. Müharibənin sonlarında o, boğazından yaralanır, sağalsa da, vərəmə tutulur:

“Müharibədən qayıtmışdı, bizə gəlmişdi, boğazı sarıqlıydı, anam ona “yemək ye” deyəndə dedi ki, “boğazımdan keçmir””, -Füzulu Məmmədov xatırlayır.

Mircəfər Bağırovun artıq böyük nüfuz sahibi olandan sonra “qabağından yeməz olmuş” İsrafil Məmmədova qarşı münasibətinin pisləşməsi, hətta onun ölümündə əli olması kimi versiyaları Füzuli Məmmədov təkzib edir, deyir ki, uşaq olsa da, dayısının son günləri onun gözünün qabağındadır: “Ayaq üstündə zorla dururdu. Bağırov onun sağalması üçün əlindən gələni edirdi, Yaltaya müalicəyə göndərdi. Görünür, vəziyyətinin pis olması, hava dəyişikliyi onun səhhətini daha da pisləşdirdi. Yaltaya çatandan bir gün sonra, 1946-cı il mayın 1-də vəfat etdi. Cənazəsi Gəncəyə gətirilib o vaxt “Lenin” parkı adlanan Xan bağında dəfn edildi, büstü qoyuldu”.

İsrafil Məmmədovun əkiz qızı qalıb. Pakizə Məmmədova deyir ki, SSRİ dağılana qədər əlaqələri olsa da, 20 ildir, onlardan heç bir məlumat ala bilmirlər:

“Onları tapmaq istəyirik. Bir də iki gündür ki, televizora baxıram, ilk Sovet İttifaqı Qəhrəmanı olsa da, heç bir verilişdə dayımı xatırlamadılar. İki gündür ürəyim partlayır, axı, bunu unutmaq olmaz”.

DINLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun Radio proqramında (10 may)

Qadın döyüşçülərin Qarabağ xatirələri
Qafqazın ilk Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun ölümündə doğrudanmı Mircəfər Bağırovun əli olub?

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (10 may)

Müəllimlərin maaşı yeni qayda ilə hesablanacaq
XS
SM
MD
LG