Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Sentyabr, bazar, Bakı vaxtı 11:22

Şəhər icra nümayəndəsi rüşvətdə günahlandırılır


İllüstrativ şəkil

İsmayıllı Rayon İcra Hakimiyyətinin İsmayıllı şəhəri üzrə nümayəndəsi rüşvət almaqda şübhəli sayılır.

Bu barədə bugün aprelin 27-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydıqları məlumatda bildirilir.

Açıqlamaya görə, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməliyyat-axtarış tədbirləri həyata keçirib.

İddiaya görə, rayonda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verildiyinə dair şübhə yaranıb. Habelə, aztəminatlı ailələr üçün dövlətin ayırdığı ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr də müəyyən edilib.

Açıqlamaya görə, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilib:

“Müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilib və müəyyən edilib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat vəsaiti qanunsuz olaraq mənimsəyib. Bununla yanaşı baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları... aşkar edilərək götürülüb”.

Açıqlamada yazılıb ki, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Məhərrəm Əhmədov şübhəli şəxs qismində tutulub.

Amma bu açıqlamaya, hələlik, Məhərrəm Əhmədov və onun vəkilinin münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb.

Artıq dünyada bu virusa yoluxanlardan 208 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb.

Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

Faəliyyətinə icazə verilən qurum və sahələrin təmsilçiləri isə icazə.e-gov.az portalında qeydiyyatdan keçirlər.

Karantin rejimi daha sonra mayın 4-nə kimi uzadılıb. Amma bu gün, aprelin 27-dən karantin rejimindəki qaydalarda müəyyən yumşalmalar olub. Bu tarixdən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülb.

XS
SM
MD
LG