Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 12:41

Demoqrafik araşdırma: 2075-ci ilədək İslam dünyanın ən böyük dini olacaq


ABŞ-ın Pew araşdırmalar mərkəzinin (Pew Research Center) hesablamalarına görə qarşıdan gələn iki onilik ərzində müsəlman ailələrində doğulan uşaqların sayı xristian ailələrində doğulanlardan çox olacaq və beləliklə 2075-ci ilədək İslam dünyanın ən böyük dininə çevriləcək.

Təhlildən bu da görünür ki, dünya əhalisi arasında heç bir dinə aid olmayanların sayı azalmaqda, müsəlman və xristianların sayı isə artmaqda davam edir.

Təhlilçilər bildirirlər ki, dünyanın “cənubunda” əhalinin sürətlə artmaqda davam etdiyi bir vaxtda, Avropada əhalinin qocalması və ölməsi baş verir.

Hesablamalara görə 2010-2015-ci illərdə bütün dünyada doğulan uşaqların 31 faizi müsəlman valideynlərin payına düşüb. Bu, bütün dünya əhalisində müsəlmanların təşkil etdiyi 24 faizdən xeyli çoxdur.

Eyni müddət ərazində dünyaya gələn uşaqların 33 faizi xristian ailələrdə doğulub. Bu, xristianlarındünya əhalisindəki 31 faizlik payından bir qədər artıqdır.

Bu nisbət yaxın gələcəkdə müsəlman millətlərin daha cavan və daha artımlı olmasına görə dəyişəcək. 2030-2035-ci illər arasında dünyaya gələn müsəlman uşaqların sayı (225 milyon), həmin müddətdə doğulan xristian uşaqların sayını (224 milyon) azacıq üstələyəcək.

Lakin bu fərq 2055-2060-cı illər arasında artaraq 6 milyon nəfərə çatacaq (müsəlmanlar 232 milyon, xristianlar 226 milyon).

Bu da qeyd olunur ki, Avropada xristianlar arasında ölüm doğuşları üstələyir. Pew bu tempin gələcəkdə də davam edəcəyini bildirir.

İndi dünyanın xristian əhalisi əsasən Afrikada artsa da, bütün dünyada ölümlərin 37 faizi xristianların payına düşür.

Digər maraqlı tapıntı budur ki, heç bir dinə mənsub olmayanlar qlobal əhalinin 16 faizini təşkil etsələr də, dünyaya gələn uşaqların yalnız 10 faizi onların payına düşür.

2015-ci ilin statistik məlumatına görə ümumi əhalisi 7, 3 milyard nəfər olan planetdə xristianlar 31 faizlə ən böyük dini icma olaraq qalır. Müsəlmanlar 24 faizlə ikinci pilləni tuturlar.

Heç bir dinə aid olmayanlar 16 faiz təşkil edirlər. Dünya əhalisinin 15 faizi hindular, 7 faizi isə buddistlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG