Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 18:24

Rohani: “Müsəlmanlar İslamın imicini bərpa etməlidirlər”


İslam dövləti yaraqlısı
İslam dövləti yaraqlısı

►"İslamın prinsipləri zorakılığa qarşıdır."

İran prezidenti Hassan Rohani deyir ki, müsəlmanlar öz dinlərinin “İslam dövləti” kimi ekstremist qruplar tərəfindən xələl gətirilən imicini bərpa etməlidirlər.

Dekabrın 27-də Tehranda keçirilən İslam konfransında Rohani bildirib ki, “bu gün bizim ən böyük vəzifəmiz İslamın dünya ictimai fikri qarşısında imicini bərpa etməkdir”.

Rohani dövlət televiziyası ilə yayımlanan çıxışı zamanı deyib:

"Biz nə zamansa düşünə bilərdikmi ki, düşmənlər yox, İslam dünyasının özünün içindən çıxmış kiçik bir qrup İslamın dilindən istifadə edib onu qətl, zorakılıq, şallaq, qəsbkarlıq və ədalətsizlik dini kimi qələmə verəcək?”

O əlavə edib ki, İslamın prinsipləri zorakılığa qarşıdır. Rohani “İslam dövləti” kimi hərəkatları “dar düşüncəlilikdə və insafsızlıqda” ittiham edib.

Hassan Rohani
Hassan Rohani

Rohani həmçinin müsəlman ölkələrini Suriya, İraq və Yəməndə “qətllər və qan tökülməsini görüb susmağa" görə tənqid edib.

İran Suriyada prezident Bashar al-Assadın hökumətini dəstəkləyir, Yəməndə isə ölkənin böyük ərazilərinə nəzarət edən Huthi hərəkatının müttəfiqi kimi çıxış edərək Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiyaya qarşı vuruşur.

Rohani öz çıxışında deyib ki, Səudiyyə Ərəbistanı Huthi üsyançılarını bombalamaqla və Assada sadiq qüvvələrə qarşı vuruşan müxalifəti dəstəkləməklə yoxsulluq və terrorizmə rəvac verir.

Buna da bax: Siyasi məhbus sayılanlardan heç kim əfvə düşmədi (Tam siyahı)

O əlavə edib ki, Yəməndəki humanitar böhran Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hava zərbələrinin nəticəsidir. Bu koalisiya ötən martda İranın dəstəklədiyi Huthi hərəkatına qarşı vuruşmağa başlayıb.

Rohani deyib ki, Yəməndə artmış yoxsulluq Yaxın Şərqdəki İslam ekstremizminin əsas nəticələrindən biridir.

“Suriyanın zəifləməsi onun müsəlman qonşularına xeyir verirmi? Suriyanın dağılması Türkiyə, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin güclənməsinə yol açırmı? Suriyanın dağıdılmasından kim İsraildən daha çox məmnun ola bilər?” - deyə o soruşub. “

Rohani həmçinin Səudiyyə Ərəbistanını pulu “yoxsul müsəlmanlar arasında” paylamaq əvəzinə ABŞ-dan “bombalar və raketlər” almaqda ittiham edib.

ABŞ və İsrail İranın özünü terrorçuluğa dəstək verməkdə ittiham edir.

XS
SM
MD
LG