Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:39

'Karimov-un varisi ilə bağlı qərar verilmiş görünür'


İslam Karimovun yerinə kim olacaq?
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

İslam Karimovun yerinə kim olacaq?

Özbəkistan prezidenti Islam Karimov-un səhhəti dünya mediasının diqqət mərkəzindədir. Avqustun 29-da sosial mediada, bəzi media qurumlarında onun ölüm xəbəri yayılsa da, rəsmilər təkzib etdilər.

«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, Karimov-u əvəzləməyə ən real namizəd Baş nazir Shavkat Mirziyoyev-dir, çünki o, ölkənin iki güclü klanından birini – Səmərqənd klanını təmsil edir. Özbəklər də ona etibar edirlər. Amma Daşkənd klanının da dinc durmayacağı görünür. Onların rəhbəri, təhlükəsizlik xidmətinin şefi Rustam Inoyatov ölkədə prezidentdən sonra ikinci şəxs sayılır.

ASAN OLMAYACAQ

«Inoyatov Mirziyoyev-in yüksəlişinə qarşı çıxıb. Ola bilsin, ikisi başqa bir namizəd, məsələn, baş nazirin müavini Rustam Azimov-la bağlı razılığa gəlsinlər. Ya da mümkündür ki, hakimiyyəti bölüşdürməyə razılaşsınlar, Mirziyoyev prezident postunu tutsun, Inoyatov pərdəarxası hakimiyyətə yiyələnsin», - təhlildə vurğulanır.

Mərkəz qeyd edir ki, Karimov-un taleyi regionda geniş dəyişikliklərə təkan verə bilər. O, həm Əfqanıstanla sərhəddəki sabitsizliyi, həm də qonşu Qırğızıstanla gərginliyi yatırtmağa çalışırdı. Yoxluğu isə bu problemləri alovlandıra bilər.

«Üstəlik, Özbəkistanın daim sürdürdüyü neytrallıq siyasəti də dəyişə bilər. Karimov ölkəsinin Rusiya, Çin və Birləşmiş Ştatlarla münasibətlərini uğurla balanslaşdırırdı. Kreml bu ölkəni müxtəlif alyanslarda iştiraka çağırsa da, buna duruş gətirirdi. Mirziyoyev-in Moskvayla daha dərin əlaqələri olduğu bildirilir. Amma o da hakimiyyətə gələrsə, ölkənin neytrallığını tələb edən qüvvələrlə mübarizə aparmalı olacaq».

REJİM DƏYİŞMƏYƏCƏK

«Foreign Policy» dərgisi də Karimov-un varisinin kim olacağı sualına cavab tapmağa çalışır. Müəllif Reid Standish qeyd edir ki, Karimov-un xəstəxanaya yerləşdirilməsi və ölkədə siyasi keçid ehtimalının güclənməsi Özbəkistanda, eləcə də Orta Asiyada böyük iqtisadi və təhlükəsizlik problemlərinin yaşandığı bir dönəmə düşür.

Buna da bax-Karimov-dan sonra Özbəkistanı nə gözləyir?

«Prosesin nə qədər hamar gedəcəyindən asılı olmayaraq, Karimov-un vəzifədən kənarlaşmasından itirənlər olacaq», - Milli Müdafiə Universitetində professor köməkçisi Erica Marat «Foreign Policy» dərgisinə bildirib. «Ölkədə varisliklə bağlı heç bir hazırlıq görülməyib, açıq seçki təcrübəsi də yoxdur. Bu səbəbdən, hakimiyyətə kim gəlsə, eyni siyasi repressiyanı, sərt metodları davam etdirəcək».

Yazıda qeyd olunur ki, vaxtilə prezidentin qızı Gulnara-ya varis kimi baxırdılar. Amma onun adı İsveçdə və İsveçrədə korrupsiya qalmaqalında çəkiləndən sonra gözdən düşdü və hazırda Daşkənddə ev dustağıdır.

«Gulnara-dan canlarını qurtarıb yeni plan cızmağa başladılar. Karimov-un xəstəliyinin elanı, əslində, varislik məsələsində qərarın verildiyini göstərir», - bunu Qlazqo Universitetində Orta Asiya üzrə ekspert Luca Anceschi deyir. «Onlar davamlılığı planlaşdırırlar. Rəhbərlik dəyişəcək, rejim yox».

PLÜRALİZM OLMAYAN YERDƏ

Müəllif qeyd edir ki, Özbəkistanda, onsuz da, durum həssasdır. İki böyük maliyyə tərəfdaşı olan Rusiya və Çindəki iqtisadi təlatümlər bu ölkəyə təsirsiz ötüşməyib. Üstəlik, ölkədə radikal islamçılıq problemi var. Siyasi müxalifət sıxışdırılıb, ekstremist qruplar narazılıqdan ötrü nəfəsliyə çevrilib. Özbəkistan İslam Hərəkatı hökuməti devirib Orta Asiyada xilafət qurmaq istəyirdi. Bu hərəkat Orta Asiyadan sıxışdırılıb çıxarıldı və fəaliyyətini Əfqanıstana və Pakistana yönəltdi. Amma 2014-cü ildə «İslam Dövləti» (İŞİD) qruplaşmasının yüksəlişindən sonra onlar da fəallaşdılar.

«Özəlliklə də dini azadlıqların daha çox repressiya olunması xeyli adamı ekstremist qruplara cəlb edəcək. Siyasi plüralizm olmayan yerdə dini ekstremizm hakim rejimə qarşı çıxanları birləşdirən hazır qüvvə rolunu oynayır», - bunu Marat deyir.

Müəllif yazır ki, cümə axşamı Özbəkistan dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Karimov-un taleyi, indilik, bəlli deyil. Ola bilsin, ölkə tarixində ilk dəfə olaraq bu tədbir prezidentsiz keçsin.

XS
SM
MD
LG