Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:15

İslamın Almaniyada ikinci dərəcəli din sayılmasının səbəbi


Almaniya, müsəlman qızlar Bait-ul-Wahid in Hanau, 27 amy 2015
Almaniya, müsəlman qızlar Bait-ul-Wahid in Hanau, 27 amy 2015

Müsəlman icmaları həm etnik, həm də məzhəb baxımından bir-birindən fərqlidir və o səbəbdən dövlətin qoyduğu meyarların ən əsasına - ümumi məram və doktrinaları olan birləşmiş dini quruma malik deyillər

Almaniyada din insanların şəxsi işi deyil. Hökumət bütün səviyyələrdə dini icmaları ictimai institut kimi tanııyır və insanları bu qurumlarda fəal iştiraka həvəsləndirir. Dövlətin roman katolik, protestant, yaxud yəhudi kimi qeydiyyata aldığı şəxslər "din vergisi" ödəyirlər. Hökumət bu vergini həmin insanların mənsub olduğu ictimai institutlara yönləndirir. Üstəlik, dini qrupların dövlət məktəblərində dini dərslər keçməsinə də icazə verilir. Kiçik bir şəhər pastorunun və ya başqa bir kilsə mənsubunun həm də yerli məktəbdə dərs deməsi adi haldır.

Müsəlmanlar birləşmiş dini qurumu yoxdur

Bu imtiyazlı statusa yiyələnmək üçün dini icmaların bəlli inanclar sistemi olmalı, üzvləri qeydiyyata alınmalı, sözügedən icma tarixi və ictimai önəm daşımalıdır. Katolik, protestant və yəhudi dini icmaları ictimai institut kimi qeydiyyatdan keçib. Berlin torpağında hətta “Yehova Şahidləri”nin və mormon kilsəsinin də belə status var.

İlk baxışda, Almaniyada 4,3 milyon davamçısı olan İslamın bu statusa tam uyğun olduğunu düşünmək olar. Ancaq hələ ki, alman hökuməti müsəlman icmasına bu statusu verməkdən boyun qaçırır.

Almaniya, 5 oktyabr 2015, Dresden
Almaniya, 5 oktyabr 2015, Dresden

"The New York Times" qəzeti yazır ki, bunun sadə və qəliz səbəbləri var. Müsəlman icmaları həm etnik, həm də məzhəb baxımından bir-birindən fərqlidir. Burada həm sünnilər, həm şiələr, həm də ələvilər var. Əksər hallarda bu qruplar arasında birlik yoxdur. O səbəbdən müsəlman icmaları dövlətin qoyduğu meyarların ən əsasına - ümumi məram və doktrinaları olan birləşmiş dini quruma malik deyillər.

Almaniyada dini qurumun imtiyazlı status qazanmasına vacib tələblər

Almaniyada dini qurumun imtiyazlı status qazanması vacib olan bu tələblər dünyəvi federal respublikanın dini icmalarla əməkdaşlığının maraqlı tərəflərini ortaya qoyur. Bu onu göstərir ki, dövlət, tutalım, həmkarlar təşkilatları ilə olduğu kimi, dini qruplarla da əməkdaşlıq edə bilər. Ancaq bu əməkdaşlıq həmin qrupun öz daxilində bəlli ierarxiya və birliyin olmasını tələb edir. Tarixən xristian kilsələrinin bəlli strukturu olub. Burada daim müəyyən iyerarxiyaya və yeni doğulanların qeydiyyata alınmasına rast gəlinib. İslamda isə bunlar yoxdur.

Almaniya kənardan göründüyündən daha çox xristiandır. Bu ölkədə Pasxa, Merac, Reformasiya Günü, İsanın əti və qanı günü (“Corpus Christi”) rəsmi bayramlardır. Almaniyanın şəhər və kəndlərində kilsə zəngləri çalınır, xristian kilsə mənsubları yerli televiziya və radio kanallarında öz proqramlarını yayımlayırlar. Bu məsələləri tənzimləyən qanunun adı da çox şey deyir: Staatskirchenrecht, yəni dövlət kilsə qanunu.

Berlində kilsə, dekabr 2016
Berlində kilsə, dekabr 2016

“Dövlət kilsə qanunu dəyişməlidir”

Artıq müəyyən müddətdir ki, bu qanunun adının dəyişdirilərək Religionsrecht - din qanunu qoyulmasına, eləcə də daha çox dini inancı əhatə edərək müxtəlifliyi dəstəkləməsinə dair tələblər səslənir. Federal səviyyədə çox şey dəyişməsə də, torpaqlar (landlar) səviyyəsində müəyyən inkişaf var. Ölkənin dinlə bağlı əksər qanunları məhz landlarda ələnir. Mühafizəkar katolik torpağı olan Bavariyada ksenofobiya hallarına çox rast gəlinsə, antimühacir fikirlər çox səslənsə də, bu torpaqda orta məktəblərdə İslam təhsili üzrə pilot proqram gerçəkləşdirilir. Almaniyanın ilk məscidləri də məhz Bavariyada yerləşir. Güman ki, bavariyalılar öz dini və mədəni ənənələrini qorumağa həddindən çox önəm verdiklərindən, başqalarının ənənələrini tanımağa və dəstəkləməyə də meyllidirlər.

“İslam Almaniyaya məxsusdur"

Ancaq islahatın irəlilədiyi yeganə yer Bavariya deyil. Protestantların sayca üstün olduğu şimalda- Aşağı Saksoniya torpağının baş naziri Christian Wulff Münster və Osnabrük universitetlərində gələcək imamlar və islam din müəllimləri üçün təlim kursları təşkil edib. Sonradan - Almaniyanın prezidenti olduğu dövrdə cənab Wulffdeyib ki, “İslam Almaniyaya məxsusdur".

Cənab Wulff cəmi iki il prezident olub. O, 2012-ci ildə korrupsiya ittihamlarına görə bu vəzifədən istefa verib. Sonradan bu ittihamlar ləğv edilib. Cənab Wulffun prezidentlik dövrü qısa olsa da, onun İslam üçün etdikləri, xüsusən yuxarıda səsləndirdiyi fikir ölkədə indi də davam edən müzakirələrə yol açıb. Məktəblərdə İslam təhsilini tənqid edənlər, o cümlədən bir çox müsəlmanlar deyirlər ki, ölkədə bütün müsəlmanların adından danışa biləcək qrup mövcud deyil. Doğrudan da, müəyyənləşdirilib ki, Almaniyada İslamın adından danışa biləcək iki nüfuzlu təşkilat - Müsəlmanların Mərkəzi Şurası və Almaniya Federativ Respublikasının İslam Şurası ölkə müsəlmanlarının, ən çoxu, 20 faizini təmsil edir.

Almaniya Bundestagı, din və inanc azadlığı müzakirələri, 23 sentyabr 2016
Almaniya Bundestagı, din və inanc azadlığı müzakirələri, 23 sentyabr 2016

Dinlərin institutlaşmasına qərəzli münasibət?

Almaniya dünyəvi dövlətdir, ancaq qanunları dinlərin institutlaşmasına qərəzli yanaşır. Dinlər dövlətin qoyduğu standartlara uyğun təşkilatlanmalıdır. Həmin standartlarsa xristian təlimlərinə uyğun formalaşdırılıb.

Nəticədə bir çox qeyri-xristian, özəlliklə müsəlmanlar dövlətin dini qruplarla münasibətlərinin legitimliyini sual altına alırlar. Bu isə sosial barışın qorunması üçün sürətli inteqrasiyanın – bütünləşmənin qaçılmaz sayıldığı indiki dövrdə təhlükəlidir. Müsəlman icmasının, eləcə də dini kimliksiz vətəndaşların sayca artması fonunda Almaniyanın bir neçə nəsil öncə formalaşmış qaydaları qoruyub saxlaya bilməsi suallı qalır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG