Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:49

Vəd olunan islahatlar prezident ailəsinin biznesinə də toxunacaqmı?


İlham Əliyevdən monopoliyaçı məmurlara xəbərdarlıq
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

İlham Əliyevdən monopoliyaçı məmurlara xəbərdarlıq

Azərbaycanda “paket maaş”, kölgə iqtisadiyyatı, sahibkarlara təzyiqlər, məmur biznesi, şişirdilmiş rəqəmlər və bu kimi digər problemlərdən müstəqil ekspertlər, hökumətin tənqidçiləri çox danışıblar, yerli media bu barədə çox yazıb. Amma bu dəfə eyni problemlərdən ölkənin birinci şəxsi, prezident İlham Əliyevin özü də danışır.

İlham Əliyev büdcədən mənimsəmələr, neftdən asılılıq, haqsız rəqabət, xarici investorların ölkəyə gəlməməsi kimi müxtəlif problemləri qabardır, bunların həlli ilə bağlı məmurlara tapşırıqlar verir. Elə dünən, oktyabrın 23-də prezident yenə problemlərdən danışıb, yeni iqtisadiyyat naziri Mikayıl Cabbarova təlimatlar verib:

“Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın”.

İlham Əliyev bildirib ki, belə hallara yol verən məmurlara qarşı ən ciddi tədbirlər görüləcək.

İnhisar, məmur biznesi, sahibkarlara təzyiqlər kimi ciddi problemləri ölkənin birinci şəxsinin dilə gətirməsi nəyisə dəyişəcəkmi? Bu problemlər öz həllini tapa biləcəkmi?

Birinci ailənin inhisarçılığı

Araşdırmaçı jurnalist Xədicə İsmayılova o qədər də nikbin deyil. O iddia edir ki, bu sahədəki problemlərin əksəriyyəti məhz İlham Əliyevin ailə biznesindən qaynaqlanıb.

Xədicə İsmayılovanın sözlərinə görə, prezident ailəsinin ölkədə bir çox sahəni əhatə edən bizneslərinin olması sənədlərlə sübuta da yetirilib:

“Bizim araşdırmalar sübut elədi ki, ölkə iqtisadiyyatında ciddi yer tutan Azersun, Azenco, Paşa Holdinq, Ata Holdinq, əksər mobil şirkətlərin hamısı dolayı və ya birbaşa yollarla prezident ailəsinə bağlıdır. Bu şirkətlər isə ölkə iqtisadiyyatında əsas inhisarçılardır”.

Xədicə İsmayılova bildirir ki, müxtəlif illərdə aparılan jurnalist araşdırmaları ölkədəki lüks otellər, banklar, brend mağazalardan tutmuş, kənd təsərrüfatı mallarına kimi, ən müxtəlif sahələrə prezident ailəsinin nəzarət etdiyini üzə çıxarıb.

Azərbaycan prezidentinin Adminstrasiyası bu araşdırmaların hamısı ilə bağlı şərh verməsə də, adətən verilən cavabları oxşar olub.

2016-cı ildə "Panama sənədləri"nə daxil olan araşdırmalarla bağlı prezidentin mətbuat katibliyindən AzadlıqRadiosuna bildirilmişdi ki, prezidentin övladları da hər bir vətəndaş kimi bizneslə məşğul ola bilərlər. Həmin araşdırmalar prezident ailəsinin mobil rabitə, bank, otel, qızıl mədənlərindəki paylarına aid idi.

Parlamentin korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc hesab edir ki, indiki məqamda hər kəs prezidentin başlatdığı islahat siyasətini dəstəkləməlidir. İstər müxalifət, istər də müstəqil ekspertlər. Çünki İlham Əliyev sadaladığı problemlərin həllinə çalışır:

“Cənab prezidentin bu problemləri dilə gətirməsi hər bir sahədə problemlərin həlli üçün mühüm bir siqnaldır. Onun verdiyi tarixi qərarlar, çıxışlar hər bir idarədə, təşkilatlarda, müəssisələrdə müzakirə olunmalıdır. Hər kəs fərqində olmalıdır ki, prezident İlham Əliyev bunları deyərkən nələri nəzərdə tutur. Bir ASAN xidmət ölkənin simasını dəyişdi. İndi prezident ASAN hökumət sistemi formalaşdırmaq istəyir”.

"Qanun qarşısında hamı eyni olmalıdır"

Metal biznesi olan Nazim Bəydəmirli bildirir ki, o da inhisar qurbanlarından biri olub. 6-7 il öncə naməlum şəxslər onun müəssisəsinə gəlib, zorla sexinin qapadılmasını tələb edib. Müxtəlif hüquq mühafizə orqanlarına müraciətləri isə nəticəsiz qalıb.

Bundan sonra Nazim Bəydəmirli öz biznesini qonşu ölkələrdən birinə çıxarmağa məcbur qalıb. O ümid edir ki, prezidentin bu sahədəki problemlər haqda açıq-aşkar çıxışlarından sonra onun kimi müstəqil sahibkarlar qarşısındakı əngəllər aradan qalxacaq:

“Həmin inhisarçılığın qurbanlardan biri də bizik. Amma mən hesab edirəm ki, heç olmasa bundan sonra hər kəs qanun qarşısında eyni olmalıdır. Yəni, məmur sahibkarlığına müxtəlif güzəştlər aradan qalxmalıdır, onlar da vergiləri tam ödəməlidir. Bununla da digər sahibkarlar üçün rəqabət mühitini daha da pisləşdirirlər”.

Sistem dəyişməsə

Prezident İlham Əliyev bildirir ki, başlatdığı bu islahatlarda kadr dəyişmələri də labüddür. Bunu qaçılmaz adlandıran prezident qeyd edir ki, XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza atmaq mümkün deyil, savadlı, bilikli, müasir kadrlara yer verilməlidir.

Bəs, kadr dəyişikliyi ilə iqtisadiyyatda kök salmış problemlər həll oluna bilərmi?

Hüquqşünas Erkin Qədirli düşünür ki, sistem dəyişməsə bu mümkün deyil:

“Yəni, sistem dəyişilməsə, insanları dəyişmək keyfiyyət dəyişikliyinə gətirib çıxarmayacaq. Kadr islahatı olması üçün şəraitin özü də dəyişməlidir. Düzdür, bu zaman sual yarana bilər ki, yeni adamlar olmasa, şərait necə dəyişsin? Bununla razılaşmaq olar. Amma o zaman bu yanaşmaya üstünlük verənlər gərək tələsməsin. Bir az gözləmək lazımdır ki, görək bu yeni kadrlar nə edəcək. Amma indiki halda mənim bunları kadr islahatı adalandırmağa əsasım yoxdur”.

AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib:

Biznesdə monopoliyanın qarşını necə almaq olar?
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Həm yerli, həm də beynəlxalq ekspertlər Azərbaycanda biznes mühitini yaxşılaşdırmaq üçün ilk növbədə inhisar, məmur biznesi və korrupsiya ilə mübarizəni gücləndirməyi zəruri sayırlar.

İndi prezident özü də bu probelmlərinin həllinin zəruriliyini vurğulayır. Bəs, prezidentin də bu problemləri etirafından sonra problemlər öz həllini tapacaqmı? Bunu zaman göstərər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG