Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:22

İŞİD-in ideologiyasına qalib gəlmək üçün nə lazımdır?


İslam dövləti yaraqlıları
İslam dövləti yaraqlıları

►Qərb ölkələri bunun üstündə baş sındırır

İndiyə qədər dünya "İslam dövləti" (İD) ekstremist qruplaşması probleminin həllini onun hərbi yolla məğlub edilməsində axtarıb. Ancaq işin kökündə duran məsələ qruplaşmanın minlərlə adamı öz ətrafında birləşdirmiş ideologiyasını məğlub etməkdir.

Daniel Koehler Qərbdə Suriyadan qayıtmış islamçı döyüşçülərin yenidən normal həyata inteqrasiyasına çalışan az sayda adamdan biridir.

Almaniyadan olan Koehler bütün Avropa və Şimali Amerikada keçmiş döyüşçülər və onların ailələri ilə işləyir. O artıq "cihadçı" ideologiyanın yeni üzvlər cəlb etmək gücü ilə çox yaxından tanışdır.

O və bu sahədə çalışan başqa mütəxəssislər dünyanın ən bədnam silahlı qruplaşmasına çevrilmiş radikal "İslam dövləti"nin (İD) bütün dünyada tərəfdarlar toplamaq işində digər buna bənzər qruplaşmaları, o cümlədən Al-Qaedanı geridə qoymasını müşahidə ediblər.

Koehler qeyd edir ki, bütün buna bənzər "cihadçı" qruplar yeni üzvləri əsasən İslamın şər qüvvələrin hücumuna məruz qaldığı, imanlı insanların buna qarşı vuruşmalı olduğu və qruplaşmaya qoşulmaqla əsl müsəlmanlar üçün yeni ev tikməyə kömək edəcəkləri barədə arqumentlərlə cəlb edirlər.

"Ancaq "İslam dövləti" deyilənlərin çoxlunu reallıqda həyata keçirir. Onlar geniş coğrafi əraziyə nəzarət edirlər, onlar tam funksional, tamhüquqlu dövlət kimi görünmək üçün çox çalışırlar. Onların ritorikası "İslam dövləti" təəssübkeşlərinə göstərir ki, onlar Al-Qaeda və başqa qruplaşmaların keçmişdə heç vaxt yerinə yetirə bilmədikləri vədlərini yerinə yetirirlər," - deyə Koehler qeyd edir. (Ardı aşağıda)

İŞİD yaraqlılarının keçmiş arvadları
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Bu mesaj insanların sosial və iqtisadi statuslarından asılı olmayaraq onlara xoş gəlir, onlara inanmağa ideya və getməyə fiziki məkan göstərir. Öz ölkələrində hücumlar təşkil etmək istəyən radikal şəxslərə isə sadiq olduqlarını göstərə biləcəkləri ölkə verir.

Alman Radikallaşma və Radikalsızlaşma Elmləri İnstitutunun (GIRDS) rəhbəri olaraq Koehler Suriya və İraqdan qayıtmış onlarla döyüşçü ilə danışıb və aşkar edib ki, onların motivləri qarışıq amillərdən ibarətdir. Onlar öz ölkələrindəki vəziyyətdən, öz cəmiyyətlərindəki irqçilik və ayrı-seçkilikdən narazı və qəzəbli ola bilərlər. Eyni zamanda onlar macəra axtara, yaxud təhlükədə olduqlarını düşündükləri insanlara kömək etmək istəyə bilərlər.

"İD"-nin belə insanları cəlb etməkdə uğurlu olması onun Hollivudun geniş kütlələri cəlb edən epik filmlərdə istifadə etdiyi hekayə texnikalarından istifadə etməsi ilə bağlıdır.

Koehler deyir ki, "İD" öz hekayələrini "Qərb pop mədəniyyəti, Hollivud filmləri və video oyunları ilə eyni tərzdə və audio-vizual olaraq çatdırır ki, bu da yeniyetmələrin öyrəşdiyi tərzdir. "Qruplaşma öz video oyununu, qısa sənədli filmini, Tvitter üçün qısa video kliplərini düzəldib, sosial mediadan istifadə edərək Suriya və İraqda döyüş meydanının görüntülərini paylaşıb.

Bəzi müşahidəçilər deyirlər ki, "İD" özünün səfərbərlik kampaniyasının yaratdığı yüksək gözləntilərə cavab verə bilməsə, özünü gözdən sala bilər.

Buna da bax: Putin ailəsinin milyardları- [Video]

"İD" sözşüsü Abu Mohammad al-Adnani 2013-cü ildə bəyan edib ki, qrupun məqsədi "İslamın ilk fatehləri kimi" sərhəd tanımayan İslam dövləti yaratmaqdır.

Ancaq bu il jurnalist Graeme Woodun "The Atlantic" jurnalında yazdığı kimi, "o, genişlənə blmədiyi hər ay Məhəmməd peyğəmbərin fateh dövlətindən daha çox xalqına rifah gətirə bilməmiş növbəti Yaxın Şərq dövlətini xatırladır."

"İD"-nin qələbə hekayəsində deyilir ki, "İD" Xorasandan gələn qoşunlara məğlub olacaq. Amma cəmi bir neçə yüz sağ qalmış döyüşçüsü ilə Qüdsə girəcək və orada İslamın Məhəmməddən sonra ikinci ən vacib peyğəmbər hesab etdiyi İsa Məsihin rəhbərliyi ilə bütün dünyada İslamın qələbəsinə nail olacaqlar.

Təəssübkeşlərini həm qələbələrə, həm də məğlubiyyətlərə hazırlayan "İD" hətta ən ciddi məğlubiyyətlərin belə onun ideoloji imicinə ləkə gətirməsini müşkül edir. Amma bəzi müşahidəçilər düşünürlər ki, Qərb cəmiyyətləri və başqa cəmiyyətlər təşkilatın reallığını potensial əsgərlərə çatdırmaq üçün daha çox səy göstərsələr, "İD"-nin ideologiyasına qalib gəlmək mümkün ola bilər.

Koehler düşünür ki, İraq və Suriyadan öz vətənlərinə qayıtmış döyüşçülər bu işdə əsas rolu oynaya bilər. Onun sözlərinə görə, qayıdan əsgərlər gördüklərindən travma almış və xüsusilə də "İD"-nin qəddarlığını görüb xəyal qırıqlığına uğramış insanlardır.

O iddia edir ki, qayıdan döyüşçülər öz icmalarında başqa insanları eyni yolu getməkdən çəkindirmək üçün effektiv vasitə ola bilər. Xüsusən də əgər onların ölkələri qayıtdıqdan sonra onları həbs etməkdənsə ikinci şans verərək onların cəmiyyətə yenidən inteqrasiyasına çalışarsa.

Bəzi Şimali Avropa ölkələri bu yanaşmanı sınaqdan keçirməkdədirlər. Danimarkanın Aarhus şəhərinin hökumətinin 2013-cü ildən bəri həyata keçirdiyi reinteqrasiya siyasəti dünyanın diqqət mərkəzindədir. Bu siyasət nəticəsində həmin şəhərdən "İD"-nə qoşulanların sayı xeyli azalıb.

Britaniyanın "Guardian" qəzeti yazır ki, əgər 2012 - 2013-cü illərdə Aarhusdan 31 gənc Suriyaya gedibsə 2014-cü ildə cəmi bir nəfər gedib.

Aarhus şəhər hökumətinin bu proqramının tənqidçiləri onu "sadəlövh" adlandırsalar da, proqramın tərəfdarları, o cümlədən polis deyir ki, qayıdanların intensiv monitorinqi onların hər hansı radikal hərəkətlərə yol verəcəyi təhlükəsini minimuma endirir.

XS
SM
MD
LG