Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:03

“Xəzəryanı ölkələrdə ən bahalı elektrik enerjisi …” (media icmalı)


karikatura, Gündüz Ağayev
karikatura, Gündüz Ağayev

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqton görüşü, qazın, elektrikin satışında limit, “Göygöl Şərab Zavodu”nun ziyanı və başqa məsələlər medianın diqqət ayırdığı mövzulardandır...

"HEÇ KİM DEMİR Kİ, AVROPALI 5 MİN AVRO ƏMƏKHAQQI ALIR"

“Yeni Müsavat” qəzetində “İşığa qoyulan limit bu yay artırıla bilər” sərlövhəli yazı diqqət çəkir. Yazıda qaz və elektrikin əhaliyə 2016-cı ildən əvvəlki qiymətlərlə limitlə satılması müzakirəyə çıxarılıb.

Müəllif vurğulayır ki, iki ay öncə dövlət başçısının qərarı ilə əhaliyə güzəştli qiymətlə verilən qaz limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırılıb. İndi 2020 kubmetr qaz əhaliyə 10 qəpikdən satılır. Bundan artıq qazın hər limitinə görə isə əhali 20 qəpik ödəməlidir.

Yazıda habelə bildirilir ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək istehlakçılara 7 qəpikdən təklif edilir. Bundan artıq elektrikin hər kilovat-saatı isə 11 qəpikdən satılır.

Deputat Fazil Mustafa deyib ki, hökumətin bu istiqamətdə müəyyən addım atacağımı istisna etmir:

“Ən azı 3 ay müddətində insanların elektrik enerjisindən rahat istifadəsi üçün limit götürülə bilər. Belə bir addım atılsa vətəndaşın rifahında da öz təsirini göstərəcək”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyib ki, Xəzəryanı ölkələr arasında ən bahalı elektrik enerjisi Azərbaycana məxsusdur.

İlham Şaban
İlham Şaban

Ekspet xatırladıb ki, 2016-cı ildə limit tətbiq olunanda və tariflər qaldırılanda bunu Avropada 1 kilovatt elektrik enerjisinin qiymətinin 25 sent olması ilə izah ediblər: “Ancaq heç kim demir ki, avropalı 5 min avro əməkhaqqı alır”.

İ.Şaban hesab edir ki, qaza 11 qəpik qiymət qoymaq bahadır. Onun fikrincə, bu, insanların əməkhaqqına nisbətdə çox yüksəkdir.

İqtisadçı Vüqar Bayramov da deyib ki, əhali üçün elektrik enerjisinə tətbiq edilən limitlərin artırılmasına tərəfdardır. Onun gəldiyi nəticəyə görə, Azərbaycan iqtisadiyyatında artım tempinin bərpası, neftin qiymətinin məqbul səviyyədə olması işığın güzəştli qiymətlə limitini artırmağa imkan verir.
Ekspertə görə, limitin artırılması əhalinin sosial təminatı baxımından da vacibdir.

ŞƏRAB ZAVODU ZİYANDA

“Marja.az” sayıtında “Azərbaycanın 160 illik tarixə malik böyük zavodu böyük zərərdə” sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, “Göygöl Şərab Zavodu” Açıq Səhimdar Cəmiyyəti (ASC) 2018-ci ili 6 milyon 479 min manat zərər ilə başa vurub. Müəllifin qeyd etməsinə görə, 2017-ci illə müqayisədə ötən il ASC-nin zərəri 1 milyon 463 min manat və ya 29 faiz artıb.

Sayt ASC-nin illik hesabatına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə ötən il “Göygöl Şərab Zavodu”nun əsas əməliyyat gəlirləri 2,6 dəfə artaraq 10 milyon 236 min manat təşkil edib:

“Eyni zamanda, icarədən 102 min manat gəlir əldə edilib. ASC-nin ümumi əməliyyat gəlirləri 10 milyon 338 min manat təşkil edib”.

arxiv foto
arxiv foto

Yazıda o da qeyd edilib ki, 2017-ci illə müqayisədə 2018-ci ildə əməliyyat xərcləri isə 30 faiz artaraq 11 milyon 688 min manata yüksəlib. Hesabata görə, xərclər gəlirləri üstələdiyindən 1 milyon 350 min manat əməliyyat zərəri yaranıb:

“Eyni zamanda, ötən il “Göygöl Şərab Zavodu”nun 5 milyon 239 min manat fövqəladə xərcləri yaranıb. Bu xərclər daxil zərər 6 milyon 479 min manata yüksəlib. Fövqəladə xərclərin nədən ibarət olduğu hesabatda açıqlanmayıb”.

Yazıda bildirilir ki, bu zavod Azərbaycanın 160 ilə yaxın tarixə malik şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər istehsal edən müəssisəsidir.

ELMAR MƏMMƏDYAROV: "SİYASİ İRADƏ VƏ QƏTİYYƏT NÜMAYİŞ ETDİRİLMƏLİDİR"

Rəsmi AZƏRTAC saytında isə Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşinqtonda ermənistanlı həmkarı ilə keçirdiyi görüşün nəticələrinə dair AZƏRTAC-a müsahibəsi dərc edilib.

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqton görüşü bu il iyunun 20-də keçirilib.

Elmar Məmmədyarob sayta deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzə aparılan danışıqlar prosesində keçirilən hər bir görüş, ilk növbədə, prosesin irəli aparılması baxımından nəzərdən keçirilir. Nazirin fikrincə, görüşlər yalnız görüşlər keçirmək naminə deyil, konkret nəticələrə hədəflənməlidir:

“Bu baxımdan, biz substantiv danışıqların tərəfdarı olduğumuzu dəfələrlə bəyan etmişik. Fikir versəniz, həmsədrlərin verdiyi sonuncu bəyanatlarda da substantiv danışıqların aparılması məsələsinə xüsusi diqqət verilir. Çünki məlum məsələdir ki, əgər məqsəd adından da göründüyü kimi, həlli uzadılmış münaqişəni həll etməkdirsə, burada nəticəyə yönəlik addımlar atılmalıdır, siyasi iradə və qətiyyət nümayiş etdirilməlidir” .

Elmar Məmmədyarov
Elmar Məmmədyarov

​Elmar Məmmədyarov sayta təəssüflənib ki, bu dedikləri Vaşinqton görüşünün nəticəsi kimi təqdim edilə bilməz:

“Bu görüş daha çox bundan öncəki Paris və Moskva görüşlərinin razılaşmalarının həyata keçirilməsi məsələləri ətrafında müzakirələr kimi xarakterizə edilə bilər. Əlbəttə, müzakirələr hər zaman faydalıdır, lakin onu da vurğulamaq istərdim ki, nəticə olmayanda, hətta faydalı müzakirələrin belə labüdlüyü sual doğura bilir...”

“Görüşdən sonra verilən açıqlamalarda qeyd edildi ki, həmsədrlər hər iki tərəfin diqqətinə təkliflər təqdim ediblər. Bu barədə daha ətraflı nə deyə bilərsiniz” sualına nazir belə cavab verib:

“Burada bundan öncəki görüşlərin bəyanatlarında əks olunduğu kimi, humanitar və təhlükəsizlik sahəsində konkret təşəbbüslərin reallaşdırılması, eləcə də hazırda bölgədə mövcud olan vəziyyətin dəyərləndirilməsi baxımından maraqlı təşəbbüslər var. Ən önəmlisi odur ki, bu təşəbbüslərin reallaşdırılması və münaqişənin həlli istiqamətində nəticəyə yönəlik addımlar atmaq üçün siyasi iradə nümayiş etdirilsin”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG