-
Azərbaycanda elektrik enerjisinin bahalaşmasından 2 həftə sonra "Azərişıq" Səhmdar Cəmiyyəti və Asiya İnkişaf Bankı (AİB) kredit sazişi imzalayıblar.
Bu haqda Asiya İnkişaf Bankının Bakı ofisindən məlumat veriblər.
Ofisdən Trend-ə deyiblər ki, saziş Azərbaycanda elektrik enerjisi paylayıcı sisteminin yaxşılaşdırılması məqsədi daşıyır.
Sazişi “Azərişıq” ASC-nin sədri Baba Rzayev və AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Manapbekov imzalayıblar.
5 illi güzəştli olmaqla 25 il müddətinə verilən birinci tranşın məbləği 250 milyon dollardır.
2016-cı ilin əvvəlinə olan statistikaya görə, “Azərişıq ” ASC-nin “Azərenerji” ASC-yə 49,6 milyon manat borcu var. “Azərenerji” ASC-nin də SOCAR-a 312 milyon manat borclu olduğu bildirilir.
“Azərişıq” ASC-nin ötən ilin yekunları ilə bağlı yaydığı hesabatda da diqqət çəkən məqamlar var.
Hesabata görə, 2014-cü ildə 5,189 milyon mənfəət əldə edən cəmiyyətin 2015-ci ildəki xalis itkisi 31,287 milyon manat olub.
Bəzi ekspertlər işığın son bahalaşmasını məhz xaricdən götürüləcək kredit yükünü əhali ilə bölüşmək məqsədi daşıdığını deyirdilər.
Buna da bax: İşığın bahalaşması kimə daha çox ziyan vuracaq- [Video]