Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:03

İŞİD lideri öldürülüb


İŞİD üzvü, 2015-cü il
İŞİD üzvü, 2015-cü il

İslam Dövləti (İŞİD) cihadçı qrupu dünən – noyabrın 30-da lideri Əbu Həsən əl-Haşimi əl-Qureyşinin döyüşdə öldürüldüyünü bildirib və mövcud gizli dəstələri üçün yeni lider elan edib.

Qruplaşmanın sözçüsünün dediyinə görə, iraqlı Haşimi “Allahın düşmənləri ilə döyüşdə” öldürülüb. Ancaq ölümün nə vaxt baş verdiyi açıqlanmayıb.

Cihadçılara “daha bir zərbə”

ABŞ ordusunu Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Haşimi oktyabrın ortasında Suriyanın cənubundakı Daraa vilayətində Azad Suriya Ordusu üsyançılarının gerçəkləşdirdiyi əməliyyatda öldürülüb. Komandanlıq onun ölümünü cihadçılara “daha bir zərbə” adlandırıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi açıqlamasında İD-in alternativ qısa adını işlədib: “İŞİD-in daha bir liderinin Yer üzündə gəzməməsi xəbərini alqışlayırıq”.

İD-in sözçüsü audiomesajda Əbu əl-Hüseyn əl-Hüseyni əl-Qureyşinin qruplaşmanın yeni lideri təyin olunduğunu söyləyib.

Qureyşi Məhəmməd Peyğəmbərin mənsub olduğu, “gəlmələr” mənasını verən ərəb qəbiləsinin adıdır. İD liderləri həmin qəbilədən olduqlarını deyirlər.

İD süqut etsə də...

2014-cü ildə İraqda və Suriyada sürətlə böyük ərazilər ələ keçirən bu qruplaşmanın elan etdiyi “xilafət” bir neçə hücum dalğasından sonra süqut edib.

Qruplaşma 2017-ci ildə İraqda, iki il sonra isə Suriyada məğlub edilib, ancaq gizli ocaqları hər iki ölkədə hücumları davam etdirir.

Bu il qruplaşma və qanadları başqa yerlərdə, o cümlədən Əfqanıstan, İran və İsraildə hücumlara görə məsuliyyəti götürüblər.

Sözçü yeni lider haqda ətraflı danışmasa da, onun “veteran” cihadçı olduğunu deyib, İD-ə sadiq qrupları dördüncü liderə sədaqət andı içməyə çağırıb.

Liderlərin “sürətli ardıcıllıqda məhvi”

Qruplaşmanın öncəki lideri Əbu İbrahim əl-Qureyşi bu ilin fevralında Suriyanın şimalındakı İdlib vilayətində ABŞ reydində öldürülüb.

Onun sələfi Əbu Bəkr əl-Bağdadi də 2019-cu ilin oktyabrında İdlibdə öldürülmüşdü.

Ağ evin mətbuat katibi Karin Jan-Pyer (Karine Jean-Pierre) Haşiminin ölümüylə nəticələnmiş əməliyyatda ABŞ-ın roluna dair açıqlama verməyib.

“İŞİD liderlərinin belə sürətli ardıcıllıqda məhvindən məmnunuq. Birləşmiş Ştatlar İŞİD-in qlobal təhdidilə mübarizə öhdəliyinə sadiqdir, beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır”, – o, jurnalistlərə deyib.

ABŞ Suriyada İD qruplaşmasına qarşı hərbi koalisiyaya başçılıq edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG