Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 04:17

İşçi qıtlığı əmək bazarında nəyi dəyişə bildi – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Britaniya OECD ölkələri içində işsizliyə görə ən az müavinət verən ölkələrdəndir

Koronavirus pandemiyasının dünya iqtisadiyyatında yaratdığı fəsadlardan biri də işçi qıtlığı idi. Bu durumun işçilərin əlini möhkəmlədəcəyi haqda fikirlər səslənirdi. Amma “The New York Times” qəzeti xidmət sektorunda çoxlarının hələ də qeyri-sabit iş saatlarından əziyyət çəkdiyini yazır, çünki işəgötürənlər çevikliyə üstünlük verirlər.

Məsələn, “Chipotle” şəbəkəsində çalışan Brenda Qarsiya həftəyə azı 20 saat işləmək istəyir, yoxsa xərclərini qarşılaya bilmir. Meneceri hər dəfə ona daha çox iş tapmaq vədi verir, amma problem dəyişmir. Bir həftə qadına cəmi 6.25 saatlıq növbə düşüb.

“Bu mənə bəs eləmir. Mənə daimi iş vermirlər”, – işi göyərti doğramaq olan Qarsiya deyir.

Qəzet “Chipotle” şəbəkəsinin əsasən yarımştat işçi qüvvəsindən istifadə etdiyini yazır. Yanvarın əvvəlində Qarsiyanın iş yerində azı 12 işçi həftəyə 20 saatdan, bəziləri 15 saatdan az işləyib.

Maaş artımını inflyasiya “yeyir”

Ölkə üzrə iş yerlərinin tərk edildiyi, şirkətlərin vakansiyaları doldura bilmədiyi bir dönəmdə gözlənirdi ki, işəgötürənlər yarımştat iş qrafikindən asılılığa yenidən basınlar. Bəzi işçilərin çevik qrafiki sevməsinə baxmayaraq, çoxları bu zaman az işləyib, az qazandıqlarını deyirlər.

Hökumət datasına görə, ötən il pərakəndə satış bizneslərində sərbəst qrafiklə işləyənlərin sayı pandemiyadan öncəki dönəmlə müqayisədə dəyişməyib, restoran və otel biznesində isə hətta artıb.

Məqalədə deyilir ki, xidmət sektoru işçilərinin işçi çatışmazlığından mənalı, uzunmüddətli fayda götürməsinə dəlil azdır. Bizneslərdəki maaş artımını da inflyasiya “yeyir”. Həmkarlar birliyinə ölkə üzrə üzvlük səviyyəsi isə ötən il ən aşağı həddə düşüb. Bu birliklər işçilər üçün maaş artımı əldə edə bilərlər.

Qəzet hazırda işlərin az maaşlı, az sabit və riskli olmasının kökünün 1960-70-ci illərə getdiyini yazır. O zaman əmək bazarı iki yolla təkamül edirdi. Birincisi, şirkətlər kənardan işçi qüvvəsi–podratçılar, müvəqqəti işçilər cəlb edirdi. İkinci halda isə bizneslər daha çox satış və otel sənayesinə yarımştat işçi götürürdülər. Mütəxəssislər qadınların yarımştat işinə kütləvi axın etdiyini deyirlər. Çünki bu halda övladlarının məktəbdən qayıdanda evdə ola bilirdilər.

Britaniyanın həll planı

“The Financial Times” qəzeti də pandemiyanın bir çox ölkələrdə səbəb olduğu işçi qıtlığından yazır. Ötən həftə Britaniya hökuməti bu problemin həlli üzrə planını açıqlayıb.

Hazırda ölkədə 1.2 milyon iş yeri boşdur və nazirlər “yarım milyon adamı asudə vaxtdan ayıraraq işə cəlb etmək” istəyir. Yeni qaydalara görə, işsizlik müavinəti alan işaxtaranlar müavinət üçün müraciətin üçüncü ayından sonra deyil, dördüncü həftəsindən başlayaraq istədikləri peşədən, yaxud sektordan kənarda iş axtarmalı olacaqlar. Bu zaman iş təklifindən imtina etsələr, müavinətləri kəsiləcək.

Müəllif bunu mövcud olmayan problemin pis həll yolu sayır, üstəlik, olmayan problemi də şişirdəcəyini qeyd edir.

Avropa işçi qüvvəsi axtarır
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Səbəblər

Birincisi, bu qayda Britaniyada əsas müavinət sayılan vahid sosial ödəniş alan az sayda adama təsir göstərəcək. Bu müavinəti alan 5.7 milyon nəfərin cəmi 433 mini onu heç üç ay deyil əldə edir. Bu şəxslərin isə 179 mini iş axtarır.

İkincisi, müəllifin fikrincə, yeni yaranan işsizlərin iş axtarmağa meylli olmadığını deməyə əsas yoxdur. Hər rübdə işsiz statusu işləyənə dəyişənlərin sayı yarım milyonu keçib ki, bu, on ildə ən yüksək göstərici deməkdir. İşsizlik səviyyəsi sürətlə 4.1 faizə düşür, bu isə əmək bazarının pandemiyadan öncəki durumuna yaxınlaşır. Qısamüddətli işsizlik rekord səviyyədə aşağıdır.

Qəzet bunu Britaniyada adamların sürətlə iş tapmasına güclü marağıyla əlaqələndirir. Yaşı 25-dən yuxarı tək adam üçün işsizlik müavinəti aya 325 funt-sterlinqdən aşağıdır. Bu isə hökumətin özünün müəyyənləşdirdiyi yoxsulluq səviyyəsindən azdır. Britaniya OECD ölkələri içində işsizliyə görə ən az müavinət verən ölkələrdəndir.

XS
SM
MD
LG