2026, 22 Noyabr, bazar, Bakı vaxtı 00:46

İsa Qəmbər xaricə buraxılmadığını deyir

Müsavat partiyasının başqanı İsa Qəmbər
Müsavat partiyasının başqanı İsa Qəmbər

O, Berlində keçirilən beynəlxalq konfransa gedərkən hava limanından geri qaytarıldığını bildirib. Bundan əvvəl Milli Şuranın sədri Cəmil Həsənli də oxşar məhdudiyyətlə üzləşdiyini açıqlamışdı.

Müsavat Partiyasının başqanı İsa Qəmbərin Azərbaycandan çıxışına icazə verilmədiyi bildirilir.

Bu barədə siyasətçi noyabrın 21-də özü məlumat yayıb

İsa Qəmbər vurğulayıb ki, həmin gün Almaniyanın paytaxtı Berlində keçiriləcək beynəlxalq konfransa dəvət alıb. Lakin əlavə etməsinə görə,gecə saat 04:00-a olan reysi ilə ölkədən çıxmasına hava limanında maneə yaradılıb.

“Bu gün, 21 noyabrda Berlində, önəmli bir konfransa dəvətli idim. Bu gecə saat 4-ə uçaq (təyyarə) biletim var idi. Hava alanında uçuşumu əngəllədilər. Heç bir izahat vermədilər”, – siyasətçi yazıb.

İsa Qəmbər paylaşımında konfransın təşkilatçılarına və iştirakçılarına uğurlar arzulayıb.

Onun vurğulamasına görə, hansı hüquqi əsasla ölkədən buraxılmadığı məlum deyil. Siyasətçi hava limanında ona heç bir izahat verilmədiyini bildirib.Məsələ ilə bağlı Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumlardan da, hələlik, rəsmi açıqlama almaq mümkün olmayıb.

Azərbaycanda digər müxalif siyasətçilər də oxşar məhdudiyyətlərlə üzləşiblər

Bundan əvvəl Milli Şuranın sədri Cəmil Həsənli noyabrın 5-də "Facebook" səhifəsində yazmışdı ki, 2027-ci il yanvarın 7-dən 10-na qədər Nyu-Orleanda Amerika Tarix Cəmiyyətinin 140-cı illik toplantısı keçiriləcək və ora dəvətlidir.

Lakin Milli Şuranın sədri əlavə edib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə əlaqədar 2025-ci il noyabrın 30-da istintaq orqanı (DTX) ölkədən çıxışına məhdudiyyət qoyaraq ondan şahid ifadəsi alıb: "Ramiz Mehdiyevin məhkəmə prosesi oldu və bizi şahid kimi ora dəvət etmədilər. Bizim mövqeyimiz belə idi ki, nə Ramiz Mehdiyevin, nə də bir başqasının rəhbərliyi və ya iştirakı ilə ölkədə dövlət çevrilişi deyilən bir şey olub. Artıq məhkəmə başa çatıb. Lakin stop stopluğunda qalır".

Onunla bağlı məsələyə də rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.Mehdiyev barəsində cinayət təqibinə 2025-ci ilin oktyabrında başlanılıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunub. Onun ev dustaqlığının müddəti sonradan bir neçə dəfə uzadılıb. Ötən ay isə məhkəmə istintaqı yekunlaşıb və R.Mehdiyev (yaşı və səhhətindəki problemlər əsas gətirilərək) 14 il şərti həbs cəzasına məhkum edilib.Onun hökmdən apelyasiya şikayəti verdiyi bildirilir.

Xatırlattma
Azərbaycanda milli azadlıq hərəkatının təmsilçilərindən olan İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin idarə heyətinin üzvü olub.1992-ci ildə Milli Məclisin sədri seçilib.Bir müddət Prezident səlahiyyətlərini icra edib.1993-cü ildə istefa verib.


​
XS
SM
MD
LG