BBC bir araşdırmaya istinadən yazır ki, hər beş amerikalı işçidən biri toksik iş mühiti səbəbindən işini tərk etməli olub. Britaniyada isə sorğuda iştirak edən işçilərin 64 faizi iş yerində üzləşdikləri problemli davranışların onların mental sağlamlığına təsir etdiyini deyib. Özü də, çox zaman belə toksik durumlardan şikayət edilmir.
Bu növ toksik davranışlara təkcə rəqabətin yüksək, hesabatlılığınsa aşağı olduğu iri korporasiyalarda deyil, daha kiçik və iyerarxiyanın daha az olduğu şirkətlərdə də rast gəlinir. Hər hansı bir iş yerinin toksikliyə meylli olduğunu necə anlamaq olar və bununla bağlı hər hansı bir dəyişiklik etmək mümkündürmü?
Təhqiramiz davranışların normallaşması
Əlbəttə, iş mühitinin toksikliyi ilə bağlı dəqiq bir tərif yoxdur.
"Toksik iş yeri təhqiramiz davranışların, demək olar, normallaşdırıldığı kontekstə deyilir. Bu, həm insanların yanlış davranması, həm də bunun başqalarına təsir etməsi ilə bağlıdır", – Kembric Universitetinin Cac Biznes Məktəbinin təşkilati davranış professoru Tomas Rule BBC-yə deyib.
"Təzyiqin yüksək olduğu kontekstlərdə toksik iş mühitinin yaranması ehtimalı daha çoxdur. Ancaq, eyni zamanda, iri qurumların toksiklikdən yayınmağa imkan verən daha yaxşı sistemə malik olması ehtimalı da daha yüksəkdir", – Rule deyir.
"Dəyişiklik etmək"
20-yaşlı Perl Avropada bir qeyri-kommersiya təşkilatında praktikada olanda özünün "qorxunc" adlandırdığı toksik davranışlarla üzləşib: "Gördüm ki, qurum inkişaf etməkdə olan ölkələrdən olan, mənim kimi insanları "dəyişiklik etmək" adı ilə işə götürür. Həm mən, həm də inkişaf etməkdə olan ölkələrdən gələn və tam ştatla işləyən işçilərə az maaş verilirdi. Biz bunu deyəndə şikayətlərimizi ciddi qəbul etmək əvəzinə deyirdilər ki, biz bu imkana görə minnətdar olmalıyıq".
Perl və həmkarlarından yüksək standartlar gözlədikləri halda onların əməyinə dəyər verilmirmiş.
"Emtrain" şirkətinin təsisçisi və CEO-su Janin Yensi deyir ki, şirkətlər iş müsahibəsi zamanı iş mühitinin toksik olduğunu bilərəkdən gizlədə bilərlər. O, müsahibələrdə qurumun mədəni normaları haqda suallar verməyi tövsiyə edir: "Davranış normaları, rəhbərliyin necə olması, kouçinq və təlimin olub-olmaması, qurumun ünsiyyət tonunu necə qurması haqda suallar verin… Şirkət nümayəndəsinin bu suallara tutarlı cavabları yoxdursa, bu, yaxşı əlamət olmaya bilər".
Mənfi halları ictimailəşdirmək
İş yerində toksik davranış çox zaman cəzalandırılmamış qalır. Ancaq tanınmış, iri şirkətlərdə baş verən mənfi halların ictimailəşdirilməsi faydalı presedentlər yaradır. Bu presedentlər gələcəkdə iş yerlərində vəziyyətin yaxşılaşdırılmasına kömək edə bilər.
Bu ilin noyabrında "Activision Blizzard" videooyun şirkətinin işçiləri tətil etdilər. Səbəb şirkət rəhbəri Bobbi Kotikin uzun zamandan bəri davam edən təhqir şikayətlərindən xəbərdar olmasının üzə çıxması idi. Kaliforniya ştatı əməkdaşların şikayətlərindən sonra şirkəti məhkəməyə verib. Əməkdaşlar şirkətdə cinsi ayrıseçkilik, maaşların qeyri-bərabərliyi, kişilərə qadınlardan daha çox imkan yaradılması və cinsi təhqir hallarından şikayət edirdilər.
Bundan bir neçə ay əvvəlsə şotland pivə və pab şəbəkəsi "Brewdog" toksik yanaşma və "qorxu mədəniyyəti" yaratmaqda ittiham edilmişdi. Şirkət rəhbəri bununla bağlı açıq məktuba cavab verməyə məcbur edilmişdi.
Toksik iş yerlərinin adlarının ictimailəşdirilməsi və qınanması, habelə mətbuatın "Great Resignation" (Böyük istefa) adlandırdığı, hazırda davam etməkdə olan proses gedişində işçilər çalışdıqları mühitin inklüziv və cəlbedici olmasına xüsusi diqqət yetirməyə başlayıblar. Şirkətlər də prioritetlərini bu amilləri nəzərə alaraq qurmağa başlamalıdırlar.