Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 09:46

İri ticarət mərkəzləri və 'Mall'ar bağlanır


Bakıda ticarət mərkəzi

İri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti müvəqqəti dayandırılır.
Bu barədə bu gün, martın 22-də Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat yayılıb. Məlumatda yazılıb ki,koronavirus (COVİD-19) infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyindən ciddi preventiv tədbirlər tətbiq olunmaqdadır:
“ Bu məqsədlə bir çox ölkələr arasında sərhədlər müvəqqəti bağlanıb, aviauçuşlar dayandırılıb, insanların kütləvi toplaşdığı məkanlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunub, o cümlədən sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılıb”
Məlumatda əlavə olunub ki, bunlarla yanaşı, virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranıb: “Bu baxımdan nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən bir ay müddətinə dayandırılır”


Azərbaycanda indiyə qədər rəsmi şəkildə 65 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 12 min civarında şəxsin vəfat etdiyi bildirilir.
Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.
Habelə, martin 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 20-dən 29-na qədər isə Azərbaycanda Novruz bayramı ilə bağlı qeyri iş günləridir.

XS
SM
MD
LG