Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:08

İraq Kürdüstanı referenduma gedir


İraq kürdləri referenduma gedir
İraq kürdləri referenduma gedir

Sentyabrın 25-də İraqın Kürdüstan Regionu (KRI) müstəqillik referendumu keçirir. Kürdüstan paytaxtı Ərbildə və ətraf ərazilərdə milli əhvalı gücləndirilmiş bu referendum Bağdaddakı mərkəzi hakimiyyət və beynəlxalq ictimaiyyət tərəfindən isti qarşılanmayıb.

Birləşmiş Ştatlar Ərbili səsverməni təxirə salmaqdan ötrü dilə tutub. Ötən həftə Qərb diplomatları alternativ təklif irəli sürüblər: səsverməni təxirə salın və Bağdadla yeni danışıqlara başlayın. Ancaq konkret təminatlar ala bilməyən Ərbil təşəbbüsü rədd edərək, referenduma hazırlığı davam etdirib.

KÜRDLƏR DƏ PARÇALANIB

Kürdüstan daxilində də referenduma dəstək haçalanıb. Səsverməyə əsas dəstək verənlər KRI prezidenti Masoud Barzani və onun Kürdüstan Demokratik Partiyasıdır.

Masud Barzani
Masud Barzani

Bu partiya əsas gücünü Ərbil və Dauk vilayətlərindən alır. Əslində, bütün kürdlər müstəqillik məsələsinin arxasındadır, ancaq məsələn, Süleymaniyə şəhərində mənzillənən Gorran Hərəkatı səsvermənin vaxtı və proseduruna qarşı çıxır. Kürdüstan Vətənpərvər Birliyi daxilində isə referenduma dəstəklə bağlı fikir ayrılığı mövcuddur.

Referendumun vaxtı bu ilin iyununda elan olunub, ancaq müstəqil dövlət yaratmaqdan ötrü hüquqi qüvvəyə malik deyil. Yəni səsvermədən bir gün sonra sərhədlərdə, yaxud suverenlik dəyişikliyi gözlənilmir.

Ərbil bu siyasi taktikanı yürütməklə Bağdadla danışıqlarda alver predmeti əldə etmək istəyirdi. Ancaq indi bu, ölkənin gələcəyi uğrunda yüksək riskli, antaqonizm dolu yarışa çevrilib. Kürdüstana bütün tərəflərdən təzyiq olunur, səsverməni müstəqil dövlət elan etməkdən ötrü bəhanə adlandırırlar.

İran xəbərdarlıq edib ki, KRI ilə təhlükəsizlik sahəsində münasibət dəyişə bilər. Türkiyədən təzyiq yüksəlir. Birləşmiş Ştatlar referendumun ertələnməsi üçün aqressiv diplomatik hücuma keçib. İraq parlamenti isə ötən həftə referendumu qeyri-konstitusion adlandırıb. Kərkük vilayətinin rəhbərini də parlament işdən çıxarılıb, baxmayaraq ki, bu iş onun səlahiyyətində deyil.

BİRLƏŞMİŞ ŞTATLARIN DAVRANIŞI

Bütün bunlar kürdlərin millətçilik hissini daha da qızışdırıb. Bağdaddakı ərəb liderlərin narahatlığı da artıb.

Beləliklə, hər iki tərəf güzəştə gedilməyəcək həddə çatdıqlarını düşünürlər.

Birləşmiş Ştatların böhran zamanı davranışı Ərbillə münasibətlərini korlayıb, etibarlı vasitəçi imicinə də ziyan vurub. Son illər qarşılıqlı əlaqələrdə onsuz da geriləmə vardı, kürdlər ABŞ-ın niyyətlərindən və prioritetlərindən narahat idilər. Ancaq yenə də amerikanların Ərbillə Bağdad arasında vasitəçiliyinə bel bağlayırdılar.

Di gəl, Amerika diplomatiyası referendumla bağlı gərginliyi səngidə bilmədi. Yürüşlərdə Barzani ABŞ-dan məyusluğunu gizlətməyib və referendumun keçiriləcəyini söyləyib. Kürd liderinin ABŞ siyasətinə qarşı belə dirənişi misli görünməmiş şeydi. “The Washington Post” qəzeti yazır ki, ABŞ-dan hərbi dəstək alınmasına baxmayaraq, kürdlərin amerikalıların tələblərini rədd eləməsi 3 səbəblə izah olunur. Birincisi, Birləşmiş Ştatlar İslam Dövləti (İŞİD) silahlı qruplaşmasıyla müharibə getdiyi bir müddətdə təhlükəsizlik təminatını dayandıracağıyla hədələyə bilmir. İkincisi, Amerikanın dəstəyi heç vaxt kürdlərin ambisiyalarının irəliləməsinə yardım etməyib, İŞİD-in məğlubiyyətinə yetəcək qədər olub. Sonuncusu, Barzani-nin səsvermədən imtinasının siyasi riski onun xaricdən dəstəyi itirmək riskini üstələyir.

ABADİ DAHA ZƏİF DÜŞDÜ

ABŞ-ın referenduma qarşı çıxmasının əsas səbəbi belə bir qorxuyla bağlı idi ki, bu səsvermə 2018-ci ilin aprel seçkisindən sonra Haider al-Abadi-nin baş nazir postunda qalmasını əngəlləyə bilər. “Ancaq referenduma qarşı kampaniya, deyəsən, Abadi-yə daha çox ziyan vurdu. Bağdad ilkin yanaşmasını saxlasaydı, səsverməni sadəcə, dəstəkləməyib, “qanunsuz” elan etsəydi, daha yaxşı olardı.

Haidar al-Abadi
Haidar al-Abadi

Saddam Hussein-dən sonrakı hökumət kürdlərin dəstəyi olmadan qurula bilməzdi. İndi kürdlər səsverməni, Abadi-nin onu dayandırmaq cəhdlərinə baxmayaraq davam etdirsələr, o, zəif görünəcək. Üstəlik, kürdlər digər namizədlərlə sövdələşmə əldə etməkdən ötrü özlərinin siyasi çəkilərindən də istifadə edə bilərlər…” qəzet yazır.

Neftlə zəngin Kərkük vilayəti 2014-cü ildən kürd qüvvələrin nəzarəti altındadır. Bağdad və Tehranın hədələri zorakı toqquşma riskini artırıb. Abadi həftəsonu xəbərdarlıq edib ki, İraq ordusu referendumla bağlı hər hansı zorakılığa müdaxilə etməyə hazırdır. Kərkük ərtafındakı, İranın dəstəklədiyi şiə yaraqlıları da kürd qüvvələrinə qarşı hədələrini dilə gətiriblər. Barzani də Kərkükü müdafiə edəcəyinə söz verib.

“Kürd millətçiliyinin yüksək olduğu bir vaxtda hətta kiçik insidentlər belə kütləvi fəsadlar törədə bilər. İŞİD də Kərkükdə mövcudluğunu saxlayır və qarşıdurmaya təhrik edə bilər…” məqalədə deyilir.

Buna da bax: Türkiyəylə İran kürdlərin müstəqilliyinə qarşıdır​

REFERENDUMDAN SONRA NƏ OLACAQ?

“BBC” kürdlərin gündə 600 min barrel neft ixracıyla beynəlxalq investorları cəlb etdiyini yazır. Hər tərəfdən quruyla, həm də ona şübhəylə baxan ölkələrlə əhatələnmiş bir millət üçün bu, inanılmaz uğur sayıla bilər.

Ancaq KRI bir dövlət olmadığından uyğun faizlərlə kredit, yaxud BMT-nin tanıdığı ölkələr kimi silah ala bilmir. Kürdüstanın neft satışı da Bağdad tərəfindən mütəmadi təhdid altındadır. Bağdad kürdlərin hava məkanına nəzarət edir, onlar İraq pasportlarından istifadə edir və sairə.

BBC referendumdan sonrakı mümkün addımlarla bağlı yazır ki, Türkiyə ritorik olaraq səsverməni pisləsə də, sərhədi, yaxud Kürdüstanın neft ixracı kəmərlərini bağlayan deyil. İran, İraqın federal qüvvələri və İranın dəstəklədiyi şiə döyüşçülər də kürdlərin döyüş əzminə ciddi təhdid yaratmayacaqlar.

Ayatollah Ali Khamenei və Haider al-Abadi
Ayatollah Ali Khamenei və Haider al-Abadi

“İran və Türkiyə tərəfdən verilən bəyanatların niyyəti, görünür, öz ölkələrindəki kürdlərin daha böyük separatçılıq cəhdlərini önləməkdir”, – BBC yazır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG