Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 11:16

İraq məhkəməsi 15 türkiyəli qadına edam hökmü çıxarıb


İraq məhkəməsi 15 türk qadını özünü İslam Dövləti adlandıran ekstremist qrupa qoşulduqlarına görə ölüm cəzasına məhkum edib.

AzadlıqRadiosu yazır ki, fevralın 25-də İraq məhkəməsi daha bir türk qadına eyni ittihamla ömürlük həbs cəzası verib.

Hakim Abdul-Sattar al-Birqdar deyib ki, bu qadınların terrorçu qruplaşmaya üzv olduqları isbat edilib və onlar İD terrorçularına ərə getdiklərini və onlara terrorçu aktların törədilməsində kömək göstərdiklərini etiraf ediblər.

İraqda hazırda İD üzvü və ya İD döyüşçülərinin qohumu olduqlarına görə azı 560 qadın və 600 uşaq məhbusdur.

Ötən yanvarda İraq məhkəməsi bir alman qadını İD döyüşçülərinə dəstək verdiyinə görə ölüm cəzasına məhkuim etmişdi. Fevral ayında daha bir türk qadın edam cəzasına məhkum edilib.

Human Rights Watch təşkilatı bu hökmləri “ədalətsiz” olaraq pisləyir.

Təşkilatın İraq və Qətər üzrə təhqiqatçısı Belkis Wille yazır ki, Bağdad məhkəməsi fevralın 19-da 11 türk və bir azərbaycanlı qadını məhkum edib. Türk qadınlardan biri edam cəzasına məhkum olunub. Qalan müttəhimlər ömürlük həbs cəzasına məhkum ediliblər.

The Independent qəzeti fevralın 19-da yazırdı ki, ölüm cəzasına məhkum edilmiş Türkiyə vətəndaşı olan qadının 48 yaşı var.

Qəzet yazır ki, ölüm hökmü dövlət tərəfindən verilmiş müdafiə vəkilləri qrupunun etirazlarına rəğmən elan edilib. Vəkillər deyirdilər ki, 11-i Türkiyədən, biri Azərbaycandan olan qadınlar bilavasitə zorakılıq törətməyiblər.

Azərbaycandan olan qadın deyib ki, Türkiyəyə əri ilə görüşmək üçün gedib, lakin oradan özünün xəbəri olmadan əri ilə görüşdürülmək üçün İraqdakı İŞİD istehkamına aparılıb.

Britaniya və ərəb mediasının Angie Omrane adlandırdığı qadın deyib: "Mən ərimlə internetdə tanış olmuşdum. O mənə Türkiyədə görüşməyi təklif etmişdi. Amma araçı mənə hara olduğunu demədən maşınla məni gələcək ərimin yanına aparacağını dedi. Mən elə bilirdim ki, biz Türkiyə ərazisindəyik, amma Suriyaya gəlib çıxdığımı başa düşdüm. Oradan ərim məni İraqa apardı”.

İraqda məhbus olan “İD qadın və uşaqlarının” Bağdad hökumətinə kürd qüvvələri tərəfindən təhvil verildiyi məlumdur.

Kürdüstan regionunun Rudaw internet saytı yazır ki, kürd rəsmiləri bu ərazidəki İŞİD döyüşçülərinin kimliyinin müəyyənləşdirilməsi üçün xüsusi təhqiqat qrupu yaradıblar.

Məqalədə ABŞ-da mənzillənmiş Qlobal Strateji Qrupa istinadən bildirilir ki, azı 1200 cihadçı Avropaya, 900 cihadçı Türkiyəyə, 800-ü Tunisə və 760-ı Səudiyyə Ərəbistanına qayıdıb.

Bu qrup həmçinin “Türkiyədə saxlanmış, deportasiya olunmuş və ya Türkiyə ərazisinə buraxılmamış əcnəbi döyüşçülərin” statistikasını verib.

Türkiyədə indiyədək saxlananların sıyahısına salınanların 7500-ü Səudiyyədən, 4600-ü Tunisdən, 4000-i Rusiyadan, 2650-si Tacikistandan, 2800-ü Mərakeşdən, 1650-si Azərbaycandan, 2600-ü Fransadan və daha 1900-ü Qazaxıstandan olub.

İraq hökuməti İslam Dövləti ekstremist qruplaşması üzərində qələbəni ötən dekabrda elan edib. İD 2014-cü ildən bəri nəzarətdə saxladığı bütün İraq torpaqlarından çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG