Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:12

İranlılar Ağ Evin immiqrasiya qadağasına etiraz edirlər 


ABŞ-da yeni immiqrasiya qanununa etiraz edilir, etirazçılar John F. Kennedy Beynəlxalq Aeroportuna doğru, 28 yanvar 2017

Ağ Evin İran vətəndaşlarına viza verilməsini müvəqqəti dayandırması iranlıları məyus edir.

ABŞ-ın yeni prezidenti Donald Trump-ın hələ seçki kampaniyası dövründə söz verdiyi bu qadağa 2015-ci ildə Tehranın ABŞ və dünyanın digər güclü dövlətləri ilə imzaladığı nüvə sazişini təhlükə altına alır. Trump-ın özü həmin sazişə yenidən baxmağa söz verib. Həm ABŞ-da, həm də İranda mühafizəkarlar Birləşmiş Əhatəli Fəaliyyət Planı adlanan bu sazişə qarşıdırlar.

Bəzi İran mənşəli amerikalılar ABŞ prinsiplərinə qarşı çıxan iranlılara immiqrasiya qadağası qoyulmasına çağıranlar arasında idilər.

Buna da bax: Trump-ın fərmanı ilə müsəlman qaçqınları ABŞ-a buraxmadılar

OSCAR LAUREATINA AİD OLACAQMI?

Hazırda Nyu Yorkda yaşayan, bir vaxtlar İranda siyasi məhbus olmuş keçmiş tələbə fəal Mehdi Arabshahi Trump-ın İran vətəndaşlarına, ən azı, 30 günlük viza qadağası qoyması barədə xəbərlərə cavab olaraq soruşub ki, bu qadağa “Oscar” mükafatı laureatı olan iranlı kinorejissor Asghar Farhadiyə də şamil ediləcəkmi. Farhadi bu həftə özünün "Səyyar satıcı" ("The Salesman") filminə görə ikinci dəfə “Oscar” mükafatına namizəd göstərilib.

İranlı aktrisa Taraneh Alidoosti, Fransa, 69-cu Kann Film Festivalında, 22 may 2016
İranlı aktrisa Taraneh Alidoosti, Fransa, 69-cu Kann Film Festivalında, 22 may 2016


İranda yaşayan, sözügedən filmdə baş qadın rolunu ifa edən aktrisa Taraneh Alidoosti “Twitter”də ABŞ-ın bu qadağasını "irqçi" adlandırıb. O, etiraz əlaməti olaraq “Oscar” mərasiminə qatılmayacağını bildirib.

Los Ancelesdə yaşayan yazıçı və incəsənət kuratoru, Brown Universitetinin keçmiş professoru Shiva Balaghi də bu addımı tənqid edib.

16 yaşlı tehranlı tələbə Ali gələcəkdə Amerikada universitet dərəcəsi almaq istəyir.

"İranlıların niyə hədəfə alındığını anlamıram. Biz terrorçu deyilik, İrandan bircə nəfər də terrorçu çıxmayıb", – Ali çət vasitəsilə AzadlıqRadiosuna (RFE/RL) deyib.

İRANA İTTİHAMLAR

ABŞ rəsmiləri İranı 1996-cı ildə Səudiyyə Ərəbistanındakı Xobar Qüllələrini bombalayan terrorçu qrupu dəstəkləməkdə ittiham edib. Bu hücum zamanı 19 ABŞ hərbçisi həyatını itirmişdi. Bundan başqa, ABŞ İran əsilli bir amerikalını Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə qəsd planındakı roluna görə 25 illik həbs edib.

Səudiyə Ərəbistanı, partlayış baş verən və ABŞ hərbçilərinin olduğu bina, 25 iyun 1996
Səudiyə Ərəbistanı, partlayış baş verən və ABŞ hərbçilərinin olduğu bina, 25 iyun 1996

Argentina hökuməti İranı 1994-cü ildə Buenos Ayresdəki yəhudi mərkəzinə hücumda ittiham edir. Hücumda 85 nəfər həlak olmuş, 300-dən çox adam yaralanmışdı. Tehran bu ittihamları rədd edir.

Ali ümid edir ki, Trump öz qərarını dəyişəcək:

"Mənim arzum daha yaxşı gələcəyim olsun deyə Amerikada oxumaqdır. Ümid edirəm, bu qadağa arzumun sonu demək olmayacaq".

Tehranda yaşayan iki uşaq anası Hengameh deyir ki, ABŞ-ın bu qərarı onu təhqir edib. Onun özü Amerikaya getməyi planlaşdırmasa da, orada qohumları olanların işinin çətinləşəcəyini anlayır.

REJİMİ HƏDƏFƏ ALMAQDANSA...

İslam inqilabından sonra İranla diplomatik münasibətlərini kəsən Vaşinqton İrandakı diplomatik maraqlarını İsveçrə hökumətinə həvalə edib. Onsuz da bunun nəticəsində ABŞ vizası almaq istəyən İran vətəndaşları müsahibə və hazır sənədlərini götürmək üçün üçüncü ölkəyə getməli olurdular.

"Bu ayrıseçkilikdir. İranlılar belə münasibətə layiq görülmək üçün nə ediblər axı? Biz elə hey eşidirik ki, iranlılar ABŞ-da ən uğurlu mühacirlərdəndirlər. O zaman bu qadağanın səbəbi nədir?” – deyə Hengameh soruşur.

Donald Trump yeni sənədi imzalayarkən, 27 yanvar 2017
Donald Trump yeni sənədi imzalayarkən, 27 yanvar 2017

"Rejimi hədəfə almaqdansa, Trump xalqı cəzalandırır", – deyə bir oxucu Radio Farda-nın “Facebook” səhifəsindəki şərhində yazıb.

"ABŞ-ın İran xalqı ilə problemi olmadığını iddia edənlər, buyurun, baxın", – başqa bir oxucu yazıb.
"Bu və oxşar qanunların qəbulu yalnız İran xalqına ziyan vuracaq. Amerikaya hökumət səviyyəsində səfərlərə heç bir təsiri olmayacaq", – başqa bir şərhdə deyilir.

XS
SM
MD
LG